“Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır”

Prezident İlham Əliyev: Gün gələcək bizim bayrağımız Şuşada da qaldırılacaq

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin birinci mərhələdə bərpası artıq uğurla başa çatdırılıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində qısa müddətdə, yüksək keyfiyyətlə aparılan bərpa işlərindən sonra indi bu kənddə həyat əvvəlki axarına qayıdaraq sakinlərinin 24 illik yurd həsrətinə son qoydu. Ən başlıcası isə bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqlədi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son anadək mübarizə aparacaq, doğma ellərindən didərgin salınmış insanları öz yurdlarına qaytaracaq. Məhz bunlara görədir ki, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi xalqımızda dövlətinə və rəhbərinə olan inam hissini daha da gücləndirib.

Ali Baş Komandanın Cocuq Mərcanlıya səfəri: Dünyaya sülh mesajı

Qeyd edək ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atdı. Məhz ulu öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində bu gün  Füzuli rayonunun mərkəzi statusunu daşıyan Horadiz qəsəbəsi ilə yanaşı, rayonun 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin həmin müddətdən keçən dövr ərzində təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu Cocuq Mərcanlı kəndi 2016-cı ildən Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı.

Hələ 2016-cı ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən işğal altında qalan torpaqlarımıza qayıdacağımıza bir daha əminlik yaratdı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir.

Belə ki, həmin sərəncamla adıçəkilən kəndin yenidən qurulması və sakinlərin doğma yurd-yuvalarına qayıtmaları əslində Azərbaycanda Böyük Qayıdış proqramının başlanğıcıdır. Bu, eyni zamanda, bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissinin daha da gücləndirilməsidir. Sərəncamda da vurğulandığı kimi, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.

Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmış və bu məqsədlə birinci mərhələdə aparılan bərpa işləri uğurla başa çatdırılmışdır. Möhtərəm Prezidentimizin iyunun 14-də  “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı imzalamasından ötən müddətdə görülən işlərlə tanışlıq məqsədilə həmin yaşayış məntəqəsinə səfəri də özlüyündə mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmçinin dünyaya bir sülh mesajıdır.

Böyük Qayıdışın başlancığı: əsl vətənpərvərlik və fədakarlıq nümunəsi

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olmaq məqsədilə kəndə səfəri çərçivəsində əvvəlcə yeni salınmış kənd yolunun açılışını edib. Qeyd edək ki, ümumi uzunluğu 9 kilometr, eni 12 metr olan, iki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.

Sonra Prezident İlham Əliyev kənd sakini Oqtay Həziyevin evi ilə tanış olub. Xatırladılıb ki, səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir.

Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edən Prezident İlham  Əliyev ailə başçısının “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı deyib: “Bilirsiniz ki, bir neçə ay bundan əvvəl mənim göstərişimlə Azərbaycanda dövlət ordenləri sırasına yeni orden də əlavə olundu - “Əmək” ordeni. Bu qərar ona görə qəbul edildi ki, bu gün biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyevlər ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci “Əmək” ordeni və birinci dərəcəli orden Oqtay Həziyevə verilir”.

 

... Bu gün Cocuq Mərcanlıda yeni bir mərhələnin başlanğıcı qeyd olunur…

Prezident İlham Əliyevə kənddə görülən digər işlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki,  Cocuq Mərcanlının küçələrində işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.

Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilən sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Cənab İlham Əliyevə, eyni zamanda, məlumat verilib ki,  birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunan 96 şagird yerlik məktəblə də tanış olub. Bu tədris ocağında Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, kəndin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.

 

...Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür...

Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşündə deyib: “Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi”.

Dövlətimizin başçısı bu gün Cocuq Mərcanlıda yeni bir mərhələnin başlanğıcının qeyd edildiyini diqqətə çatdırıb. Xatırladıb ki, burada yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Növbəti mərhələdə ən azı 100 əlavə ev inşa olunacaq  və kənd sakinləri doğma yurdlarına qayıdacaqlar. Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar.

 

... Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır

Prezident burada Şuşa məscidinin bənzəri olan məscidlə də tanış olub. Cənab İlham Əliyevə məlumat verilib ki, bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Dövlətimizin başçısının dediyi kimi, bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır: “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”.

Məscidlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən müqəddəs ocağın minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir.

Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Məscidlə tanışlıqdan sonra qəsəbənin ərazisini gəzən Prezident İlham Əliyevə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə  görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, bu məqsədlə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.

 

Qələbə əzminə söykənən daha bir mühüm sərəncam: Artıq kəndin bərpasının ikinci mərhələsi başlayıb

Cocuq Mərcanlı kəndində görülən işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” istər ölkəmizin, istərsə də məcburi köçkünlərin həyatında olduqca mühüm önəm daşıyan daha bir sərəncam imzalayıb. Bu sərəncamda da vurğulandığı kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və Cocuq Mərcanlı kəndinin respublikamızın müxtəlif bölgələrində məskunlaşmış sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, iyunun 15-də imzaladığı növbəti sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayırıb.

Bəli, azğın düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə qısa bir zamanda bərpa olunaraq ikinci həyatına qovuşur. Bu, torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.

Heç şübhəsiz, bütün bu uğurlara ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafı sayəsində nail olunur. Belə ki, qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün Azərbaycanın sosial-iqtisadi sahələrində mühüm islahatlar həyata keçirilir. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl danışıqlar aparılır, sülhün əldə olunmasına, bu yolla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çalışılır.

Əlbəttə, münaqişə belə təqdirdə nəticələnməsə, Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilmək səlahiyyətini özündə saxlayır. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Dövlətimizin başçısının dəfələrlə bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da təsadüfi deyil.

Bu gün Ermənistanda da yaxşı bilirlər ki, Azərbaycan sosial-iqtisadi sahələrdə dinamik inkişaf etdiyi kimi, ordu quruculuğunda da gündən-günə güclənir, qüdrətlənir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və bu işlərin davam etdirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlar da məhz bu gücün, bu qüdrətin, xalqımızın, bütün məcburi köçkün soydaşlarımızın dövlətinə və Prezidentinə inamın bariz ifadəsidir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993