Qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi bütün Avropa ölkələrinə yaxşı nümunədir

AŞPA-nın yay sessiyasında bir günün yalnız miqrant və qaçqınlar mövzusuna həsr edilməsi təsadüfi deyil. Gün ərzində mövzu ilə bağlı 4 məruzə dinlənilib və müzakirə olunub. Miqrant və qaçqın problemi bu gün bütün dünyada, eləcə də Avropada ən ağrılı problemlərdəndir.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib: “Qaçqın və məcburi köçkün məsələsi Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın hərbi təcavüzü nəticəsində artıq 25 ildir ki, ölkəmiz qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan hökuməti doğma yurdlarından didərgin düşən vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.

Qaçqın və məcburi köçkün məsələsində Azərbaycanın zəngin təcrübəsi var və o, bütün Avropa ölkələri üçün yaxşı nümunə ola bilər. Ancaq ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkün məsələsini birdəfəlik, kökündən həll etmək üçün Azərbaycanın işğal altındakı torpaqları azad edilməli və doğma yurdlarından didərgin düşən soydaşlarımız öz evlərinə qayıtmalıdır”.

“Bu gün fürsətdən istifadə edib Ermənistanın işğalçı siyasəti ilə bağlı faktları Avropa parlamentarilərinə bir daha çatdırdıq”, - deyə Sahibə Qafarova vurğulayıb.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993