Qələbə əzminə söykənən daha bir mühüm sərəncam

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı növbəti sərəncamı ölkə icitmaiyyəti kimi məcburi köçkünlər tərəfindən də yüksək qiymətləndirilir

Xəbər verildiyi kimi, Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin birinci mərhələdə bərpası artıq uğurla başa çatdırılıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində qısa müddətdə, yüksək keyfiyyətlə aparılan bərpa işlərindən sonra indi bu kənddə həyat əvvəlki axarına qayıdaraq sakinlərinin 24 illik yurd həsrətinə son qoydu. Ən başlıcası isə bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqlədi ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son anadək mübarizə aparacaq, doğma ellərindən didərgin salınmış insanları öz yurdlarına qaytaracaq. Məhz bunlara görədir ki, Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı prosesi xalqımızda dövlətinə və rəhbərinə olan inam hissini daha da gücləndirib.

Azğın düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə qısa bir zamanda bərpa olunaraq ikinci həyatına qovuşur. Bu, torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir. Çünki bu gün doğma Qarabağımızın bir parçası olan Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, bu kənddən olan insanlar doğma ocaqlarına qayıdır. Düzdür, indiyədək də ərazilərinin bir hissəsi işğal altında olan Ağdam, Füzuli rayonlarının ərazisində bu bölgələrdən olan məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb və onlardan çoxu birbaşa doğma kəndlərinə deyil, rayonun ərazisinə qayıdıblar. Lakin sevindirici və qürurverici hal odur ki, onlardan fərqli olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən məcburi köçkün düşənlər birbaşa ata-baba ocaqlarına, doğma kəndlərində salınan qəsəbəyə köç edirlər.

Qeyd edək ki, iyunun 14-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” cari il yanvarın 24-də imzalanmış sərəncamdan sonra görülən işlərlə tanışlıq məqsədilə həmin yaşayış məntəqəsinə səfəri zamanı kənddə görülən işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” istər ölkəmizin, istərsə də məcburi köçkünlərin həyatında olduqca mühüm önəm daşıyan daha bir sərəncam imzalayıb. Sərəncamda da vurğulandığı kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 ev, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpasını Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və Cocuq Mərcanlı kəndinin respublikamızın müxtəlif bölgələrində məskunlaşmış sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə çoxsaylı müraciətlərini nəzərə alaraq, iyunun 15-də imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” növbəti sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayırıb.

Dövlət başçısının Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı növbəti sərəncamı istər ölkə ictimaiyyəti, istərsə də məcburi köçkünlər tərəfindən böyük rəğbətlə və yüksək əhval-ruhiyyə hissi ilə qarşılanmışdır. Bunu ölkə Prezidentinə tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, sıravi vətəndaşlar, xarici ölkələrdə yaşayan soydaşlarımız, xüsusilə də məcburi köçkünlərimz tərəfindən ünvanlanmış çoxsaylı teleqramlar, Dövlətqaçqınkoma və müxtəlif dövlət strukturlarına daxil olan məktub və müraciətlər də özlüyündə bir daha təsdiqləyir.

Qeyd olunur ki, cənab Prezidentin imzaladığı bu sərəncamlar və bu sərəncamlara uyğun həyata keçirilən tədbirlər işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesaj olmaqla yanaşı, dövlətimizin başçısının qətiyyətindən xəbər verir. Bununla Azərbaycan bir daha dünyaya bəyan edir ki, öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və belə bir əminlik ifadə olunur ki, cənab Prezidentin rəhbərliyi altında düşmən tapdağında olan digər ərazilərimiz də tezliklə işğaldan azad  ediləcək və bütün məcburi köçkünlərimiz doğma ellərinə qayıdacaqlar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993