Şuşanın dağları...

Qələbə yolumuz buradan da keçəcək

“...Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Heydər Əliyev

Ümummilli lider

Əsrlərin qovğasından sıyrılıb bu gündə mənzilləşən həqiqətlər sırasında neçə ömrə bəs etməyəcək incəliklərin ən böyüyü itkidir. Gün, ay, il itkisini bəzən əvəzləmək mümkün olduğu halda, insanın təkcə özünün yox, millətinin itkisini əvəz etmək mümkünsüzdür. Millətin ən böyük itkisi isə yurd, vətən itkisidir.

Dağ-dağ, çəmən-çəmən, qaya-qaya, zərrə-zərrə itirilənlərin bütöv bir Vətən, Tarix, Şərəf itkisi olduğu çoxlarının eyninə belə gəlmədiyi indiki günlərdə ömrümün 29 illik uzaqlığında kəndimizdən başlanan İtki yolunun bir gün Şuşadan da keçəcəyini istəməsəm də indi bir həqiqətlə üz-üzəyəm ki, Soyuqbulaq yaylağının başındakı dumanla Şuşa dağlarının başındakı dumanın fərqi yoxdur. Soyuqbulaq dağları da Şuşa dağları kimi sinə dağı, göz dağı, baş aşağılığı, ləyaqət utanclığı, şərəf göynəyi, nə vaxtsa son və qəti savaşa atılacağımızdan gileyli Vətəndir. Bu gileyi  baş ucalığına, ləyaqət qüruruna, şərəf sevincinə döndərmək boyun borcumuzdur.

Şuşa təslim olmalıydı...

Çünki kiçik kəndimizdən başlanan yiyəsizlik, rəhbərsizlik, bütün bunların özülü üstündən keçən qaçqın yolunun layihəsi bax, elə burada, 29 il yol gəlib bu sətirləri yazdığım Zamanın müvəqqəti məskunlaşdığı Bakıda qoyulmuşdu. Göyçə, Qaraqoyunlu 1920-ci ildə əldən gedib böyük itkilər sırasına yazılmayanda, Zəngəzurun itkisindən söz açılmayanda, düşmənin düşmənçiliyinə dostluq boyası vurulanda düşmən ocaq başında oturub Şuşanın, Ağdamın, Cəbrayılın sinəsinə 100 ildən çox gedilən “Böyük Ermənistan” yolunun heç olmasa çığırlarını salmaq istəyirdi.

Bizlər vəzifədə bir-iki pillə də qalxmaq üçün erməni könlünə də yol tapmaq yolunu fikirləşərkən əzəli düşmənlərimiz bizim hansı yolun yolçusu olduğumuzu bildiklərindən öz yollarını öncə bizim yanımıza deyil, o vaxt itaətində olduğumuz Moskvanın, okeanın o tayındakı, bu tayındakı məsələ həll edənlərin ürəyinə, düşüncəsinə, fəaliyyətinə salırdılar. Daş, qaya, bataqlıq olub bir-birimizin yolumuzu kəsdiyimizdən həmin düşmənlərin yolunu kəsməyə vaxtımız olmurdu. Nəhəng bir dövlətin idarə olunması üçün Moskvaya dəvət edilən və orada Milləti, Vətəni üçün yenə də böyük işlər görən ağsaqqalımızın arxasınca o qədər mayası böhtan, qərəz olan məktublar, teleqramlar yolladıq ki, bizə düşmən gərək olmadı. Və bu da danılmaz həqiqətdir ki, rəqabət olmayan yerdə tənəzzül təbiidir. Bu da təbiidir ki,

Yurda yağı əli uzananda onu kəsərlər

Bizsə düşmənin əlini yox, “Torpaqdan pay olmaz”, - deyə haray qoparan dilləri kəsmək üçün nələr, nələr etmədik. Bizlər özümüz-öz səsimizi kəsdikcə Murğuz dağının o üzündəki, Soyuqbulaq yaylağının ətəyindəki kiçik kəndim Yanıqpəyədən kəsilən türk səsi, Vətən yolu kimi Dağlıq Qarabağda da neçə-neçə kəndin yolları kəsildi. Kəsilən yollardakı başkəsənlərin hələ neçə-neçə kənddən, şəhərdən türk səsini kəsəcəyini ağlımız kəsmədiyindən yenə də xalqın haqq səsini kəsməyə üstünlük verdik. Göyçədəki, Zəngəzurdakı, Zəngibasardakı dəhşətlərin lent ömrü kimi, Ağdabanın, Xocalının faciəsi hopan lentləri də kəsib doğradıq.

Başqa xalqların həsəd apardığı ağsaqqalımızın gerçəkliyi və çıxış yolunu sadalayan məntiqi qarşısında aciz olduğumuzdan gücümüz reqlament bəhanəsiylə mikrofonu kəsməyə çatdı. O böyük Şəxsiyyət çərənləmələrə, sərsəmləmələrə, boşboğazlıqlara “kəsin səsinizi”,-deyəndə də ağlımız kəsmədi ki, düşmən Xocalının, Şuşanın başı üstünü kəsib, sabah Ağdama, Zəngilana, Laçına, Qubadlıya, Kəlbəcərə, Cəbrayıla da girib qanlar tökəcək, başlar kəsəcək, yüz minlərlə insanı yurdundan-yuvasından didərgin salıb onların sevincini, rahatlığını kəsib atacaq, əvəzində ağrılar, məşəqqətlər verəcəklər.

Xocalı soyqırımından sonra düşmən duruş gətirə bilməyəcəyini yaxşı bildiyindən, yuxusu ərşə çəkiləndə, bizim yenə də gerçəkliyi yox, önümüzdəki, yanımızdakı vəzifə kreslolarına görə qəti savaşa girməyimiz, vəzifəni əldən verməmək üçün dəridən-qabıqdan çıxdığımız anlarda

 

Şuşa əldən gedirdi

Onda başı kreslo davasına qarışanların yatan vicdanlarını oyatmaq, torlanmış gözlərini açmaq üçün Şuşadan gələn informasiyaların məntiqini qəzetimizin adından da yuxarı çıxarmışdıq: “Şuşa əldən gedir”. Yenə vəzifə üçün əldən-ayaqdan gedənlər televizorda görünüb un, qənd kisələrini göstərdilər, “Şuşa əldən getmir, camaata yardım edirik”,-dedilər.

Yenə yazdıq “Şuşa əldən gedir, düşmən qarşısına un, qənd kisələri ilə çıxılmır”. Yenə qınandıq, yenə hədələndik, yenə “Vətən səsi”nin Şuşanın əldən gedəcəyini bildirən səhifəsi qayçılandı, kəsildi.

Şuşanı qorumaq üçün yığışan igidlərə rəhbərliyin Rəhim Qazıyev kimi müəmmalı adama tapşırılması və nəhayət, Şuşanın verilməsindən sonra “öz işinə qayıdan” Ayaz Mütəllibovun maymaqlığının 15 may 1992-ci il inqilabından sonra yenidən sübut olunması isə bu gün tariximizdə ləkəli vərəq olsa da, ən böyük ləkə Şuşanın hələ də düşmən əlində olmasıdır...

Böyük işləri bir qayda olaraq Böyük Şəxsiyyətlər gördüyündən Vətənin işğaldan azad olunması yolunun əzəli də bu günlərdə yenə bənzərsiz ömür yolunun anımına ehtiramla toplaşacağımız Heydər Əliyevdən başlayır.

8 may Şuşa faciəsi günü ilə 10 may Heydər Əliyevin anadan olduğu gün arasında 9 may da var - faşizm üzərində Qələbə günü və Ulu Öndərimizin göstərdiyi yolda cənab İlham Əliyevin öndərlik etməsindən yaranan məntiq də deyir ki, biz mütləq erməni faşizmi üzərində qələbə çalacağıq. O gün nə vaxt gələcək bilinmir. Amma mütləq gələcək. Çünki biz artıq Cocuq Mərcanlıdan böyük Qələbəyə gedən yoldayıq. Bütün qələbələrimizə aparan yol isə həm də Şuşadan keçəcək, mütləq keçəcək!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993