Almaniyalı professor: Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll edilməlidir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Almaniyanın Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri professor Eva Maria Aux ilə görüşüb.

Görüşdə almaniyalı professora Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, bugünkü siyasi durumu, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi, bu problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb. Nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, təcavüzkar ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.

Bunlara baxmayaraq, Azərbaycanın öz torpaqlarının işğal altında qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunan ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran komitə sədrinin müavini bütün bunların Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin timsalında “Böyük qayıdış”ın kiçik bir nümunəsi kimi reallaşacağını bildirib.

Professor Eva Maria Aux münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. Görüşdə, eyni zamanda, qonağı maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qonağa Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” və “Xocalı soyqırımı” kitabları təqdim edilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993