Azərbaycan regionda sabitləşdirici amildir, təşəbbüsləri əməkdaşlığın genişlənməsinə və təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib

Dövlət başçısı deyib ki, biz bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk, bu da həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir

Bu gün Azərbaycan mühüm regional iqtisadi və siyasi ölkə mövqeyindədir və dünyada çox əhəmiyyətli beynəlxalq tədbirlər mərkəzinə çevrilib. Reallıqdır ki, hazırkı dövr olduqca gərgin, sonu bilinməyən hadisə və proseslərlə müşahidə olunur. Buna görə də siyasi, iqtisadi müstəqillik, bərabər hüquqlu, etimada, etibara, maraqları təmin etməyə əsaslanan əməkdaşlıq hər bir dövlətin, xalqın varlığında, yaşamasında çox mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bugünkü olduqca gərgin, coğrafiyası genişlənən kataklizmlər və belə beynəlxalq şəraitdə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi barədə deyib: “Əfsuslar olsun ki, dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ ki, çox gərgindir. Mövcud olan münaqişələr, qanlı toqquşmalar davam edir. Yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi addımlar atılmamışdır. Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək”.

Dövlət başçısının bu ilin ilk rübündə 7 xarici səfəri də həm ölkəmizin əməkdaşlığının genişlənməsinə və təhlükəsizliyinin təmininə, həm də ümumən qarşılıqlı siyasi və iqtisadi pozitiv münasibətlərin genişlənməsi ilə beynəlxalq sülhə, birgəyaşayışa, dözümlülüyə töhfə verir. Bu yaxınlarda paytaxtımızda keçirilən V Qlobal Bakı Forumunda ölkə rəhbərliyi dünya siyasi arenasında qarşıdurmaların və müharibələrin qarşısını almaq üçün mümkün olan iqtisadi, siyasi və sosial əməkdaşlığın kifayət qədər pozitiv təsirini açıqladı və dövlətimizin sülhpərvər siyasətini bir daha təsdiq etdi.

Ölkəmizin dünyanın mühüm tədbirlərinin keçirilən məkanı seçilməsi regionun sabitlik adası və beynəlxalq siyasi nüfuza sahib olmasının nəticəsidir. Bu mövqe, təbii ki, dövlətin daxili və xarici siyasəti ilə bağlıdır. Təsadüfi deyil ki, bu il ABŞ-ın yeni administrasiyasının hərbi komandanlığı, yəni, ABŞ ordusunun baş qərargah rəisi ilə Rusiyanın baş qərargah rəisi ilk dəfə olaraq məhz Bakıda görüşdülər. Beləliklə, regionda və dünyada gedən proseslər dövlət başçısının nəzərindədir, gözlənilən və gözlənilməz təhlükələrdən, təhdidlərdən qorunmaq üçün bütün tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyev Forumda da humanitar, insanlıq faciə və fəlakətlərindən çox ətraflı və aydın danışmışdır: “İnsanlar gərgin regionlardan daha sakit, stabil ölkələrə axın edərkən orada-Avropada onları heç də xoşbəxtlik gözləmir. Bu miqrantları təhqir, təhdid, tikanlı məftillər, qəfəs gözləyir. Hətta kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, Avropada xeyli uşaq yox olub. Bundan başqa, həmin KİV-də miqrantların qeyri-əxlaqi hərəkətlərindən geniş materiallar verilməkdədir. Bu da avropalıların emosiyalarını qızışdırmaqdadır. Nəticədə bu demoqrafik şərait fonunda sağ qüvvələrin reytinqi daim artır. Onlar hakimiyyətə gəlsələr, sivilizasiyalararası münasibətlər çox faciəli səviyyəyə çata bilər. Beləliklə, Azərbaycanın multikulturalizm həyat tərzinin nümunə kimi dünyaya nümayişinin nə qədər əhəmiyyətli olması aydın olur”.

Bizim cəmiyyətimiz, hər bir vətəndaş və insan bütün bu reallıqları bilməlidir - deyən Prezident vurğulayıb ki, artıq həm yaşadığımız bölgə, həm dünya dəyişib. Bu fonda Azərbaycan, öz yoluyla gedir, multikulturalizmin prioritet olduğu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı təmin edən, regionların, ölkələrin sosial-inkişafına şərait yaradan siyasətini aparır, ölkəmiz heç bir qüvvəyə tabe deyil və heç kimin sözü ilə durub-oturmur. Düşünülmüş siyasətin sayəsində bu gün Azərbaycanda inkişafın dinamizmi qorunur və sabitlik əsaslıdır, möhkəmdir.

Azərbaycan Prezidenti V Qlobal Bakı Forumunun rəsmi açılışındakı nitqində ölkəmizin xarici siyasətinin mahiyyəti, dünyada baş verən siyasi və humanitar böhranın dövlətlərin daxili işinə siyasi və hərbi müdaxilənin hesabına olduğu barədə deyib: “Qeyd etdiyim kimi, biz hələ də çox ciddi çağırışlar, müharibə, münaqişə və miqrant böhranı ilə üzləşirik. Bu, böyük bir humanitar fəlakətdir. Eyni zamanda, miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif regionları arasında anlaşmanın azalmasına səbəb olur. Çünki o, miqrantların üz tutduğu ölkələrin əhalisi üçün müəyyən narahatçılıq yaradır. Ancaq bu, yalnız baş verən hadisələrin nəticəsidir”.

Həm qaynar nöqtələrdə həm də miqrantların axışdığı regionlarda və ölkələrdə yaranan problemlər çox təhlükəli, bəlkə bütün bəşəriyyəti fəlakətə, uzun müddətli insan faciələrinə aparan hadisələrdir. Bu axın miqrantların üz tutduğu ölkələrin əhalisi üçün hazırki iqtisadi və maliyyə böhranının davam etdiyi şəraitdə bir çox narahatçılıq və təbii ki, problemlər yaradır.

Dövlət başçısı bu prosesin səbəbinin düşünülməmiş siyasətin reallaşdırılması sayəsində baş verdiyi barədə deyib: “Beş-on il bundan əvvəl miqrant böhranı baş vermirdi. Bu, yaxın keçmişdə məhz qeyd etdiyim səbəblər üzündən baş verməyə başladı. Hesab edirəm ki, bu, Yaxın Şərq dövlətləri ilə bağlı düşünülməmiş siyasətin nəticəsidir. Beləliklə, nə baş verir? Hazırda qaynar nöqtələrdə yaranan milli-dini zəmində qarşıdurma, toqquşma və müharibələr bütöv bir regionda xaos yaradıb. Müxtəlif məqsədli qruplaşmalar artır, xaotik vəziyyətdən istifadə edən böyük siyasi qüvvələr öz niyyət və məqsədlərini daha asan, hətta hakim rollarını öz üzərlərinə götürərək “həll edirlər”.

Bu gün insan faciəsinin səngimədiyinə, Yaxın Şərqdəki hadisələrin mahiyyətinə diqqəti cəlb edən Prezident deyib ki, enerji daşıyıcıları məkanında çox dəhşətli oyunlar gedir. Neft və qaz, təbii ki, həmin siyasi qüvvələrin əlindədir. Burada istifadə olunan silahlar da onların istehsallarıdır: “Artıq region sanki böyük bir hərbi-siyasi təcrübə meydanıdır. Burada uğurla sınaqdan çıxan silah və sursatın dərhal alıcısı da tapılır və həmin silah bazarının meydanı genişlənir. Digər tərəfdən, bu münaqişəyə cəlb edilmiş ölkələr öz müstəqil siyasətlərini yeridə bilmirlər. Dünyanın böyük siyasi qüvvələri hakim rolundadırlar”.

Hazırda İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axını mövcuddur. Dünyada ümumilikdə, 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşüb. Vətəndaşlığı olmayan şəxslərin sayı isə 10 milyona yaxınlaşıb. Bu, çox böyük bəşəri fəlakətdir və müasir şəraitdə miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biri kimi dünya ictimaiyyətinin və ölkələrinin qarşısında durur. Bu baxımdan Forumun gündəliyindəki məsələlər bütün dünya ictimaiyyəti və dövlətləri üçün çox aktualdır.

Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti vəd etsə də, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətlərinə görə yanaşırlar, “stop islam”, “multikulturalizmin gələcəyi yoxdur” deyirlər. Belə bir vəziyyət isə siyasi radikalizmə güclü stimul verən prosesdir və biz bunun gücləndiyini müşahidə edirik. Dövlət başçısı bəşəriyyəti çox böyük fəlakətə və qarşıdurmaya sürükləyən bu proses və onun qarşısının alınması üçün zəruri amillər barədə deyib: “Bu isə öz növbəsində miqrantların üz tutduğu ölkələrdə ilkin olaraq cəmiyyətin, daha sonra isə siyasi elitanın radikallaşması ilə nəticələnir. Beləliklə, təəssüflər olsun ki, seçki kampaniyaları zamanı ən cəlbedici siyasi şüarlar milliyyətçi və antimiqrant ruhuna çox yaxındır. Biz son aylar və illər ərzində bunun şahidi oluruq və bu, artıq bir tendensiyaya çevrilib ki, həmin tendensiya vəziyyətin inkişafını əvvəlcədən müəyyən edir. Bu səbəbdən hesab edirəm ki, qlobal gündəlikdə duran mühüm məsələlərdən biri həmin tendensiyanın istiqamətini dəyişdirməkdir. Özgələşdirmə və siyasi qarşıdurma, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmətə üstünlük verilməlidir”.

 Neofaşist və irqçi Ermənistan dövləti Şərqdə siyasi maraqlarını onların başı üzərindən reallaşdırmaq istəyən böyük siyasi güclərin dəstəyi ilə apardığı soyqırımı siyasəti ilə ərazimizin 20 faizini işğal edib, nəticədə xalqımız çox böyük faciələr yaşayıb, etnik təmizləməyə, qəddarlığa, maddi-mənəvi itkilərə məruz qalıb. Azərbaycan Prezidenti müasir dünyamızda humanitar fəlakətlərin bariz nümunəsi və bir hissəsi olan milli-dini zəmində baş verən toqquşma, müharibə, təcavüzkarlığın, irqi nifrətin bariz nümunəsi olan, beynəlxalq hüquq normalarına riayət etməyən təcavüzkar, militarist və monoetnik, irqçi Ermənistanın işğalı nəticəsində Azərbaycanın yaşadığı fəlakətlər barədə deyib: “Azərbaycan özü də erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Orada bütün infrastruktur dağıdılmış, bütün tarixi və dini abidələrimiz isə məhv edilmişdir. ATƏT oraya faktaraşdırıcı iki missiya çərçivəsində nümayəndə və müşahidəçi göndərmişdir. Onların hesabatlarında aydın bildirilir ki, orada bütün tikililər, Azərbaycanın tarixi irsi tamamilə məhv edilmişdir. Bu münaqişə Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdəndir”.

Məsələ ondadır ki, bəzən BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamə bir neçə gün ərzində icra olunur. Amma bu təşkilatın işğalçı orduların Azərbaycanın qəsb olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməsi barədə 4 qətnaməsi 25 ildir ki, kağız üzərində qalır. Bu kobud beynəlxalq hüquq pozuntusuna və hərbi cinayətə yanaşma isə ikili standartladır. Belə münasibət Ermənistanın monoetnik neofaşist dövləti kimi formalaşmasına və işğalı davam etdirməsinə güclü stimul verir. İnsan hüquqlarından ağızdolusu danışan siyasi qruplar, liderlər, dövlətlər, təşkilatlar isə Ermənistana qarşı heç bir cəza təklifi belə irəli sürməmişlər.

Azərbaycanın dövlət başçısı dünyanın ən nüfuzlu və işğalın qarşısını almaq mexanizminə malik BMT TŞ qətnamələrinin icra olunmamasına münasibət bildirərək demişdir: “Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə, beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir. Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər. Bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bax, o zaman bu, ədalət və vahid standartın göstəricisi olacaqdır. Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır”.

Beləliklə, Azərbaycan rəhbərliyinin mühüm beynəlxalq tədbirlərdə qaldırdığı məsələlər dünyada sülhə, birgəyaşayışa, əməkdaşlığa, bütün bəşəriyyətin əmin-amanlıq içərisində yaşamasına hesablanıb. Ölkəmiz dünya birliyinə müstəqil iqtisadiyyatı və siyasəti ilə uğurla inteqrasiya olunur. Bu proses həm siyasi, həm də iqtisadi sahədə müasir tələblərə uyğun və yüksək templidir. Siyasi nüfuz səviyyəsi, təbii ki, iqtisadi və humanitar əlaqələrdə də özünü aydın göstərir. Ölkəmizin bu istiqamətdə yürütdüyü siyasət müvəffəqiyyətli yekunlar verib və bu proses davamlı xarakter alıb. Beynəlxalq proseslərə diqqət etdikdə aydın görünür ki, bir sıra hallarda dövlətlərin iqtisadi mənafeləri qarşılıqlı maraqları təmin etmədikdə müxtəlif xarakterli siyasi, sosial kataklizmlər və hətta hərbi toqquşmalarla nəticələnir. Müasir dünya siyasətində baş verən proseslər, artıq sübut edir ki, ən doğru yol balanslaşdırılmış siyasət və beynəlxalq iqtisadiyyata milli mənafeni nəzərə almaqla inteqrasiya yoludur. Bu yolla gedən ölkəmiz ən pozitiv və perspektivli nəticələr qazanıb.

Müasir gərgin, siyasi, iqtisadi mübarizənin artdığı beynəlxalq şəraiti təhlil etdikdə, həqiqətən də, birgəyaşayış və inkişaf üçün qarşılıqlı maraqları ödəyən əməkdaşlıqdan və multikultural mühitdən savayı doğru istiqamət olmadığı bir aksiom kimi qəbul edilməlidir. Azərbaycanın bu istiqamətdəki xarici siyasəti ölkəmiz üçün çox uğurlu nəticələr verməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bugünkü riskli və təhlükəli beynəlxalq vəziyyətdə diplomatik əlaqələrimizin uğurluluğu barədə deyib: “Bax, sadaladığım ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Hətta bir-biri ilə o qədər də yaxşı münasibətlər qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa gəldikdə, tərəddüdsüz və birmənalı şəkildə bu əməkdaşlığın dərinləşməsinə maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə, xüsusilə bölgədə yerləşən ölkələrlə əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edir, həm də bölgədə əməkdaşlıq ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir. Eyni zamanda, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər çərçivəsində çox ciddi müzakirələr aparılır və görün, bizim beynəlxalq təmaslarımız nə qədər çoxşaxəlidir”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993