Şəhid Sarvan Natiq oğlu Mehralıyevin il mərasimi izdihamla keçdi

Aprel döyüşlərini bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandıran dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağının dalğalandığını vurğulamışdır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Ayın 2-də aprel döyüşlərində Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhid olan Sarvan Mehralıyevin böyüyüb boya-başa çatdığı Pirallahı rayonunda anım mərasimi keçirildi. Hərbi orkestr Azərbaycanın Dövlət Himnini və Əsgər Marşını ifa etdi. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi”nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, aparat rəhbəri Məhəmməd Məhərrəmov, şöbə müdiri Cövdət Mehdixanlı, Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov,  Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər, şəhid Sarvan Mehralıyevi dərin hüzn, eyni zamanda böyük qürur hissi ilə andılar.

Mitinqdə çıxış edən Vasif İmanov, Bayram Səfərov, Şahmar Usubov, Rasim Əliyev, polkovnik Abdulla Qurbani və digər natiqlər Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğuladılar.

Əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşmış Mehralıyev Sarvan Natiq oğlu 8 iyul 1997-ci ildə anadan olub, Bakı şəhəri, Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbi 2014-cü ildə bitirib. Qardaşı Namiqlə birgə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissədə xidmətə başlamışlar. Aprel döyüşlərinə qədər xidmətdə olduqları 10 ay  müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdilər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələ təpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edildi.

Tədbirdə Şəhidin anası Xatirə xanım dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Sarvanın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söylədi. Şəhidin qardaşı Namiq Mehralıyev Ali Baş Komandanın əmri olarsa Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduğunu dilə gətirdi, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər uğrunda, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırdı.

Mitinqin sonunda polkovnik Abdulla Qurbani elə bu gecə çapdan çıxmış, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nəşr olunmuş “Lələ təpə fatehləri” kitabının ilk nüsxəsini şəhid anası Xatirə xanıma hədiyyə etdi. Anım mərasimi şəhidin ruhuna dualar oxunması və ehsan süfrəsi ilə başa çatdı.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993