Mehriban Əliyeva: Aprel hadisələri dövlətimizin qüdrətini göstərdi

“Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq”

“Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi”.

Bu fikri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə bildirib.

Aprel döyüşlərinin Azərbaycanın böyük hərbi qələbəsi olduğunu söyləyən xanım Mehriban Əliyeva vurğulayıb ki, əsgərlərimiz Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatının qarşısını aldı, düşmənə layiqli cavab verdi. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər. İnam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik.

Birinci vitse-prezident erməni analarına da müraciət edib: “Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun! İşğal siyasətinə dəstək verməyin. Münaqişəyə tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993