Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı oldu

Bu gün dünyada qanlı toqquşmaların artdığı, hətta inkişaf etmiş əksər ölkələrdə iqtisadi böhranın ciddi çətinliklər törətdiyi bir vaxtda Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edərək milli mənafeyini, dövlətçilik ənənələrini yüksək səviyyədə qoruyur, müstəqil, balanslaşdırılmış siyasət yürüdür.

Cənab Prezident dəfələrlə bəyan edib ki, bu gün qarşımızda duran əsas strateji vəzifə müstəqilliyimizi daha da möhkəmləndirməkdən, ərazi bütövlüyümüzü bərpa etməkdən, Azərbaycanı bütün sahələr üzrə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaqdan ibarətdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz yurdlarına qaytarılması, bu təbəqədən olan vətəndaşlarımızın sosial-mənzil şəraitlərinin yaxşılaşdırılması bu gün də Azərbaycan dövlətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ilk müşavirəsinin də ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir əyani sübutudur.

Cənab İlham Əliyev qarşıda duran bu vəzifələrin uğurla reallaşdırılması üçün praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirir, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atır, ən optimal, düzgün qərarlar qəbul edir, ölkənin taleyüklü problemlərinə, ərazi bütövlüyünün təmin olunması istiqamətindəki proseslərə, qaçqın və məcburi köçkünlərimizin sosial problemlərinin həllinə daim həssaslıqla yanaşır.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Ölkə Prezidentinin həyata keçirdiyi mütərəqqi islahatlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hər bir ölkə vətəndaşı hiss edir ki, onun arxasında güclü Azərbaycan dövləti və Prezidenti, güclü Azərbaycan Ordusu var. Şanlı tarixə çevrilmiş 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiq etdi.

Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, ilk növbədə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələ təpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi.

Qeyd etmək lazımdır ki, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun 1993-cü ilin dekabrında başlamış, 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində azad edilən yaşayış məntəqəsidir. Ulu Öndər Heydər Əliyevin qurduğu ordu o zaman Füzuli rayonunun bir hissəsini Araz çayı boyu düşməndən təmizləmişdi. Ümummilli lider Heydər Əliyevin döyüş bölgəsinə şəxsən getməsi isə orduda böyük ruh yüksəkliyi yaratmışdı. Ordumuz 1993-cü ildə işğal olunmuş Cocuq Mərcanlıya qədər irəliləmiş və kəndi azad etmişdi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olması səbəbindən kənddə yaşayış qeyri-mümkün idi. Ermənilər Lələ təpə yüksəkliyindəki mövqedən Cocuq Mərcanlı istiqamətində daim təhlükə yaradırdılar.

2016-cı ilin aprel döyüşlərindən sonra bu təhlükə aradan qaldırıldı, Lələ təpədə Azərbaycan bayrağı ucaldıldı. Lələ təpə ərazisində əməliyyat şəraiti ilə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatı yüksək qiymətləndirib: “Lələ təpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələ təpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələ təpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsi hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, bütün qaçqın və məcburi köçkün soydaşlarımızın da böyük sevincinə səbəb oldu. Həmin kənddə həyatın normal axarına qayıtması, insanların təhlükəsiz yaşaması, əsaslı yenidənqurma, bərpa işlərinə başlanılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” tarixi sərəncamı dövlətimizin siyasi iradəsinin, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin real ifadəsi olmaqla, xalqımızın öz Prezidentinə sonsuz inamını, geriyə qayıdışa əminliyi daha da gücləndirdi.

Bu sərəncamdan bir neçə gün sonra - fevralın 10-da imzalamış “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” növbəti sərəncam özlüyündə böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətimizin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi bir mesaj oldu.

Erməni qəsbkarları işğal etdikləri bütün yaşayış məskənlərini tamamilə darmadağın ediblər. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq 2017-ci il fevralın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş 18 xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu. “Reuters”, “Associated Press”, “Anadolu” və “İhlas” agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, “EurasiaNet”, “RİA Novosti”, “Sputnik”, “İnterfaks Azərbaycan”, EFE və digər media nümayəndələri Cocuq Mərcanlı kəndinin necə viran edildiyinin canlı şahidi oldular. Media nümayəndələri geri dönəcək ailələrlə də görüşərək söhbət etdilər.

Səfərdən sonra xarici kütləvi informasiya vasitələri nümayəndələri təmsil olunduqları media orqanlarında Cocuq Mərcanlıda gördükləri erməni vandalizmi haqqında çoxsaylı yazılar dərc etməklə bu vəhşiliyi bütün dünyaya çatdırdılar.

Fevralın 15-də isə dövlət başçısının tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş 60-a yaxın diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olundu.

Hər iki səfər zamanı qonaqlar erməni xislətinin nəticəsini - cəmi dörd ay işğalda qalan, erməni vandalları tərəfindən talanaraq darmadağın edilmiş uçuq-sökük evləri, viran qoyulan, xarabalığa çevrilən kəndin mənzərəsini gördülər. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Sudanın Azərbaycandakı səfiri Abu Elgasim Daif indiyədək münaqişə barədə yalnız eşitdiklərini, bu gün isə münaqişənin acı nəticələrini öz gözləri ilə gördüklərini, bundan heyrətə gəldiklərini bildirərək Azərbaycan torpaqlarının azad olunması üçün dünya birliyi tərəfindən səylər göstərilməsinin vacibliyini vurğuladılar.

Belə səfərlər özlüyündə cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm önəm daşıyan əsas amillərdəndir.

Bu gün bütün ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin diqqəti Cocuq Mərcanlı kəndinə yönəlib. Düz 24 ildən sonra bu kənddə həyat yenidən canlanmağa başlayıb. Cocuq Mərcanlı kəndinin işğaldan əvvəl 283 ev təsərrüfatı və 1075 nəfər sakini qeydə alınıb. Sakinlər əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olublar. Hazırda isə həmin kənddə 395 ev təsərrüfatı və 1428 nəfər sakin qeydiyyatdadır. Cocuq Mərcanlıdan olan məcburi köçkün ailələri respublikamızın 17 şəhər və rayonunda məskunlaşıblar. Həmin ailələrdən 250-dən çoxu müraciət edərək geriyə - öz evlərinə qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Azərbaycan Prezidentinin sərəncamlarına əsasən birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4,0 milyon manat, 9 km. avtomobil yolunun tikintisi məqsədi ilə 4,3 milyon manat vəsait ayrılıb.

Cocuq Mərcanlı kəndində 200 evdən ibarət yeni qəsəbənin master-planı hazırlanıb. Qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq. Kənddə qurulacaq kommunal xidmətlər, qaz, elektrik enerjisi, su xətti ilə bağlı texniki şərtlər də alınıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən kəndin bərpa ediləcəyi ərazidə minalardan, partlamamış döyüş sursatlarından təmizləmə işləri həyata keçirilib. 50 yaşayış evinin, orta məktəb binasının tikintisinə başlanılıb, kəndə müasir yolun çəkilişi davam etdirilir.

Cənab Prezidentin tapşırığı və nəzarəti ilə Cocuq Mərcanlı kəndində Şuşa məscidinin oxşarı olan yeni bir məscidin inşasına başlanılıb.

Bəli, bu gün Cocuq Mərcanlıda həyat qaynayır. Uzun illər bir-birlərinin həsrəti ilə yaşayan kənd və kəndin sakinləri nəhayət ayrılığa son qoyulacağı, qovuşacaqları günü səbirsizliklə gözləyirlər.

Ölkə başçısının gündəlik nəzarətində olan və Böyük Qayıdışın ilk qaranquşu hesab edilən Cocuq Mərcanlı kəndinin bərpası tezliklə başa çatdırılacaq və məcburi köçkün soydaşlarımız öz əzəli ata-baba yurdlarına qayıdaraq bu torpaqda həyatlarını quracaqlar.

Cocuq Mərcanlının bərpası olduqca mühüm tarixi əhəmiyyət kəsb edən cəsarətli addım, Ermənistana, onun havadarlarına, beynəlxalq aləmə ciddi bir siqnaldır. Azərbaycan Prezidenti bu qətiyyətli addımı ilə işğal faktı ilə heç vaxt barışmayacağını, danışıqların nəticəsiz qalacağı təqdirdə digər ərazilərimizi də eyni yolla azad edərək geri qaytarmaq və həmin ərazilərdə də bərpaya başlamaq əzmini bir daha dünyaya qəti şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyevin söylədiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biridir: “Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Qısa müddətdə Cocuq Mərcanlı kəndini yenidən quracağıq. Kənd sakinləri böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Bunun böyük tarixi əhəmiyyəti var”.

Azərbaycan xalqı torpağa, yurda daim bağlı olub. Əvvəllər Cocuq Mərcanlıda yaşamağın təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprel ayından yenidən öz vətəninə qayıdaraq indiyə kimi orada yaşayan Həziyev Oqtay Əbil oğlunun timsalında bunu daha aydın görmək mümkündür. 8 nəfərdən - 83 yaşlı ana Minarə Hakıyeva, onun iki oğlu və nəvələrindən ibarət olan bu ailənin həyatı bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik, fədakarlıqdır.

Həziyevlər ailəsi 600-ə yaxın davar, 70-ə yaxın qaramal, 300-ə qədər toyuq-cücə, 10 arı ailəsi saxlayır, həmçinin 70 hektar ərazidə taxıl, arpa, yonca, bostan bitkiləri əkirlər.

Azərbaycan xalqı kimi bütün qaçqın və məcburi köçkün soydaşlarımız hesab edirlər ki, artıq doğma ellərə qayıdış başlayır və bunun qarşısını almağa heç kəsin gücü çatmaz, bu, zamanın hökmüdür! Çünki Dağlıq Qarabağ bölgəsində 24 illik status-kvonu əsaslı şəkildə dəyişdirən aprel hərbi əməliyyatının möhtəşəm nəticələri Azərbaycanın mövqeyini daha da gücləndirməklə Ermənistanı dalana dirəyib. Elə bu günlərdə Ermənistanda baş verən çaxnaşmalar, Sarkisyan hakimiyyətinin laxlaması, onun qorxudan sərsəm bəyanatlar verməsi də buna əyani sübutdur.

Məhz elə bunlara görədir ki, indi yaxın və uzaq ölkələrin bir sıra nüfuzlu mətbu orqanları diqqəti ölkəmizin işğaldan azad olunmuş ərazisində bərpa işlərinin başlanılmasına, Cocuq Mərcanlı kəndinin sakinlərinin böyük həvəslə geri qayıtmalarına hazırlaşmasına yönəldirlər.

Cocuq Mərcanlı kəndinin bərpası xalqımızın işğal altında olan digər əraziləri də geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə nümayiş etdirir. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, eyni zamanda, dövlətin, cəmiyyətin yüksək əhvali-ruhiyyəsini, ovqatını dünyaya çatdırırıq. Elə cəmiyyətin də birmənalı mövqeyi, əminliyi ondan ibarətdir ki, tezliklə Azərbaycan işğal edilmiş bütün torpaqlarını geri qaytaracaq, yaşayış yerləri bərpa ediləcək, orada yaşamaq üçün infrastruktur yaradılacaq və bütün məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaq, insanlar doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Bununla da həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq.

Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkün soydaşlarımız hesab edirlər ki, möhtərəm Prezidentimiz tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük Qayıdış”ın başlanğıcıdır!

Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi gün, nəhayət, yetişdi! Uzun illərdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri artıq rəşadətli ordumuz tərəfindən azad olunur və tarixən həmin ərazilərdə yaşamış soydaşlarımız doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşır.

Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin hər zaman səsləndirdiyi “Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq” - qətiyyətli fikri artıq reallaşır.

2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımız, xüsusən də məcburi köçkünlər üçün xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib! Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addımdır!

Tam əminliklə deyirik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağı, bütün məcburi köçkünlərin doğma torpağa qayıdacağı gün çox da uzaqda deyil!

 

Əli Həsənov,

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini

“Azərbaycan” qəzeti, № 66, 1 aprel 2017-ci il

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993