Bizim əbədi mövzumuz: “Böyük Qayıdışın” ilk ünvanı Cocuq Mərcanlı

Azərbaycan Respublikası Prezidentinin cari ilin yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamdan cəmisi bir neçə gün sonra - fevralın 10-da “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” növbəti sərəncamı imzalaması özlüyündə böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlət başçısı tərəfindən atılan bu qətiyyətli addımlar Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin qəti olduğunu və artıq bu istiqamətdə əməli fəaliyyətə keçdiyini dünyaya bəyanlayan bir mesajdır. Bütün bunlara görədir ki, bu gün nəinki təkcə məcburi köçkün soydaşlarımız, bütün ölkə ictimaiyyəti böyük fəxarət hissi keçirir və hər kəs hesab edir ki, möhtərəm Prezidentimizin bu qətiyyətli addımı uzaqgörən siyasətin nəticəsi kimi növbəti uğurlarımızın, doğma ellərə “Böyük Qayıdış”ın başlanğıcıdır.

Əgər Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 24 yanvar tarixli sərəncamda ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində bir sıra mühüm strateji əhəmiyyətli yüksəkliklərin, o cümlədən Lələ təpə yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasının mümkün olduğu, bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandığı bildirilirdisə, 10 fevral tarixli sərəncamda artıq Cocuq Mərcanlıya gedən və uzunluğu 9 km olan avtomobil yolunun yenidən qurulması öz əksini tapmışdır ki, bununla da  kənddə başlanan və sürətlə davam etdirilən bərpa işlərinin operativ və çevik şəkildə yerinə yetirilməsinə əsaslı şərait yaradılmışdır.

Azərbaycan Ordusu aprel döyüşləri ilə tariximizə daha bir şanlı səhifə yazdı

Qeyd edək ki, dövlət başçısının Cocuq Mərcanlı ilə bağlı hər iki sərəncamı məcburi köçkünlər, ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilməklə bir daha Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş bu əraziyə, o cümlədən cəbhə kəndlərinə olan həssas münasibətinin göstəricisi kimi dəyərləndirilir. Çünki cocuq mərcanlılar kəndlərinin bərpasından sonra uzun illər həsrətində olduqları yurdlarına məhz bu abad yollarla qayıdacaqlar. Ən başlıcası isə Prezident İlham Əliyevin də söylədiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq.

Bir daha xatırladaq ki, ötən ilin aprel döyüşlərinə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti bu kəndin yaxınlığından keçdiyindən və ətraf yüksəkliklərin düşmən nəzarətində olduğundan məcburi köçkünə çevrilmiş kənd sakinlərinin geri qayıdıb burada yaşaması qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında erməni hərbi birləşmələrinin cəbhə xəttindəki təxribatlarının qarşısını rəşadətlə alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə endirərək bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yüksəklikləri düşməndən təmizlədi, 2 min hektar ərazi işğaldan azad edildi, on minlərlə hektar torpaqlarımıza nəzarət təmin olundu. Həmin vaxt azad edilmiş strateji əhəmiyyətli mövqelərdən biri də ermənilərin daim təhlükə yaratdıqları Cocuq Mərcanlı yaxınlığındakı Lələ təpə yüksəkliyi idi. Məhz Lələ təpə yüksəkliyinin rəşadətli ordumuz tərəfindən azad edilməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. Beləliklə də Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra cocuq mərcanlıların da torpaq həsrətinə son qoyuldu, ordumuz isə ermənilərin təxribatlarına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı.

Cocuq Mərcanlıda tikinti işləri sürətlə davam etdirilir

Bu tarixi uğurdan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyatın normal axara qayıtması, insanların təhlükəsiz yaşaması və həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanılması üçün şərait yarandı.

Məlum olduğu kimi, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən ilkin mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun inşası nəzərdə tutulub. Hazırda burada işlər yüksək sürətlə davam etdirilir. İnşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb olunub. Ötən müddət ərzində 21-dən çox evdə hörgü işləri başa çatdırılıb. Yaxın günlərdə bu evlərin dam örtüklərinin vurulmasına başlanılacaq. 9 evin isə dəmir-beton tavası qoyulub. Hazırda digər evlərdə hörgü, suvaq işləri görülür. Bunlarla paralel olaraq eyni zamanda kəndə su xətlərinin çəkilişi də aparılır. Tikinti işlərinə sifarişçi təşkilat kimi təyin olunmuş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən müntəzəm nəzarət olunur ki, bunlar da işlərin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda başa çatdırılmasında mühüm önəm daşıyır.

 Layihəyə uyğun olaraq birinci mərhələdə ərazidə 20 ədəd iki otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd dörd otaqlı olmaqla 50 ev tikiləcək, yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək, yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq. Həmçinin kəndə qayıtmaq istəyi ilə müraciətlərin çoxluğunu nəzərə alaraq cənab Prezidentin tapşırığına əsasən növbəti mərhələdə 150 ailəlik qəsəbənin, daha bir məktəbin, digər sosial infrastrukturların da tikintisi planlaşdırılır.

Qeyd edək ki, əlaqədar nazirliklər, ölkənin digər müvafiq qurumları da Cocuq Mərcanlının bərpasından sonra məsul olduqları sahələr üzrə burada həyata keçirəcəkləri sosial və texniki infrastruktur layihələrinin istiqamətlərini açıqlayıblar. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərişıq” ASC kəndə qayıdacaq əhalinin məşğulluq və sosial sığorta məsələlərinin həlli, telekommunikasiya və rabitə xidməti ilə, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunmaları üçün artıq müvafiq tədbirlər həyata keçirməyi planlaşdırırlar.

Kəndə çəkilən yolun asfaltlanması işlərinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yol çəkilişi də sürətlə davam etdirilir. Ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Sözügedən yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrində isə bərpa işləri aparılır.

Layihəyə uyğun olaraq, yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə yolun təqribən 68 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, yolboyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaq üzrədir.

Tikinti işləri tam olaraq tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bu işlərin sürətlə aparılması qarşıya qoyulan vəzifələrin yüksək keyfiyyətlə, eyni zamanda müəyyən edilmiş müddətdə başa çatdırılması üçün vaxtında hərtərəfli hazırlıq işləri görülüb.

 

Cocuq Mərcanlı “Böyük Qayıdış”ın astanasıdır və bu qayıdış yenicə başlayıb

 

Azərbaycan Prezidentinin imzaladığı “Böyük Qayıdış”ın başlanğıcı olan Cocuq Mərcanlının bərpası və kəndə yol çəkilməsi ilə bağlı sərəncəmlarının icrasının uğurla davam etdirilməsi artıq dünya mediasının, beynəlxalq ictimaiyyətin də geniş müzakirə mövzusuna çevrilmişdir. Bu istiqamətdə cənab Prezidentin tapşırığına əsasən həmin ərazilərin bərpasına başlamazdan əvvəl beynəlxalq aləmin istər erməni vandalizmi ilə, istərsə də aparılan bərpa işləri ilə məlumatlandırılması baxımından əvvəlcə Dövlətqaçqınkomun və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sonra isə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun rəhbərliyi ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərlərinin, bu günlərdə isə Dövlətqaçqınkomun təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan fransalı senatorların, qardaş Türkiyənin bir qrup tanınmış media qurumlarının və jurnalist təşkilatlarının rəhbərlərinin Cocuq Mərcanlı kəndinə təşkil olunmuş səfərləri və onların hər şeyi öz gözləri ilə görmələri, söylədikləri fikirlər də özlüyündə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında mühüm önəm daşıyan əsas amillərdəndir.

Məhz elə bunlara görədir ki, indi yaxın və uzaq ölkələrin KİV-lərində artıq erməni işğalı və vandalizmi beynəlxalq icitmaiyyətə olduğu kimi çatdırılır, bir sıra nüfuzlu mətbu orqanlar dünyada yaşanan iqtisadi çətinliklərə baxmayaraq diqqəti ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa işlərinə başlamasına, Cocuq Mərcanlı kəndinin sakinlərinin böyük həvəslə geri qayıtmalarına hazırlaşmasına yönəldirlər. Bütün bunlar isə, heç şübhəsiz, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdışı ilə bağlı illərlə gözlənilən arzularının dövlətimizin başçısının qətiyyətli addımı ilə reallaşdırılmasının bariz nümunəsi kimi beynəlxalq aləmin diqqətinə çatdırılmasında mühüm önəm daşıyır.

Dövlət başçısı tərəfindən imzalanan hər iki sərəncam istər Cocuq Mərcanlıda həyatın əvvəlki məcrasına yönəldilməsi, kəndin daha da abadlaşdırılaraq müasirləşdirilməsi, istərsə də 23 ildən çoxdur ki, məcburi köçkün həyatı yaşayan kənd sakinlərinin geri qayıdışında, gediş-gəlişlərində rahatlıqlarına hesablanmış uzaqgörən siyasətin nəticəsidir. Çünki bu sərəncamlar eyni zamanda doğma yurdlarımıza “Böyük Qayıdış”ın ilk müjdəsidir. Bu kəndin bərpası həm də bütün məcburi köçkünlərin doğma yurda qayıtmaq inamlarını daha da artırır və onlarda belə bir əminlik yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız nəyin bahasına olursa olsun, tezliklə işğaldan azad ediləcək. Bu sərəncamlar və onlara uyğun həyata keçirilən tədbirlər həm də ermənilərə və onların havadarlarına bir mesajdır ki, Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndi ilə bağlı imzaladığı sərəncamlarla bir daha açıq şəkildə bəyan etdi ki, heç bir halda Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacaq! Üstəlik, bu siyasətin davamı Şuşada, Xankəndidə, Ağdamda, Kəlbəcərdə, Laçında, Qubadlıda, Xocavənddə, Ağdərədə və s. işğal altındakı digər torpaqlarda reallaşdırılacaq, özü də tezliklə! Yəni Cocuq Mərcanlı “Böyük Qayıdış”ın astanasıdır və bu qayıdış hələ yenicə başlayıb və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunana qədər də davam edəcək!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993