Kəlbəcərin işğalından 24 il ötür

Dağlar bizi gözləyir...

24 il əvvəl – 1993-cü il aprelin 2-də tariximizə daha bir qara səhifə yazıldı - Azərbaycanın Qala qapısı - Kəlbəcər rayonu işğal olundu. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü əhalini öz səriştəsiz idarəetmə siyasətinə qurban verdilər. Əhali Kəlbəcərin erməni vandalları tərəfindən süqutundan sonra respublikanın müxtəlif bölgələrində məskunlaşdılar. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məcburi köçkünlər, o cümlədən Kəlbəcərdən olan soydaşlarımız da dövlət qayğısı ilə əhatə olundular. Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəcamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda və ona edilmiş əlavələrdə nəzərdə tutulmuş işlər nəticəsində minlərlə kəlbəcərli məcburi köçkün də yeni evlərlə təmin edilmişdir.

Ölkəmizin əsasən Qəbələ, Gəncə, Goranboy, Yevlax və s. bölgələrində salınmış hündürmərtəbəli binalar və qəsəbələrdə yüzlərlə kəlbəcərli məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bakı şəhərində məskunlaşmış kəlbəcərlilərin xeyli hissəsi də yeni mənzillərlə təmin olunmuşlar. Bu iş indi də uğurla davam etdirilir.

Kəlbəcərin işğalı ərəfəsində həmin rayondan olan bir neçə köçkünlə söhbət edib, onların fikirlərini dinlədik.

Hacı İsmayılov qeyd etdi ki, Ulu Göyçə kimi sazın, sözün vətəni olan Kəlbəcər doğma Azərbaycanımızın ən qədim yaşayış məskənlərindəndir. İşğal zamanı biz öz doğma yurdumuzdan didərgin salınmaqla əsrarəngiz təbiətə malik, qədim abidələrlə zəngin olan Kəlbəcərlə yanaşı xeyli canlı qüvvə də itirdik. Elə təkcə onu qeyd etmək olar ki, dinc əhalidən 321 nəfər əsir düşdü, 220 nəfər həlak oldu, neçə-neçə qız-gəlin düşmən əlinə keçməmək üçün özlərini sıldırım qayalardan ataraq həyatla vidalaşdılar. Bu ağır günlərdə mərkəzi hakimiyyət susdu, xalqı düşmən qarşısında tək qoydu. Hərəmiz bir tərəfə səpələndik. Mən ailəm və yaxınlarımla birlikdə bir müddət Bərdədə, sonra isə Xırdalan şəhərində məskunlaşdıq. Əvvəllər vəziyyətimiz çox çətin idi. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra biz məcburi köçkünlər də diqqət və qayğı ilə əhatə olunduq. Ümummilli liderin siyasi kursunun davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə mənzil-məişət şəraiti və məşğulluğumuzun artırılması ilə bağlı geniş proqramlar həyata keçirilməyə başladı. Çoxsaylı soydaşlarımız kimi mənə də məcburi köçkünlər üçün Müşfiqabadda salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən yaraşıqlı ev verildi. Lakin nə qədər rahat, hər cür şəraitə malik olsa da vətən şirinliyini heç nə əvəz edə bilmir. Mən ilk addımlarımı atdığım doğma torpağa bağlıyam və inanıram ki, bu arzuma qovuşacağım tarix də uzaqda deyil.

Əlabbas Hüseynov xəyalən o günlərə qayıdaraq bildirdi ki, Kəlbəcərin işğalını 24 ildir ki, hər gün xatırlayaraq vurğuladı ki, ermənilər Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdlu əsgərlərinin köməyi ilə rayonu işğal etdilər. Təbiət muzeyi adlandırılan Kəlbəcər rayonu fauna və florası, eləcə də yeraltı və yerüstü sərvətlərlə zəngin idi. Dünya şöhrətli İstisu isə təbiətin təkrarsız möcüzəsidir. Çox əfsuslar olsun ki, xain düşmənlərimiz sərvətlərimizi talayır, müqəddəs torpaqlarımızı öz murdar ayaqları ilə tapdalayırlar. Düzdür, ailəmizlə birlikdə hər cür şəraitə malik evdə yaşayırıq, dövlətimizin qayğısı ilə əhatə olunmuşuq, şükür Allaha, pis yaşamırıq, amma bu illər ərzində nə yaddaşımdan uzaqlaşmayıb, nə də yuxularımdan qaçmayıb doğma yurd yerlərimiz. Həmişə ümid etmişik ki, Kəlbəcərə qayıdacağıq. Elə bizi yaşadan da bu inamdır. 2016-cı ilin aprelində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə ağır zərbələr endirildi, strateji yüksəklik olan Lələ təpə işğaldan azad olundu. Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa edilməsi və əhalinin orada məskunlaşdarılması üçün görülən işlər artıq hər birimizdə Böyük Qayıdış sevinclərini alovlandırır. İndi daha ürəklə demək olar ki, üçrəngli bayrağımız tezliklə Kəlbəcərdə, eləcə də itirilmiş digər rayonlarımızda dalğalanacaqdır.

Kəlbəcərin işğalı hakimiyyətsizliyin, vahid komandanlığın olmaması, ayrı-ayrı qrupların şəxsi maraqları nəticəsində baş verdi - deyən, Əli Gərayzadə dedi ki, hər şey bu günkü kimi yaxşı yadımdadır… döyüşçü dostlarımla nələr görmədik… Silah-sursat da tapılmırdı. Mərkəz isə elə bil ki, daşa  dönmüşdü. Yağı düşmən qarşısında əliyalın vuruşurduq, çalışırdıq ki, camaat birtəhər qaçıb canlarını qurtarsınlar. Amma şükürlər olsun Böyük Allaha ki, artıq Azərbaycan bölgənin hərbi-siyasi, iqtisadi sahələrdə lider dövlətidir. İndi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsi elə bir həddə çatıb ki, bunu nəinki düşmən ölkə, həmçinin onun havadarları da yaxşı anlayır və etiraf edirlər. Ötən ilin aprelindəki lokal müharibə dediklərimizə bariz nümunədir. O ağır məğlubiyyətdən hələ də özünə gələ bilməyən ermənilər indi də vaxtaşırı təxribatlar törədir, hər dəfə də layiqli cavablarını alırlar. Ordumuzun bu qəhrəmanlığı hər birimizin qəlbində qürur hissi yaratmaqla bərabər Zəfər gününə inamımızı daha da alovlandırır. Ona görə inanırıq ki, mərhum şairimiz demişkən:

Bir gün gülə-gülə qayıdacaqdır,

Ağlaya-ağlaya köçən Kəlbəcər!

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993