Qadın - gözəlliyin və zərifliyin simvolu

Dövlətqaçqınkomda Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan qadını belə dəyərləndirilmişdir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparatında və tabe təşkilatlarda çalışan xanımların iştirakı ilə keçirilən tədbirdə Komitə sədrinin müavini Gəray Fərhadov iştirakçıların simasında ölkəmizdəki bütün xanımları, xüsusilə bu gün doğma ocaq, doğma yurd həsrəti ilə məcburi köçkün həyatı yaşayan və hər zaman, hər bir şəraitdə mənəviyyatlarını qoruyub saxlayan ana və bacıları təbrik etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına təbrikinə istinad edən G.Fərhadov bildirmişdir ki, Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.

Bu baxımdan Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan ana-bacılarımızın da çətin anlarda cəmiyyətimizin əsl mənəvi dayağı olduqlarını minnətdarlıqla xatırladan və bu təbəqədən olan xanımların bu bayramı da doğma ocaqlarından kənarda qeyd etməyə məcbur olduqlarından təəssüfləndiyini bildirən Komitə sədrinin müavini onu da xüsusi diqqətə çatdırmışdır ki, hər cür ağır həyat şəraitinə baxmayaraq hərtərəfli dözümlülük nümayiş etdirmək, belə vəziyyətdə ailə saxlamaq, uşaq böyüdüb tərbiyə etmək, gələcəyə nikbinliklə baxmaq ikiqat fədakarlıqdır və elə bunlara görə də doğma ocaqlarına qayıtmaq ümid və inamını özündə yaşadan, mənəviyyatlarını qoruyub saxlayan ana və bacılarımız daha böyük hörmət və ehtirama layiqdirlər.

Elə bunlara görə Azərbaycan xanımlarının zərif olduqları qədər də qətiyyətli, cəsarətli, əzmkar və mübariz, ən əsası isə milli-mənəvi dəyərlərimizə sadiq olduqları xüsusi vurğulanan tədbirdə qeyd olunmuşdur ki, bu keyfiyyətləri özündə birləşdirən mətin xanımlar tarix boyu olub və onların varisləri bu gün də həmin ənənələrə sadiqdirlər. Dünya yarandığı gündən, insan övladı həyat barədə düşüncələrə malik olduğu zamandan ananın qayğıkeş obrazı müqəddəs varlıq kimi həmişə hörmətə layiq görülmüşdür. Azərbaycanın müstəqilliyinin əbədi qarantı olan Ulu Öndər Heydər Əliyev, bu gün isə onun siyasi kursunu dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev cəmiyyətimizdə aparılan bütün quruculuq proseslərində, ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi inkişafında fəallıqları ilə seçilən qadınlarımıza qayğı ilə yanaşmaqla onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirmişlər.

Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Qeyd olunmuşdur ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında, beynəlxalq aləmdə layiqincə təmsil edilməsində fəal rol oynayan incə bir varlıqdır. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Birinci vitse-prezident təyin olunmuş Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan xanımlarının həm ana, həm də fəal ictimai-siyasi xadim kimi gərgin və səmərəli fəaliyyəti bir daha sübut edir ki, Azərbaycan xanımı inkişaf etmiş sivil ölkələrin qadınlarından daha qabağa gedərək böyük nüfuz qazanmaq imkanına malikdir. Bu, həm də onu sübut edir ki, Azərbaycan xanımı öz dərin zəkasına, tükənməz potensialına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanmış və bu gün də qazanmaqdadır.

Tədbirin sonunda əminliklə vurğulanmışdır ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanın tərəqqisi, torpaqlarımızın azadlığı, qaçqın və məcburi köçkünlərimizin doğma ocaqlarına qaytarılması naminə aparılan uğurlu və qətiyyətli siyasət öz müsbət nəticəsini verəcəkdir. Məhz bu baxımdan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə başçısının imzaladığı müvafiq sərəncam və sərəncama uyğun aparılan işlər bir daha hər bir məcburi köçkündə belə bir əminliyə əsas verir ki, tezliklə işğaldan azad ediləcək digər ərazilərimizdə də bu cür bərpa işlərinə start veriləcək, bu təbəqədən olan soydaşlarımız öz doğma ocaqlarına qaytarılaraq neçə illərdir ki, yaşanan çətinliklərə birdəfəlik son qoyulacaqdır.  

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993