Cocuq Mərcanlının bərpası dünyaya mesajdır

Artıq kənddə yaşayış evləri sənədləşdirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel ayında aparılmış uğurlu hərbi əməliyyatlardan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib.

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncama əsasən, digər dövlət qurumları kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) də öz fəaliyyəti çərçivəsində tədbirlərə başlayıb.

Bu proseslər çərçivəsində ƏMDK da kənd əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işi həyata keçirilir.

İlkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 1993-cü il 23 avqust tarixinədək sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyənedici sənədlər əldə edilib. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanıb. Eyni zamanda, dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayışı alınıb.

Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Vətəndaşlara məxsus əmlakların texniki pasportlarının hazırlanması məqsədilə 34 fərdi evin çöl-ölçmə işləri aparılıb və texniki pasportların hazırlanmasına başlanılıb.

Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.

***

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində altı evə baxış keçiriblər. Baxış zamanı 468 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat tapılmayıb. Gün ərzində 30 min 767 kvadratmetr ərazi (6,5 min kvadratmetr əl ilə, 10,7 min kvadratmetr mexaniki üsulla, 13 min 567 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ümumiyyətlə 26 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 109 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış zamanı xeyli mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993