Cocuq Mərcanlı sakini: Daşı-daş üstə qoymayıblar, kəndin qəbiristanlığını da məhv ediblər

Uğurlu aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunması biz məcburi köçkünləri çox sevindirdi. Doğma torpağın yerini heç nə əvəz etməz. Prezident İlham Əliyevin Sərəncamı ilə kəndimiz bərpa olunur. İndi biz tezliklə ata-baba yurdumuza qayıdacağımız günü gözləyirik.

Bu sözləri Cocuq Mərcanlı kəndinin sakini, hazırda Biləsuvarda məskunlaşan Mətləb Həziyev deyib.

Qarabağ müharibəsi veteranı olan Mətləb Həziyev 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edildiyi uğurlu Horadiz əməliyyatında iştirak edib. O bildirib ki, Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, burada yaşamaq təhlükəli idi. Ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələ təpə yüksəkliyinin işğaldan azad olunması Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi.

Ermənilərin vəhşiliklərindən danışan keçmiş döyüşçü deyib: “Ermənilər tariximizi silmək istəyiblər. Görürsünüz, kəndi necə viran ediblər. Daşı-daş üstə qoymayıblar, kəndin qəbiristanlığını da məhv ediblər. Ancaq düşmən bilsin ki, məqsədinə çatmayacaq, onlara aid olmayan bütün torpaqlardan çıxarılacaqlar”.

M.Həziyevin ailəsi kənd işğal olunandan sonra əvvəlcə Sabirabadda çadır şəhərciyində, sonra isə Biləsuvarda köçkün qəsəbəsində məskunlaşıb. Deyir ki, hər bir məcburi köçkün kimi, cocuq mərcanlılıların da ən böyük istəyi doğma yurdlarına qayıtmaqdır.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993