Məcburi köçkünlər üçün Horadizdə istifadəyə verilmiş sayca 16-cı qəsəbəyə köçürülmə başa çatdı

Daha 400 məcburi köçkün ailəsi Yeni ili yeni mənzillərdə qarşılayacaq

... Bu ilin proqramına əsasən Füzuli rayonunun Horadiz şəhəri ərazisində 400 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilmiş daha bir məcburi köçkün qəsəbəsi də artıq soydaşlarımızın istifadəsinə verilmişdir. Bu yaxınlarda - noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonuna səfər proqramı çərçivəsində yeni salınmış qəsəbə ilə tanışlıq zamanı burada görülən işləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, buraya ölkə ərazisindəki sonuncu fin tipli qəsəbədə məskunlaşan məcburi köçkünlər köçürüləcəklər və bununla da sonuncu fin tipli qəsəbə də ləğv ediləcəkdir. Artıq Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən köçürmə işləri qısa vaxtda və müvəffəqiyyətlə başa çatdırılmış, uzun illərdir ki, rayon ərazisindəki fin tipli qəsəbədə məskunlaşan məcburi köçkünlər buradakı hərtərəfli şəraiti olan mənzillərə köçürülmüşlər.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurların, sosial sferada həyata keçirilən ardıcıl siyasətin müsbət nəticələri ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkün soydaşlarımızın sosial problemlərinin həllinə yönələn tədbirlərin də reallaşmasına imkan yaratmışdır. Elə  bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən bu təbəqədən olan soydaşlarımızın sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, bu sahədə təsirli tədbirlərin görülməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidenti daim bəyan edib ki, bizim sosial və siyasi problemlərimizdən biri Ermənistanın təcavüzündən və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Məhz buna görə də dövlətimizin başçısı bu soydaşlarımızın doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini önə çəkərək daim ölkənin iqtisadi imkanlarından bu məqsədlə maksimum istifadə olunacağını bildirmişdir.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olduğundan əvvəlki illərdəki kimi başa vurmaqda olduğumuz cari ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Dünyada neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində yaranmış iqtisadi böhranın qarşıya çıxardığı çətinliklərə baxmayaraq ölkə başçısının uğurla və uzaqgörənliklə müəyyənləşdirdiyi iqtisadi siyasət sayəsində bu il də məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Dövlət Neft Fondundan ayrılan vəsait hesabına böyük işlər görülmüşdür. Nəinki ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən və dünyada sözügedən problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən tədbirlər özlüyündə bir daha bu təbəqədən olan soydaşlarımızın Azərbaycan dövlətinin və şəxsən dövlətimizin başçısı cənab İlham Əliyevin gündəlik qayğısı ilə əhatə olunduğuna dəlalət edir.

Məlumdur ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bu cür kompleks tədbirlər dövlətimizin başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, həmin proqrama edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Ötən illərdə bu sahədə görülən tədbirlər nəticəsində həmin Dövlət Proqramında və ona edilmiş əlavələrdə nəzərdə tutulmuş tədbirlər, digər normativ aktlar, demək olar, vaxtında icra edilmiş və indi də həmin tədbirlərin icrası uğurla davam etdirilməkdədir.

Bütün bunlara rəğmən onu da qeyd edək ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə buna görədir ki, həmişə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını önə çəkən dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin də sosial-məişət problemlərinin həlli istiqamətində Ulu öndərin yolu ilə gedildiyini, onun tövsiyyələrinin yerinə yetirildiyini və bunun nəticəsində doğma ev-eşiyindən didərgin salınmış soydaşlarımız üçün müasir binalar tikildiyini, on minlərlə məcburi köçkünün münasib şəraitlə təmin olunduğunu diqqətə çatdıraraq bu sahədə işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirmişdir.

Deyilənlərin bariz nümunəsi kimi, qeyd edək ki, dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş adıçəkilən Dövlət Proqramına edilmiş əlavələrin müvafiq bəndinə uyğun olaraq bu ilin proqramına əsasən Füzuli rayonunun Horadiz şəhəri ərazisində 400 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilmiş daha bir məcburi köçkün qəsəbəsi də artıq soydaşlarımızın istifadəsinə verilmişdir. Bu yaxınlarda - noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonuna səfər proqramı çərçivəsində yeni salınmış qəsəbə ilə tanışlıq zamanı burada görülən işləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, buraya ölkə ərazisindəki sonuncu fin tipli qəsəbədə məskunlaşan məcburi köçkünlər köçürüləcəklər və bununla da sonuncu fin tipli qəsəbə də ləğv ediləcəkdir.

Artıq Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən köçürmə işləri qısa vaxtda və müvəffəqiyyətlə başa çatdırılmış, uzun illərdir ki, rayon ərazisindəki fin tipli qəsəbədə məskunlaşan məcburi köçkünlər buradakı hərtərəfli şəraiti olan mənzillərə köçürülmüşlər. Ümumi ərazisi 417 hektar sahəni əhatə edən 400 evlik yeni qəsəbədə 320 şagird yerlik yaraşıqlı məktəb, 120 yerlik müasir tipli uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır.

Sifarişçi təşkilat kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib. Qəsəbənin elektrik enerjisi, içməli su ilə təchizatı və digər zəruri texniki infrastrukturlarla da bağlı hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı, həmçinin 120 yerlik uşaq bağçası bütün zəruri inventar və avadanlıqla təchiz olunub. Yaşayış kompleksinin ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri də aparılıb.

Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını vurğulayaraq sevinclərini belə bölüşürlər:

- Artıq neçə illərdir ki, fin tipli qəsəbədə ağış şəraitdə yaşamışıq. Müxtəlif ərazilərdə məcburi köçkünlər üçün salınan qəsəbələri, buraya köçürülən soydaşlarımızı gördükcə onların sevincini bölüşməklə qəlbimizdə onlara qarşı bir həsəd, həmçinin bizim də tezliklə bu çətin günlərimizə son qoyulacağına bir inam, ümid yaranırdı. İndi bizim bu ümidimiz reallığa çevrilibdir. Bu gün biz də hər cür şəraiti olan müasir tipli qəsəbədə yaraşıqlı mənzillərlə təmin olunmuşuq. Möhtərəm Prezidentimiz hər zaman biz məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Biz, nəinki bu qəsəbəyə, eləcə də digər qəsəbə və məhəllələrə köçürülən bütün məcburi köçkünlər adından dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirir və inanırıq ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq.

Bəli, bütün məcburi köçkün soydaşlarımız kimi bu qəsəbəyə köçürülənlər də əmindirlər ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli addımları, uğurlu daxili və xarici siyasəti, Ordumuzun qüdrəti nəticəsində tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək və onlar doğma yurdlarında da hərtərəfli dövlət qayğısı ilə əhatə olunaraq daha rahat və firavan yaşayacaqlar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993