“Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur”

Prezident İlham Əliyev: Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq

Ölkəmizin müstəqilliyinin bərpasından ötən müddət ərzində həyata keçirilən düşünülmüş daxili və xarici siyasət respublikamızı  dünya birliyində sayılıb-seçilən, söz sahibi olan ölkələrdən birinə çevirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Füzuli rayonuna səfəri zamanı burada məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə də bildirmişdir ki, Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Ölkə başçısı bir daha diqqətə çatdırmışdır ki, bizim güclü potensialımız və güclü ordumuz var. Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır.

Azərbaycanın müstəqilliyinin bərpasından keçən son 25 ilə, xüsusilə, axırıncı on üç ilə nəzər yetirdikdə bir daha aydın olur ki, bu müddət ərzində görülən bütün işlər, aparılan siyasət ölkəmizin daha da inkişaf etdirilməsinə, qüdrətli və güclü olmasına yönəldilibdir. Dövlətimizin başçısının da həmişə vurğuladığı kimi biz bu gün güclü dövlət qururuq: “O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər”.

Qeyd edək ki, bu gün ölkə vətəndaşlarının da yaxşı xatırladığı kimi, bu uğurların qazanılmasına heç də asanlıqla nail olunmamışdır. Çünki ümumilikdə götürdükdə Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Belə ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonrakı ilk illər çox ağır vəziyyətlə üzləşmişdi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, hələ də sovet rejiminin təsirindən ayrılmamaları, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Çünki o illərdə dövlətçiliyin əsasları qoyulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmırdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Belə bir ağır vəziyyətdə - 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Ulu öndər Bakıya gəlməklə, həmçinin ilk növbədə, xalqın iradəsinə öz hörmətini göstərdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbuldakı çıxışında cənab Prezidentin vurğuladığı kimi, O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başladı. “1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır”.

Təbii ki, o çətin illərdə ölkəmizin üzləşdiyi ən ağır problemlərdən biri, bəlkə də birincisi Ermənistanın ölkəmizə təcavüzü və bu təcavüz nəticəsində xalqımızın üzləşdiyi qaçqın və məcburi köçkün problemi idi. Bir-birinin ardınca işğal olunan ərazilər, o ərazilərdən canlarını güc-bəla ilə qurtararaq respublikanın müxtəlif bölgələrinə, o cümlədən paytaxtımıza pənah gətirən soydaşlarımız taleyin ümidinə buraxılmışdılar. Müstəqilliyinin ilk günlərindən gənc dövlətimizin üzləşdiyi bu ağır problemlərdən çıxış yollarını arayan belə yox idi. Lakin Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması bu təbəqədən olan soydaşlarımızın da həyatında dönüş yaratdı, sabaha olan inam hislərini getdikcə artırdı. Onlara sistemli, məqsədyönlü dövlət qayğısı məhz ümummilli lider tərəfindən həyata keçirilməyə başlandı. Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət miyqasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısı, onların sosial problemlərinin həlli ümummilli liderin gündəlik qayğısına çevrildi. Qaçqın və məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da məhz ulu öndərə məxsusdur. Belə ki, O, yaranan iqtisadi imkanları ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəltdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait ulu öndərin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldildi, işlərin kompleks və mərhələli həlli məqsədilə müvafiq Dövlət Proqramı qəbul olundu, çadır düşərgələrinin ləğvi və yeni qəsəbələrin salınması ilə əlaqədar fərmanlar imzalandı. Onların üzləşdikləri ağır problemlər və pozulmuş hüquqlarının bərpası ilə bağlı beynəlxalq ictimaiyyətin diqqəti yüksək tribunalardan ölkəmizə yönəldildi. Beynəlxalq humanitar təşkilatların və maliyyə qurumlarının yardımlarından səmərəli istifadəyə xüsusi önəm verildi.

Bəli, bütün sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərimizin də həyatında məhz 1993-cü ildən başlanan dönüş Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi, ölkəmizdə iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılmışdır. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi.

Çünki cənab Prezidentin də qeyd etdiyi kimi, 2003-cü ildə ölkənin bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi: “Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa ki, yenə Azərbaycan bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək Heydər Əliyev siyasətinə öz səsini verdi. Onu da qeyd etməliyəm ki, 1993-cü ildə AXC-Müsavat qruplaşmasının iflasının əsas mənbəyi Azərbaycan xalqının iradəsi olmuşdur. Cəmi bir il xalq bunların yarıtmaz fəaliyyətinə dözə bilmişdir və Azərbaycan xalqı bu ləkəni tariximizdən yumaq üçün o hakimiyyətə son qoydu”.

Bu gün o dövrdəki çaşqınlıq və qarmaqarışıqlıq dövründən bizi qısa bir zaman kəsiyi ayırır. Bu tarix xalqımızın dövlətçilik ənənəsinə sadiqliyini nümayiş etdirmək baxımından da yüksək qiymətləndirilir. Çünki tariximizə seçim ili kimi daxil olan 2003-cü ildən başlayaraq bu günə kimi Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir ki, indi Azərbaycan daha yüksək hədəfləri qarşısına qoya bilir. Çox əlamətdardır ki, ötən illərdə Prezident İlham Əliyev varisi olduğu siyasi kursu yüksək peşəkarlıq və qətiyyətlə inkişaf etdirib. Nəticədə, Azərbaycan yeni bir məmləkətə, dövlətə, cəmiyyətə çevrilib. Bunların nəticəsidir ki, bu gün öz daxilində regional səviyyədə sosial-mədəni və iqtisadi inteqrasiyanı təşviq edən, qlobal miqyasda mədəniyyətlərarsı dialoqu və enerji təhlükəsizliyini konkret layihələri ilə dəstəkləyən, müasir, demokratik, müstəqil bir dövlətimiz var!

Zaman keçdikcə, hadisələr sakit məcraya yönəldikcə, daxili stabillik möhkəmləndikcə beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuz dairəsi genişlənmişdir ki, bu da müstəqilliyimizin dönməzliyinə, əbədiliyinə zəmin yaradan siyasi amillərdəndir və bu taleyüklü nüansda Prezident İlham Əliyevin fədakar fəaliyyəti göz önündədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, 2013-cü ildə xalqın etimadını yenidən qazanan cənab İlham Əliyevin atdığı  hər addım Azərbaycanın dövlətinin, xalqımızın xoşbəxt gələcəyinə hesablanıbdır.

Cənab İlham Əliyevin hələ 2003-cü ildə seçkiönü seçicilərinə müraciətlə söylədikləri dərin mənalı fikirlər və bunlara xalqın müsbət reaksiyası bir daha göstərir ki, xalq taleyini etibar etdiyi Şəxsiyyətə həmişə dəstək olacaqdır. O vaxt cənab İlham Əliyev demişdir: “Mən prezident olmağın nə olduğunu yaxşı bilirəm. Əgər kimsə bunun xoşbəxt  olduğunu düşünürsə, o yanılır. Heydər Əliyevin həyatı mənim gözlərim qarşısındadır. Sizə deyə bilərəm ki, bu, ilk növbədə, böyük məsuliyyətdir. Bu məsuliyyəti hiss etmək, dərk etmək lazımdır. Prezident olmaq istəyən hər adam gərək bu məsuliyyəti daşımağa hazır olsun. Mən bilirəm ki, digər dövlət başçılarının övladları rahat ömür sürürlər, əksəriyyəti öz ölkələrindən kənarda, xaricdə yaşayırlar. Demək istəyirəm ki, mənim üçün seçim var idi. Ancaq mən öz seçimimi 1993-cü ildə etmişəm. Mən Bakıya gəldim ki, Heydər Əliyevə kömək edim”.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həll olunması, dünya birliyinin və beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasəti yürütməsinə ikili standartlarla yanaşmasına baxmayaraq Azərbaycanın haqq işinin müdafiəsi, Ermənistanın işğalçı və təcavüzkar dövlət kimi tanınması istiqamətində görülən işlər İlham Əliyev şəxsiyyətinin siyasətdə təsadüfi olmadığını bir daha təsdiqlədi.

Belə ki, ötən müddət ərzində məhz dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqe sərgiləməsi nəticəsində Ermənistan dünyada işğalçı dövlət kimi tanınmış, nüfuzlu beynəlxalq qurumlar - BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər nüfuzlu təşkilatlar tərəfindən qəbul edilən qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, Ermənistanın isə işğalçılıq siyasətindən hələ də əl çəkməməsi kəskin pislənilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin dəyişməz mövqeyi getdikcə daha çox beynəlxalq dəstək qazanır. Artıq beynəlxalq aləm reallıqdan xəbərdardır, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, güclü enerji potensialı yaradılmış, başqa ölkələrin, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini vermişdir. Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da vurğulandığı kimi, maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola biləcək səviyyəyə çatmış, güclü, qüdrətli, nizami ordu formalaşdırılmışdır. Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Belə ki, düşmənin təxribatına cavab olaraq ordumuz əks-hücum əməliyyatı keçirməklə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, Azərbaycan Ordusunun gücünü göstərir.

Artıq Azərbaycanda iqtisadi quruculuq prosesinin yeni bir mərhələsi başlayıb. Dövlətimizin başçısının fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafına yeni bir impuls, yeni dinamizm verəcəyinə böyük inam ifadə olunur. Son dövrlərdə iqtisadiyyatın inkişafını təmin etmək üçün ölkə başçısının imzaladığı sənədlər isə həmin quruculuq prosesinin artıq başladığını təsdiqləmiş oldu. Bu da məlumdur ki, Azərbaycanı qarşıda Avropaya yeni iqtisadi inteqrasiya mərhələsi gözləyir. İnanırıq ki, Avropaya siyasi inteqrasiya sahəsində böyük xidmətləri olmuş İlham Əliyev iqtisadi inteqrasiyanı da uğurla davam etdirəcək və bütün bunlara rəğmən hesab etmək olar ki, bu gün Azərbaycanda reallaşdırılan strateji iqtisadi kursun alternativi yoxdur. İqtisadi sahədə yürüdülən uğurlu siyasət isə, heç şübhəsiz iqtisadiyyatın inkişaf dinamikasına uyğun olaraq korrektə edilir. Bu baxımdan islahatların gedişi prosesində yaranmış yeni iqtisadi şəraitin reallıqları nəzərə alınacaq, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri yeni dövrün tələblərinə uyğun təkmilləşdiriləcək.

İqtisadi islahatların dönməzliyinin zəruriliyini qeyd  edən Prezident İlham Əliyevin iqtisadi platformasının müddəaları da göstərir ki, verilən proqnozlar və perspektivdə həyata keçirilməsi zəruri sayılan iqtisadi tədbirlər uğurlu həllini tapacaqdır. Yeri gəlmişkən qeyd edək ki, mövcud reallığa əsaslanmaqla, inkişafın bu günkü mərhələsində sosial siyasətin istiqamətləri də prioritet təşkil edəcək. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, dünyada baş verən iqtisadi böhranın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizdə bütün sosial layihələr vaxtında icra olunacaq. Qarşıdakı ilin dövlət büdcəsinin də sosialyönümlü olması deyilənlərin bariz nümunəsidir. Bu kimi məsələlərin daim dövlət başçısının diqqət mərkəzində saxladığı taleyüklü məsələ olduğunu dərk edən xalqımız isə şübhəsiz, möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşməklə növbəti uğurlara imza atacaqdır.

Cənab Prezidentin daim vurğuladığı kimi, biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik: “Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993