Azərbaycanda ən çox hüququ pozulan öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərdir

Bu fikir “Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş konfransda bir daha önə çəkilmişdir

Xəbər verildiyi kimi, dekabrın 9-da Bakıda 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ombudsman Elmira Süleymanova, Milli Məclisin sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Milli Məclisin deputatları, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, İctimaiyyat nümayəndələri iştirak ediblər.

Tədbirdə həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ətraflı məruzə ilə çıxış edərək əvvəlcə yüksək səviyyəli tədbirin təşkilinə və dəvətə görə təşkilatçılara təşəkkürünü bildirərək deyib:

- Şübhəsiz, hər bir dövlətin demokratiya yolu ilə inkişafının ən mühüm göstəricisi insanların hüquq və azadlıqlarının qorunmasıdır. Azərbaycanda da bu prinsiplər dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşdirilir.

Müstəqil Azərbaycanda vətəndaşların, hüquq və azadlıqlarının qorunması, mövcud problemlərin həlli sahəsində görülən işlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Vətəndaşlarımızın hüquqlarının təsbit edildiyi Ana Qanun - Konstitusiyanın Referendum yolu ilə qəbul olunması, 1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi, 2001-ci ildə Ombudsman institutunun təsis edilməsi buna əyani sübutdur. Son 13 il ərzində bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin biz hamımız canlı şahidləriyik.

Bildiyiniz kimi, bu gün ölkəmizdə ən çox hüququ pozulan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərdir. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, beynəlxalq təşkilatların çoxsaylı qərarlarına biganəlik nəticəsində 20 ildən çoxdur ki, bu insanlar öz daimi yaşayış yerlərinə qayıda bilmirlər. Soydaşlarımızın xeyli hissəsi bu gün də sıx məskunlaşma yerlərində yaşayır və çətinliklərlə üzləşirlər.

Doğrudur, Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların hüquqlarının qorunması, sosial problemlərinin həlli məsələlərinə böyük həssaslıqla yanaşır, mövcud iqtisadi imkanlardan maksimum istifadə etməklə onların həyat şəraitinin yaxşılaşdırılması üçün planlı, mühüm tədbirlər həyata keçirilir.

Bu gün beynəlxalq ictimaiyyət də etiraf edir ki, bu sahənin uğurla idarə edilməsində Azərbaycanda qabaqcıl təcrübə mövcuddur. Azərbaycan modelinin əsas cəhətləri nədir?

- bu problemin xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin bir nömrəli prioritet problem olmasının bəyan edilməsi;

- qaçqın və məcburi köçkün probleminin müntəzəm olaraq diqqət mərkəzində saxlanılması, bütün yerli və beynəlxalq tədbirlərdə bu məsələlər haqqında ictimaiyyətin müntəzəm məlumatlandırılması;

- problemin vahid mərkəzdən koordinasiya edilməsi;

- onların ölkə daxilində idarə olunmasının təmin edilməsi üçün beynəlxalq qanunvericiliyə uyğun milli hüquqi bazanın yaradılması;

- qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət, həyat şəraitinin yaxşılaşdırılması;

- onların malik olduqları bilik, bacarıq və təcrübələrindən səmərəli istifadəyə lazımi şəraitin, həmçinin ictimai, siyasi həyatda fəal mövqe tutmasına, iqtisadi inkişafa töhfə verməsinə normal mühitin yaradılması;

- qaçqın və məcburi köçkünlərin ölkə daxilində sərbəst miqrasiyasının və inteqrasiyasının təmin edilməsi.

Deyilənlərlə bağlı fikrimi əsaslandırmaq üçün bəzi faktları diqqətinizə çatdırmaq istərdim:

- bu sahədə beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, ölkə Prezidenti  tərəfindən 96 fərman və sərəncam imzalanıb, Milli Məclis 34 Qanun, Nazirlər Kabineti isə 370 qərar və sərəncam qəbul edib;

- qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə 1998 və 2004-cü illərdə 2 Dövlət Proqramı təsdiq edilib, 2007 və 2011-ci illərdə Əlavələr təsdiq olunub;

- beynəlxalq humanitar təşkilatların, donor ölkələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin də iştirakı ilə 2000-ci və 2004-cü illərdə beynəlxalq konfranslar keçirilib, ölkəmizin üzləşdiyi problem dünya ictimaiyyətinə bir daha çatdırılıb;

- ölkəmizdə olan və məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır düşərgəsi  2007-ci ildə, 16 fin tipli qəsəbə isə 2016-cı ildə ləğv edilib;

- qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bu qəsəbələrin açılışında Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev şəxsən iştirak ediblər;

- yeni qəsəbələrdə insanların rahat yaşaması, uşaqların təhsil alması, sağlamlıqlarının qorunması məqsədi ilə bütün zəruri sosial obyektlərlə yanaşı, texniki infrastruktur da yaradılıb;

- indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb;

- qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu vəsaitin də 2,0 milyard manatı  Dövlət Neft Fondunun vəsaitidir;

- son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb;

- ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait sərf olunub. Ondan 2,7 milyard manat dövlət büdcəsinin, 2,0 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir;

- məcburi köçkünlərin sıx müvəqqəti məskinlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədi ilə Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin onların məşğulluğunun artırılması üçün 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib;

- Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib, xeyli əlavə iş yerləri yaradılıb.

Şübhəsiz ki, bütün bu irimiqyaslı layihələr əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyasının konkret bəhrəsi, nəticəsidir.

Bir məsələni də qeyd etmək istəyirəm. Qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində, xüsusən 1990-cı illərin əvvəllərində, ölkəmizin iqtisadi vəziyyətinin çətin olduğu dövrdə donor ölkələrin, beynəlxalq humanitar təşkilatların köməyi böyük olub. Onlar soydaşlarımızın üzləşdikləri ağır problemlərin həllində çox mühüm işlər görüblər.

Təqdirəlayiq haldır ki, bu gün 21 beynəlxalq, 22 yerli humanitar  təşkilat öz fəaliyyətini davam etdirir və onların xətti ilə qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir. İndiyədək beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar tərəfindən bu layihələrə 1,4 milyard manat vəsait sərf olunub.

Fürsətdən istifadə edərək, sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə əvəzsiz yardıma görə humanitar təşkilatların hər birinə dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti tərəfindən bu təşkilatların tam sərbəst, şəffaf fəaliyyəti üçün bütün şərait yaradılıb və bundan sonra da, problem tam həllini tapana kimi, hətta soydaşlarımız öz daimi yaşayış yerlərin də qayıdaraq təhlükəsiz yaşayanadək bu şərait yaradılacaq.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, xüsusən BMT-nin Qaçqınların İşi üzrə sabiq Ali Komissarı və BMT-nin Baş Katibi seçilmiş cənab Antonio Quterreş ölkəmizə səfərləri və İcraiyyə Komitəsinin sessiyalarındakı çıxışları zamanı Azərbaycanın bu sahədə gördüyü işlərin və Azərbaycan təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu dəfələrlə vurğulamışdır.

Əlbəttə, qaçqın və məcburi köçkünlərin insan hüquqlarının tam həlli onların öz əzəli ata-baba torpaqlarına ləyaqətlə qayıtması ilə bilavasitə bağlıdır. Soydaşlarımıza öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və bir sıra beynəlxalq təşkilatların sənədlərində vurğulanmışdır və beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqca əhəmiyyətlidir.

Ölkəmizdə olan məcburi köçkünlər də bu ümidlə yaşayırlar. İnanırlar ki, ölkə başçısının apardığı siyasət nəticəsində onlar gec-tez öz yurdlarına dönəcək, əvvəlki həyatlarını bərpa edəcəklər.

Bir daha tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993