Məcburi köçkünlərin müraciətləri dinlənilmiş, onlara hərtərəfli izahatlar verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşlara lazımi səviyyədə xidmət göstərilməsi, onların bütün müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı verdiyi tapşırıqlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də daim diqqətdə saxlanılır, Komitəyə müxtəlif məsələlərlə bağlı məcburi köçkünlər tərəfindən edilən müraciətlər zamanı bu meyarlar əsas götürülür.

Müxtəlif ərazilərdə məskunlaşmış məcburi köçkünlərin dekabrın 15-də Dövlətqaçqınkomda keçirilən növbəti ənənəvi qəbulu da, həmişə olduğu kimi, dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində aparılmış, bu təbəqədən olan soydaşlarımızın qayğı və problemləri diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərə hərtərəfli aydınlıq gətirilmişdir.

Dövlətqaçqınkomun sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynov müxtəlif məsələlərlə, o cümlədən qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işə düzəltmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müxtəlif məskunlaşma obyektlərindən və bölgələrdən qəbula gələn 100-dən çox məcburi köçkünlə ümumilikdə görülən işlər, qarşıda duran vəzifələrlə əlaqədar söhbətlər aparmış, onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olmuş, edilən müraciətlər, narahatlıq doğuran məsələlərlə bağlı onlara hərtərəfli izahat vermişlər.

Bunlarla yanaşı, onu da qeyd edək ki, həmişəki kimi, bu dəfə də qəbula gələn məcburi köçkünlərin əksəriyyətinin mücariətləri mənzillə bağlı olduğundan əvvəlki qəbullarda olduğu kimi, bu dəfə də onların diqqətinə çatdırılmışdır ki, Dövlətqaçqınkomun balansında ehtiyat mənzil fondu olmadığından və bu gün Bakıda və ətrafda hələlik bu məqsədlə məhəllə və qəsəbələr inşa edilmədiyindən onların tələblərinin yerinə yetirilməsi indiki şəraitdə imkan xaricindədir. Bu məsələ ilə bağlı müraciət edənlərlə hərtərəfli söhbət aparan və edilən müraciətlərə hərtərəfli aydınlıq gətirən G.Fərhadov həmçinin bildirmişdir ki, cənab Prezident ölkə ərazisində hələ də daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil problemlərinin həlli istiqamətində məsələləri daha sürətlə həyata keçirmək üçün yollar müəyyənləşdirib ki, bunlar da gələcəkdə mərhələli şəkildə öz həllini tapacaqdır və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Bütün bunlar isə ona dəlalət edir ki, bu vacib məsələ həmişəki kimi, bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin gündəlik diqqət mərkəzində duran prioritet məsələlərdəndir.

Dövlətqaçqınkomun şöbə və departament müdirlərinin, Bakı şəhəri üzrə sektor müdirlərinin, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin də iştirak etdiyi qəbulda ərizə və şikayətlərdə, edilən müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə müvafiq tədbirlər görülməsi üçün Komitənin müvafiq strukturlarına ünvanlanmış, konkret tədbirlər ələ alınması üçün tapşırıq və tövsiyyələr verilmişdir.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993