Dövlətqaçqınkomun kollektivi ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişdir

Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatından 13 il ötdü. Tarixini yetişdirdiyi nadir şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası Azərbaycanı öz milli mənəvi dəyərlərini qorumaqla qarşıya çıxan heç bir çətinliyə baxmayaraq mürəkkəb bir zamandan uğurla çıxarıb ona həm bölgədə, həm də dunyada layiqli yer qazandırıb. Ona görə də Azərbaycan tarixinin şanlı səhifələri məhz xalqımızın böyük oğlu, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, ulu Öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə birbaşa bağlıdır. 

Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarı ilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünyanın nüfuzlu siyasətçiləri, görkəmli ictimai-siyasi xadimləri ulu öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsi adlandırmışlar. Ümummilli lider Heydər Əliyev zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Dünyada cərəyən edən proseslərə təsiri baxımından daima seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyət nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutub.

Anım günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi xalqımızın taleyində və müstəqil dövlətimizin tarixində, onun qurulmasında və qorunub saxlanmasında əvəzsiz, unudulmaz xidmətləri olmuş, həyatını bütövlükdə xalqımıza həsr etmiş, dövlətçiliyimizin xilaskarı, Ermənistanın təcəvüzkar siyasəti nəticəsində doğma ev-eşiyindən, ata-baba torpaqlarından didərgin düşərək, qaçqın-köçkün həyatı yaşayan bir milyona yaxın soydaşımızın himayədarına çevrilmiş mərhum prezidentimiz Heydər Əlirza oğlu Əliyevin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etmişdir.

Ümummilli liderimizin siyasi kursunun bundan sonra da uğurla davam etdiriləcəyinə, möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyəti sayəsində bütün problemlərin, xüsusilə ölkənin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına, torpaqlarımızın işğalçılardan təmizlənəcəyinə, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacaqlarına əmin olan kollektivin üzvləri müqəddəs məzarın üstünə gül-çiçək dəstələri qoymuşlar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993