Qubadlıdan olan məcburi köçkünlər də sabaha nikbinliklə baxırlar

Bu gün Prezident İlham Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünya dövlətləri içərisində mövqeyinin möhkəmlənməsi, xalqın güzəranının yaxşılaşdırılması üçün apardığı ardıcıl, səmərəli fəaliyyət və atdığı qətiyyətli   addımlar cari ilin ötən dövrü ərzində də öz müsbət nəticələrini vermişdir. Ölkəmizdə baş verən dəyişikliklər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın da güzəranının yaxşılaşdırılmasına özünün müsbət təsirini göstərmişdir.

Bu baxımdan Qubadlı rayonundan didərgin düşərək ölkəmizin müxtəlif bölgələrində, xüsusilə Sumqayıt şəhərində məskunlaşan məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, kommunal problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, təkcə cari ilin ötən dövrü ərzində Saatlı rayonunda məskunlaşan 2 ailə, Sabirabad rayonunda isə 3 ailə yeni mənzillə təmin edilmişdir.   Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində 3 ailəyə hərtərəfli şəraiti olan mənzillər tikilmişdir. Bir nəfər köçkün ailəsinə   Kimyaçılar qəsəbəsində idarə binasında, daha bir ailəyə isə Şəfa sanatoriyasında mənzil verilmişdir.

Bunlarla yanaşı, Sumqayıtdakı 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon icra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə işləri aparılaraq, qaz sayğacının quraşdırılması təmin edilmişdir. “Sumqayıt” mehmanxanasında, 10 saylı Texniki Peşə Liseyinin zirzəmisində və Beton-zavod ərazisində 12 ailənin məskunlaşdığı idarə binasının həyətində olan su təmizlənmiş, Ələt qəsəbəsindəki mədəniyyət evində məskunlaşan bir ailənin mənzilinə qaz xətti çəkilməsinə kömək edilmiş, İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanadakı su mühərriki təmir edilərək, işlək vəziyyətə gətirilmişdir.

Həmçinin rayon icra hakimiyyəti tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində 3 məcburi köçkün ailəsinə fərdi mənzil tikməsinə, “Yaşma” yaşayış sahəsində 2 ailənin, “Sumqayıt stansiyası” yaşayış sahəsində 2 ailənin, Yaşıldərə yaşayış sahəsində 5 ailənin, Xəzər bağlarında 2 ailənin, Sarıqaya ərazisində 1 ailənin fərdi   mənzilin tikilməsinə icazə alınmasına kömək göstərilmişdir.

Sarıqaya ərazisindəki xəstəxana binasında 2 ailənin, 40-cı məhəllədə köçkünlər yaşayan binada isə 5 ailənin mənzilinin dam örtüyü, məcburi köçkünlərin məskunlaşdığı Türk Liseyinin və “Sumqayıt” mehmanxanasının damındakı su novları daxili imkanlar hesabına təmir olunmuşdur. 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 kvadratmetr asfalt örtük çəkilmiş, “Şəfa” sanatoriyasındakı məclis evində və həyətində təmir, abadlıq işləri aparılmışdır. Həmçinin müxtəlif ərazilərdəki məskunlaşma yerlərində yaşayış şəraitlərinin yaxşılaşdırılması, köçkün ailələrinin üzləşdikləri çətinliklərin aradan qaldırılması rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etdiyindən, bu sahə daima diqqətdə saxlanılmış və müəyyən layihələrin həyata keçməsi təmin edilmişdir.

Cari ildə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı 7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binalarda su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri başa çatdırılmışdır. Kondisionerlər zavodunun sanatoriya binasında yanğın zamanı yararsız hala düşmüş bina Dövlətqaçqınkomun xətti ilə qısa vaxt ərzində əsaslı təmir edilərək yenidən köçkünlərin istifadəsinə verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən yanğından zərər çəkən 14 ailənin hər birinə daxili imkanlar hesabına 500 manat, Nazirlər Kabinetinin xətti ilə isə 5 min manat pul köməkliyi edilmişdir.

Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğısını yüksək dəyərləndirən və bütün bunlar üçün minnətdarlıqlarını ifadə edən bütün məcburi köçkünlər kimi, Qubadlıdan olan soydaşlarımız da doğma ocaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyir və cənab Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında o yurd yerlərinə qayıdacaqlarına əminliklərini ifadə edirlər.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993