Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Son vaxtlar kütləvi informasiya vasitələrində məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi məsələsi ilə bağlı gedən fikirlərlə əlaqədar olaraq bildiririk ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası”na əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin istifadə etdiyi kommunal xidmət xərcləri mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilir.

Məcburi köçkünlər müxtəlif vaxtlarda Komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, keçirilən səyyar görüşlərdə və Komitədə qəbul zamanı onlar istifadə etdikləri kommunal xidmət xərclərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini bildiriblər.

Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı.

Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur.

Qeyd etmək istəyirik ki, məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır. Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir.

 

Kommunal xərclərin məcburi köçkünlərə verilməsi təşəbbüsü onların özləri tərəfindən irəli sürülüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında da bildirildiyi kimi, kommunal xidmət xərclərinin məcburi köçkünlərin özlərinə verilməsi ilə bağlı səslənən fikirlər, təşəbbüslər məcburi köçkünlərin özləri tərəfindən irəli sürülüb və dəstəklənir. Bütün bunlar müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlər tərəfindən ayrı-ayrı vaxtlarda Komitəyə edilən müraciətlərdə də öz əksini tapıb. Aşağıdakı fikirlər deyilənləri bir daha təsdiqləyir.

Vəli Quliyev (Zəngilan rayonundan məcburi köçkün, Abşeron rayonu, Masazır qəsəbəsi):

- Məcburi köçkünlərin müxtəlif problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər, göstərilən gündəlik qayğı bizim bir sıra çətinliklərimizi artıq arxada qoyub, həyatımızda mühüm dönüş yaradıb. Belə ki, son vaxtlar mənzil-məişət şəraitimizin yaxşılaşdırılması, verilən sosial müavinətlərin artırılması, kommunal xidmət xərclərinin dövlət tərəfindən ödənilməsi bütün məcburi köçkünlər arasında rəğbətlə qarşılanır.

Bizim ailəmiz də digər həmyerlilərim kimi uzun illər yataqxanada məskunlaşmışdı. Lakin indi dövlətimizin qayğı və diqqəti nəticəsində Masazırda məcburi köçkünlər üçün tikilmiş məhəllədə yaraşıqlı, hər cür şəraiti olan mənzillə təmin edilmişik. İşığa, qaza, suya olan tələbatımızı təmin etmək üçün hərtərəfli tədbirlər görülüb. Bütün kommunal xidmət xərclərimiz dövlət tərəfindən ödənilir.

Bu gün heç kəsə sirr deyil ki, elektrik enerjisini, qazın, suyun pulunu özləri ödəyənlər imkan daxilində qənaət etməyə çalışırlar. Bizim ailədə də buna üstünlük verilir və hər ay xeyli qənaət olunur. Lakin kommunal xidmət xərclərini özləri ödəyənlərdən fərqli olaraq bizim etdiyimiz qənaət yığılıb qalır. Ona görə də bizə ayrılan kommunal xidmət xərcləri plastik kart vasitəsilə özümüzə verilsə, bu, daha yaxşı olar. Çünki onda bu xərclərə görə ayrılmış vəsaitdən edilmiş qənaəti biz başqa problemlərimizin həllinə yönəldə bilərik. Bu, həm bizim imkanlarımızın yaxşılaşdırılmasına, həm də dövlət tərəfindən ayrılan vəsaitdən səmərəli istifadə olunmasına şərait yaradar.

Fəridə Rəhimova (Ağdam rayonu, Bənövşələr qəsəbəsi):

- Mən Ağdam rayonundan məcburi köçkünəm. 23 ildən çoxdur ki, doğma ata-baba yurduma həsrət qalmışam. Doğulub boya-başa çatdığım yer hər gecə yuxuma girir. O yerlərə bir gün qayıdacağıma, Ağdama qovuşacağıma ümidlə yaşayıram.

Ötən 23 ildə dövlətimiz bizim hər qayğımızı çəkib, bu gün də nə lazımdırsa edir. Aylıq çörək pulu alırıq, işıq, su, qazdan pulsuz istifadə edirik. Bizə yaradılan şəraitə görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.

Zəmanə belədir ki, gərək hər şeydən qənaətlə istifadə edəsən, israfçılığa yol verməyəsən. Bizə xərclənən pullar dövlət büdcəsinindir. Ona görə, yaxşı olardı ki, həmin vəsait bizim özümüzə verilsin. Biz də onu istifadə etdiyimiz işığa, suya, qaza görə özümüz ödəyək. Belə olarsa, kommunal xidmətlərdən də qənaətlə istifadə edərik. Özümüz ödəsək, bu işə daha məsuliyyətlə yanaşarıq.

Rəna Cəbrayılova və Sənubər Bağırova (Füzuli rayonundan məcburi köçkünlər, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi):

-Bu gün Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətinin əsas istiqamətlərindən biri, bəlkə də birincisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, biz məcburi köçkünlərin doğma torpaqlarımıza qaytarılmasıdır. Bu istiqamətdə aparılan siyasət hamımızın ürəyincədir. Düzdür, hələlik biz doğma Füzulidən aralı, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmışıq. Burada bizim üçün hər cür şərait yaradılıb. Ancaq bununla yanaşı, bu gün biz görürük ki, bütün dünyada maliyyə böhranı baş alıb gedir. Bizim ölkəmizdə isə belə hal yoxdur. Cənab Prezidentimizin apardığı iqtisadi siyasət nəticəsində bütün bunlar bizim ölkəmizdən demək olar ki, yan keçib. Bizim dövlət büdcəmiz sosialyönümlüdür. Belə böhranlardan bizim ölkəmizin də əziyyət çəkməməsi üçün gərək biz də bu cür məsələlərə diqqətlə yanaşaq.

Yaxşı olar ki, kommunal xidmət xərcləri bizim özümüzə verilsin. Onda ayrılmış vəsaitdən tam tələbatımıza uyğun istifadə edə bilərik.

Səfər Hüsyenov (Şuşa rayonundan məcburi köçkün, Sabunçu rayonu, Ramana qəsəbəsi):

-Dövlətimizin qayğısı sayəsində bizim üçün Bakı şəhərində yeni qəsəbə salınıb, rahat mənzillərlə təmin olunmuşuq. İşıq, su, qazla təminatda heç bir problemlə üzləşmirik. Kommunal xidmətlərin pulunu da dövlət ödəyir. Bizə göstərilən diqqət, qayğı bizim yurd həsrətimizi, məcburi köçkünlüyümüzü xeyli yüngülləşdirir.

Son günlər kommunal xidmətlərin məcburi köçkünlərin özləri tərəfindən ödənilməsi ilə bağlı təkliflər səsləndirilir. Hesab edirəm ki, müəyyən edilmiş normativlərə uyğun olaraq vəsait bizim özümüzə verilsə, həm qənaətlə istifadə baxımından, həm də operativ ödəmə nöqteyi-nəzərindən daha məqsədəuyğun olardı. Xidmət təşkilatları ilə bizim aramızda bəzən yaranan anlaşılmazlığa da birdəfəlik son qoyulardı.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993