İşğaldan azad edilmiş ərazilərin bərpası – abadlıq və quruculuq

Bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Azərbaycanın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara, dövrün tələblərinə və çağırışlarına əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. AZƏRTAC-ın 2021-ci ildə Azərbaycanın əldə etdiyi çoxsaylı nailiyyətlərə həsr edilmiş məqaləsində işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə də nəzər salınır.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 19 yanvar tarixli Fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə fevralın 2-də təsdiq olunmuş “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib.

Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Qarabağın “dağlıq” və “aşağı” hissələrə bölünməsi kimi haqsızlığa son qoyub. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən tarixi Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi olub.

Prezident İlham Əliyevin yanvarın 15-də Füzuli və Şuşaya, fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıla, martın 15-də Füzuli və Xocavəndə, martın 16-da Şuşaya, aprelin 26-da Cəbrayıl və Zəngilana, mayın 13-də Şuşaya, mayın 28-də Ağdama, iyunun 15-də Füzuli və Şuşaya, avqus­tun 16-da Kəlbəcər və Laçına, avqustun 30-da Füzuli və Şuşaya, oktyabrın 4-də Cəbrayıla, oktyabrın 17-də Füzuliyə, oktyabrın 21-də Zəngilana, oktyabrın 25-də Qubadlıya, oktyabrın 26-da Füzuli və Zəngilana və nəhayət, dekabrın 24-də Hadrut və Şuşaya gerçəkləşən səfərləri iş­ğaldan azad edilmiş ərazilərin bərpasına böyük diqqətin, həssas münasibətin göstəricisidir. Həmin səfərlər zamanı dövlətimizin başçısı bir sıra şəhər və rayonların baş planlarını ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edib, bəzi mühüm təməlqoyma və açılış mərasimlərində iştirak edib, bərpa işlərinə dair tapşırıq və göstərişlərini verib. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması “Böyük qayıdış”ın yaxın illərdə reallaşacağına ciddi əminlik yaradıb.

Dövlətimizin başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib.

2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası sürətlə davam etdirilən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda təkcə investisiya qoyuluşlarına deyil, həm də turizmin inkişafına əlverişli şərait yaratmaq məqsədi daşıyır. Cari il noyabrın 7-də isə “Zəfər Yolu”nun açılışı olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər sürətlə davam etdirilir.

Son bir ildə Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” Su Elektrik Stansiyasının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.

Cənubi Qafqaz regionunda ilk olaraq işğaldan azad edilmiş ərazilərdə, Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına start verilməsi yeni konseptual yanaşma kimi regionun iqtisadi inkişafını və müasir idarəetmə modellərinin reallaşmasını, son nəticədə vətəndaş məmnunluğunu təmin edəcək.