Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq dövlət başçısının yeni Sərəncamı ilə onlara yeni ildən “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi veriləcək. Aidiyyəti qurumlar tərəfindən həmin status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, ölkəmizdə yeni sosial islahatlar paketi çərçivəsində həyata keçirilən bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.

“Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının əra-zi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiy­yəti qurumlar tərəfindən müəyyən ediləcək və Nazirlər Kabineti ilə razılaşdırılacaq.

Sərəncama əsasən, aidiyyəti qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla “Müharibə veteranı” adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edəcək. Nazirlik “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və “Zəfər” altsisteminə daxil edilmiş şəxslərə gələn il yanvarın 1-dən Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək.