Vətən uğrunda

Onlar Azərbaycanın müxtəlif bölgələrində dünyaya göz açsalar da, bir amal, bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyatlarını qurban veribllər. Talelərindəki oxşarlıq isə təkcə bununla bitmir: doğum günləri ilin son günlərinə təsadüf edən hər iki şəhidimiz rəşadətli ordumuzun peşəkar hərbçiləri olublar.

Kərim Tərlan oğlu Hüseynov 30 dekabr 1989-cu ildə Qusar rayonunun Piral kəndində anadan olmuşdu. Hərbi işə marağı onu ordumuzda gizir kimi xidmət etməyə həvəsləndirmişdi. Vətən müharibəsi başlananda özü ilə yanaşı kiçik qardaşı Tural da hərbi xidmətdə idi. Onlar döyüş bölgəsinə də birlikdə gediblər. Eyni istiqamətdə erməni faşistləri ilə vuruşublar. Tural deyir ki, Kərim imkan tapan kimi mənə baş çəkirdi, ürək-dirək verirdi. Son döyüşünə gedərkən də ona narahat olmamağı tapşırıb.

Kərim Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 9-da şəhid olub. Ailə üzvləri bu acı xəbərdən oktyabrın 11-də xəbər tutub. Qəhrəman gizirin nəşi oktyabrın 14-də doğma Piral kəndində dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası za­manı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Kərim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Vətənpərvər ailənin övladı olan Kərim Hüseynov iki uşaq atası idi. Valideynləri nə qədər övlad ağrısı çəksələr də, məğrur və qürurludurlar. Onlar həm şəhid, həm də qazi valideynləridir. Atası Tərlan kişi deyir ki, “Vətən varsa, şəhidlik də var – Vətən sağ olsun”!

***

Şəhid Toğrul Bayram oğlu Abbasov 1990-cı il dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdu. Orta məktəbi doğma kənddə bitirdikdən sonra, 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hərbi hissələrindən birində həqiqi hərbi xidmət keçmişdi.

Toğrul hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışsa da, Vətən torpaqlarını qorumaq və işğaldan azad etmək istəyi ilə yenidən silaha sarılmağı qərarına gəlib. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən orduya qayıdıb. Vətən müharibəsinin elə ilk günündə - sentyabrın 27-də ona igidliyin ali məqamı – şəhidlik nəsib olub. Füzuli istiqamətində düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması uğrunda döyüşdə həyatını qurban verən Toğrulun dəfnində böyük izdiham yaşanıb. O, çox erkən itirdiyi anasının məzarının yanında torpağa tapşırılıb.

Torpaqlarımızın işğaldan azad edilməsində oğlunun iştirakından və şəhidliyə yüksəlməsindən qürur hissi keçirdiyini bildirən Bayram kişinin ən böyük təsəllisi Toğrulun üzünü görə bilmədiyi qız övladıdır. Ötən il dekabrın 15-də dünyaya gələn körpə Yağmur da gələcəkdə atası ilə fəxr edəcəkdir.

Toğrul Abbasov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

ÜLVİYYƏ