Köhnə ilin uğurları, yeni ilin arzuları

Hər ilin sonu həm hesabat vaxtı, həm də yeni il üçün planlar, arzular, istəklər çağıdır. Nə qədər yeniliklər dövründə yaşasaq da, hər gələn il yola saldığımız ilə xeyli bənzəməkdədir. Fəlsəfənin məşhur inkarı inkar qanununda olduğu kimi; yeni keçmişin bağrından doğulur, onu tamamilə silib atmır, ən vacib keyfiyyətlərini əxz edib yeniliklə qovuşdurur.

Necə ki, 2021-ci il böyük qələbə ili kimi qeyd etdiyimiz 2020-ci ilin məntiqi davamı idi, eləcə də qarşılamaq ərəfəsində olduğumuz 2022-ci il də Azərbaycanın tarixində ən önəmli illərdən biri olacaqdır. Biz pələng üstündə gələn yeni ili daha çox qayıdış ili kimi qeyd edəcəyik. Lakin hələ baş verəcək hadisələrə keçməzdən əvvəl, onları daha aydın təsəvvür etmək üçün son günlərini yaşadığımız ilə ümumi bir nəzər salmalıyıq.

2021-ci ili Qarabağa qayıdış və quruculuq epoxasının başlanğıcı kimi səciyyələndirmək olar.

Tale 8 noyabr qələbəsini bizə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il hədiyyəsi etdi. Ardınca Azərbaycan Prezidenti, müzəffər ordumuzun Ali Baş Koman-danı İlham Əliyev öz xanımı, Vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Şuşaya səfər etdi. Səfərlə həm də “Güllələnmiş heykəllər” adı ilə məşhurlaşan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri doğma Şuşaya qaytarılıb öz tarixi yerlərini aldı. Əgər son hadisələrə bir film kimi baxsaq, bu büstlərin Şuşaya qaytarılması ssenarinin ən təsirli detallarından biri kimi yadımızda qalacaqdır. Bildiyiniz kimi, Şuşanın işğalı sadə bir işğal deyil, Azərbaycanın milli-mədəni varlığına qarşı törədilmiş ən amansız qəsd idi. Düşmən hələ əsası 20-ci əsrin əvvəllərində qoyulan genosid siyasətini Xocalıdan sonra Şuşa ilə davam etdirirdi. Bu siyasət təkcə Azərbaycanın insanına yox, həm də onun maddi-mədəni abidələrinə qarşı yönəlmişdi. Çünki məqsəd həm bizi, həm də bizə məxsus olan bütün izləri yer üzündən silməyə hesablanmışdı. Xan qızı Natəvanın, peşəkar musiqimizin banisi Üzeyir bəyin və müsəlman şərqinin dünya şöhrətli səsi Bülbülün Şuşadakı büstlərinin barbarcasına güllələnməsi başa düşən insanlar üçün çox şey deyirdi. İşğal illərində bu heykəllər böyük çətinliklə düşmənin əlindən alınaraq Bakıya gətirildi və İncəsənət Muzeyinin həyətinə qoyuldu. Bundan sonra Şuşa faciəsi haqda təkcə ayrı-ayrı insanlar deyir, həm də bu heykəllər danışırdı.

Azərbaycan Prezidentinin Qarabağın baş tacı Şuşaya ilk səfəri zamanı güllənmiş heykəlləri də aparması böyük məna kəsb edirdi. Bu, bir yandan haqq-ədalətin bərpası idisə, digər yandan sivil dünyaya sülh mesajı idi. Biz Şuşaya mədəni üstünlüyünüzlə qayıdırdıq və məqsədimiz qurub-yaratmaq idi. Məntiqi davam kimi bir neçə ay sonra Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı elan edildi və bu gözəl diyarda silsilə mədəniyyət tədbirləri keçirildi. Tarix boyu Şuşanın kədərli simvoluna çevrilən Xarıbülbül bu dəfə qələbəni təcəssüm etdirirdi. Eyni adlı festival Cıdır düzündən dalğalanan musiqi sədalarını bütün dünyaya çatdırdı.

Oxşar hadisə Şuşadakı digər maddi-mədəni sərvətləri ilə də baş verdi. Ən vacib abidələr, abidə kompleksləri, məscidlər, ev muzeyləri və başqa əhəmiyyətli yerlər sürətlə bərpa edilməyə və yenidən qurulmağa başlandı. Bunların arasında Vaqifin məqbərəsi və büstü xüsusi əhəmiyyət daşıyırdı. Təbii ki, bu abidələri də yerlə bir etmişdilər. Hətta onların bərpası üçün nümunə belə tapmaq mümkün deyildi, buna görə mütəxəssislər 90-cı illərdən qalma fotolardan istifadə etdilər.

Cıdır düzündə keçirilən Vaqif Poeziya Günləri həm də Azərbaycan sözünü, Azərbaycan kitabını Şuşaya qaytardı.

Tarixdən öyrənmişik: Qələbə müharibə ilə qazanılır, mədəniyyətlə möhkəmlənir. İngiltərənin baş naziri, Nobel sülh mükafatı laureatı Uiniston Çörçill İkinci Dünya savaşında mədəniyyət sahəsinə ayrılan vəsaitin aidiyyəti qurumlar tərəfindən azaldıldığını görəndə öz etirazını bildirmiş, fikrini belə bir dahiyanə cümlə ilə əsaslandırmışdı: “Əgər İngiltərə mədəniyyəti yoxdursa, biz nəyin uğrunda vuruşuruq?!”

Bəli, mədəniyyət həm də bir xalqın var olma səbəbi, onu xarakterizə edən ən güclü amildir. Son 30 ildə vətənimizin qəsdinə duran qüvvələr müvəqqi üstünlük əldə etsələr də, məhz aciz olduqları nöqtə Azərbaycanın mədəniyyəti idi. Obrazlı desək, düşmən Üzeyir bəyə qalib gələ bilmədi. Çünki bu cür böyük mədəniyyəti təmsil edən insanlar beş ilə, on ilə, hətta otuz ilə də yetişmir. Bunun üçün dərin tarixi köklər və güclü ənənələr olmalıdır. Bir də, təbii ki, yaşadığın torpağa sahiblik haqqın.

2021-ci il boyu biz doğma yurd-yuvamıza qayıtdıqca böyük bir gerçəkliyin canlı şahidi olduq: düşmən dağıtmaqdan başqa bir şey bacarmırmış! Böyük şəhərlərdə, kəndlərdə daş-daş üstündə qalmamışdı. Demək, onlar bu yerlərdə əbədi qalmayacaqlarını çox yaxşı bilirmişlər.

Yeni il böyük qayıdışın geniş miq­yasda həyata keçiriləcəyi il olacaq. Cari ildə biz daha çox minaların təmizlənməsi və yolların çəkilməsi ilə məşğul idik. Füzulidən Şuşaya çəkilən Zəfər yolu əslində Azərbaycanın bütün bölgələrindən doğma Qarabağa çəkilməyə başladı. Xüsusən Gəncə-Kəlbəcər-Laçın magistralı və Zəngəzur dəhlizi öz tarixi əhəmiyyəti ilə diqqət çəkdi.

Biz təkcə Şuşaya yox, Qarabağın və Şərqi Zəngəzurun bütün bölgələrinə yeni çəkilən Zəfər yolları ilə qayıtmağa hazırlaşırıq. Eynən Şuşa kimi bütün azad edilən şəhər və kəndlərimizi möhtəşəm abadlıq gözləyir. Cıdır düzündən pərvazlanan musiqi səsi çox keçmədən hər yandan eşidiləcək, şeir sədaları göylərə yüksələcək.

Biz təkcə Şuşada Vaqifin deyil, Cəbrayılda Qurbaninin, Laçında Sarı Aşığın, Ağdamda Aşıq Valehin, Kəlbəcərdə Aşıq Şəmşirin hüzuruna sazımızla-sözümüzlə gedəcəyik. İllərdir müharibəyə, qana, insan fəryadına və dağıntılara şahidlik edən kəndlər və şəhərlər sülhün və xoşbəxtliyin beşiyinə çevriləcək.

Zülm sözünün klassik mənası bir nəsnənin özünə aid olan yerdən perik düşməsidir. Demək, xoşbəxtlik də hər şeyin aid olduğu yerə qayıtması - bülbülün gülə, quşun səmaya, balığın dəryaya qovuşmasıdır. Bu mənada on illərlə həsrət çəkən həmvətənlərimizin öz doğma Qarabağına və Zəngəzuruna qayıtması təkcə Azərbaycan üçün yox, bütün coğrafiya üçün sülh, əmin-amanlıq və səadət deməkdir. Dünyada işğallar çox olub, heç biri uzun çəkməyib. Gec-tez hər şey özünə dönüb və dünyanın əzəli-əbədi ədaləti bərpa olunub.

Biz də 2022-ci ili bəşəriyyət tarixinə tarixi ədalətin bütün müstəvilərdə təmin olunması ili kimi yaşayacağıq. Artıq buna mane olacaq qüvvə yoxdur. Çünki bizim həm böyük mədəniyyətimiz, həm zəngin torpağımız, həm də bunların hər ikisini göz bəbəyi kimi qorumaq iqtidarında olan müzəffər ordumuz var.

Şərif AĞAYAR