Tarixi Zəfərimiz Azərbaycanın gücü və xalqımızın birliyi ilə əldə edilib

Təcavüzkar Ermənistanın 30 il ərzində işğal altında saxladığı əzəli torpaqlarımızın azad olunmasından bir il ötür. Xalqımızın tarixinə möhtəşəm Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 Noyabr bayramı ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyətinin, müdrik siyasətinin və Azərbaycan Ordusunun güc-qüdrətinin, döyüş ruhunun məntiqi nəticəsidir. Bu, eyni zamanda, bütün dünyaya xalqımızın torpaq-yurd sevgisinin, haqq-ədalət uğrunda mübarizə əzminin, yumruq kimi bir olmağının, milli birliyinin nümayişinin təsdiqinə çevrildiyi gündür. Bu, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını təsdiqləyən 44 günlük qəhrəmanlıq salnaməsinin parlaq ifadəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.

O deyib: “Bu Qələbənin əsasında xalqımızın əzmkarlığı, əminliyi dayanırdı. Hər bir vətəndaşımız müharibənin ilk günündən Ordumuzun döyüşü zəfərlə başa vuracağına inanırdı. Ona görə ki, əvvəla bu əminlik haqdan, ədalətdən qaynaqlanırdı. Çünki erməni faşizmi varlığının mövcud olduğu uzun bir dövrdə havadarlarının dəstəyi ilə torpaqlarımıza sahiblənmişdi.

Ermənilər düşmənçilik siyasətini 200 il-dən çoxdur ki, aparır. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq indiyədək erməni təxribatları davam edir. Düşmən məskunlaşdığı ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb, münbit ərazilərimizi ələ keçirməyə çalışıb, azərbaycanlıların əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində isə soydaşlarımız sıxışdırılıb”.

Rəşad Mahmudov bildirib ki, soydaşlarımıza qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən qəsbkarlar 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. 1918-1920-ci illərdə isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin dövrdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan edilib.

Azərbaycanlıların öz tarixi-etnik torpaq­larından qovulması sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Nəhayət, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan didərgin salınaraq Ermənistan monoetnik dövlətə çevrilib.

Düşmən ötən əsrin 90-cı illərinin əvvəllərində isə ərazimizin daha 20 faizini qəsb edərək, insanları doğma yurd-yuvalarından didərgin saldı.

Rəşad Mahmudov, həmçinin bildirib ki, xalqımız, eləcə də hər bir keçmiş məcburi köçkün 30 ilə yaxın bir müddətdə düşmənin amansızlığını, törətdiyi vəhşiliyi unutmurdu, qisasın qiyamətə qalmayacağını yaxşı bilirdi. Doğma torpaqlarından zülmlə qovulan soydaşlarımız mənəvi əzab içində yaşasalar da, gələcəyə ümidlə baxır, Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyəti, müdrik siyasəti sayəsində Ordumuzun parlaq qələbəsi ilə illərlə ürəklərində gəzdirdikləri istəklərinə qovuşacaqlarına, Vətən həsrətinə son qoyulacağı günü görəcəklərinə inanırdılar. Dövlətimizin başçısı İlham Əliyev də insanların yurda qayıdış arzusundakı qətiyyətə əsaslanaraq Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən sonrakı çıxışlarının birində deyirdi: “Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir”.

Vətən müharibəsində parlaq Qələbəmizi şərtləndirən amilləri xatırladan deputat deyib: “Bu, döyüşlərdə misilsiz qəhrəman­lıq­lar nümayiş etdirən hərbçilərimizin Vətən məhəbbəti ilə bağlıdır. Yüksək vətənpərvərlik ruhu, torpağa, dövlətə sonsuz sevgilərlə savaşa atılan gənc əsgər və zabitlərimiz üçün Qarabağ, sadəcə, torpaq demək deyildi. Onlar həm də Qarabağın xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdilər. Ona görə də Ordumuz bu hisslə, bu yanğı ilə 44 gün ərzində mərdliklə döyüşdü, misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Füzuli uğrunda savaşda əsgər və zabitlərimiz tərəfindən istilaçının 30 il ərzində qurduğu istehkamların böyük peşəkarlıqla dağıdılması, yüksəkliklərdə düşmən maneələrinin şücaətlə yarılması, Şuşa qayalıqlarını cəsarətlə dırmaşaraq bu qədim şəhərimizdən erməni faşistlərinin süngü ilə qovulması bunun bariz ifadəsi idi”.

Rəşad Mahmudov söhbətində bir məqamı da diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsindəki Qələbəmizdə döyüşçülərimizin vətənpərvərlik ruhunun son dərəcə yüksək olması ilə bərabər, silahlı qüvvələrin güc-qüdrəti də önəmli rol oynadı. Çünki Ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilmişdi. Silahlı qüvvələrimizin hərbi-texniki və döyüş hazırlığı ən yüksək səviyyədə idi. Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək kimi mühüm vəzifəni uğurla gerçəkləşdirmişdi.

Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətindədir”.

Deputat sonda vurğulayıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə əsgər və zabitlərimiz 44 gün ərzində cəbhədə necə uğurlar əldə etmişlərsə, hansı qəhrəmanlıqlar, igidliklər göstərmişlərsə, erməni faşizminin torpaqlarımıza vurduğu dərin yaraların da eləcə sürətlə sağaldılacağına, bu istiqamətdə önəmli nəticələrə nail olunacağına hazırda heç kim şübhə etmir. Qarabağın və Şərqi Zəngəzurun uğurla bərpa olunmasına, dünyanın ən gözəl, yaraşıqlı məkanlarından biri kimi tanınmasına hamı ürəkdən inanır.