Ermənilər yenə didişirlər

Payızın son ayı Ermənistana yeni siyasi şaxta gətirib. Qəzetimizin ötən sayında qeyd etmişdik ki, tərkibi əsasən «sosna crer»dən ibarət olan xalq hakimiyyəti - «Qütb» oktyabrın 30-da İrəvanda və vilayət mərkəzlərində yürüş - mitinqlər keçirəcəyini bildirmişdi. Həmin gün sözügedən radikal qurumun aksiyası baş tutub.

Yürüş mitinqdə daha çox Rusiyanın, V.Putinin əleyhinə təhqiramiz ifadələrlə dolu şüarlar səsləndirilib. Bu aksiyanın özəlliklərindən biri də o olub ki, meydanda Ermənistanın bayrağından əlavə ABŞ-ın, Fransanın, Hindistanın, İranın, Almaniyanın və s. dövlətlərin bayraqları da nümayiş olunub. Şüarlar isə erməni, rus və ingilis dillərində yazılıb. «Qütbçü»lər onlara qoşulan hər kəsə, o cümlədən digər müxalifət partiyalarının nümayəndələrinə xüsusi təşəkkür bildirdikdən sonra həyasızcasına deyiblər ki, 44 gündə kapitulyasiya aktına qol çəkməyə məcbur olan Paşinyan istefa verməsə, o güc vasitəsilə «istirahətə» göndəriləcəkdir. Erməni mətbuatının noyabr ayının 1-dən 5-dək olan dövrü əhatə edən məqalələrində və elektron informasiya vasitələrinin yayımlarında həmin mitinq geniş şərh olunur, buna müxtəlif rəylər bildirilir. Kimin hansı rəy yazmasından asılı olmayaraq isə görünən budur ki, siyasi ekspert İ.Çubukçiyanın dediyi kimi, ermənilər müharibə bitdikdən sonra indiyədək bir-birinin ətini yeyir.

Belə ki, iqtidar tərəfdarları radikal müxalifətin müxtəlif üsullarla cəzalandırılmasını, müxalifət tərəfdarları isə iqtidarın bir il öncə imzalanmış üçtərəfli bəyanatdan imtina etməsini təkidlə vurğulayır.

Vaxtilə «yeni ərazilər uğrunda yeni müharibə», - deyə Azərbaycana hədə-qorxu gələn, indi isə işlədiyi müddətdəki qeyri-qanuni fəaliyyətinə görə həbsdə olan David Tonoyanın öz vəkili vasitəsilə xalqa müraciətindən sonra istintaqa cəlb olunan yüksək vəzifəli hərbiçilərin də arasında qarşılıqlı ittihamlar geniş şərh olunmaqdadır. Həmin hərbiçilər bildirirlər ki, onlar əmrləri şifahi alıblar və ona əməl ediblər. Hərbi prakurorluq isə müharibə dövründə əmrlərin şifahi verilməsinin qeyri-qanuni olduğunu əsas tutaraq onların bəzilərini qorxaqlığa və fərariliyə, ən yumşaq halda isə vəzifə səlahiyyətini yerinə yetirməyə təşəbbüs göstərməməyə görə suçlayır. Bununla bağlı yazılan rəylərdə o da görünür ki, Paşinyanın komandasına birbaşa bağlı olan hərbiçilərin heç biri indiyədək sorğu-sual edilməyib.

Xankəndidəki separatçı qurumda da hərbiçilərin fəaliyyəti ilə bağlı komissiya yaradılıb. Həmin komissiya yekun olaraq bildirib ki, bütün əmrlər Arayik Harutunyan tərəfindən verilib. Bununla bağlı yazılan şərhlərdə göstərilir ki, Arayik Harutunyanın hərbi bilik və təcrübəsi olmadığına görə verdiyi əmrlərin də effektliyi ola bilməzdi.

Noyabrın 2-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunç ABŞ Konqresinin erməni məsələləri ilə məşğul olan xüsusi komissiyasının 10 nəfərdən çox üzvü ilə görüşüb və Azərbaycanda olan erməni terrorçularının azad edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmin Komissiyanın sədrinin «Konqres erməni xalqına və erməni məsələsinə daim xüsusi diqqət göstərir» cümləsi şərhçilər tərəfindən birmənalı qarşılanmayıb. Onların xeyli hissəsi bildirir ki, ABŞ, Rusiya və Türkiyə bölgədə olan maraqlarını təmin etmək üçün erməni xalqını daim aldadır. Rusiyanın, şəxsən V.Putinin ünvanına rus, erməni dillərin də yazılmış təhqirli ifadələr və qısa video çarxlar isə nədənsə solov­yovları, simonyanları və digər ermənipərəstləri, deyəsən, narahat etmir. Yerigəlmişkən xatırladaq ki, onların rus xalqı, rus dövləti və RF-nın prezidenti V.Putinin ünvanına söylədikləri ifadələr İ.Vahabzadənin hamıya məlum bir bənzətməsindən sayca dəfələrlə çox və daha təhqirlidir.

«İravunk», «Joğovurt» qəzetlərində Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda hökumət evində terrorçu Arayik Harutyunyanı qəbul etməsi ilə bağlı dərc olunmuş məqalələrdə onların ikisinin də çıxışları tam verilmişdir. Məqalədən görünür ki, həm Paşinyan, həm də Harut­yunyan ATƏT-in Minsk Qrupuna ümid bəsləməklə Qarabağdakı ermənilərə hansısa status veriləcəyini və Azərbaycanla sülh müqaviləsinin məhz bundan sonra imzalanacağını gözləyirlər. A.Harutyunyan Ermənistanın dövlət büdcəsindən və “Ümumdünya erməni fondu”ndan onlara daha çox vəsait ayrıldığına görə təşəkkürünü bildirməklə Azərbaycanın qələbəsinin birinci ildönümü ilə bağlı keçirəcəyi bayram tədbirlərini «düzgün olmayan» hərəkət kimi dəyərləndirib. N.Paşinyanın ona «möhtərəm prezident» deyə müraciət etməsi isə sosial şəbəkə istifadəçilərini çox qəzəbləndirib. Onların bəziləri yazırlar ki, Qarabağa görə Zəngəzuru da itirəcəyik.  

Məlum olduğu kimi, son vaxtlar Ermənistanda konstitusiyada dəyişikliklər edildikdən sonra inzibati ərazi vahidləri yeni adlara və statusa malikdirlər. Artıq Ermənistanda vilayət rəhbərlərinin seçilməsi yaxınlarda başa çatıb və bu da qalmaqalsız ötüşməyib. Həm rəsmi, həm də digər qəzetlərdəki yazılardan, Yutubda yerləşdirilmiş qısa metrajlı videoçarxlardan görünür ki, Milli Məclisə seçkilər zamanı əks partiyadan olan rəqiblər bir-birini tənqid edirdisə və saxtakarlıqda günahlandırırdısa, indi N.Paşinyanın «Vətəndaş müqaviləsi» komandasının üzvləri bir-birini ittiham etməkdədir. Bu isə, müxalifət üçün əlverişlidir və onlar eyni partiyadan olan adamların bir-birinə qarşı daha kəskin çıxış etməsinə sevinməkdədirlər. Ümumiyyətlə isə Ermənistanda bir ildir ki, qarşılıqlı ittihamlar davam etməkdə və getdikcə dərinləşməkdədir.

Nəsib QARAMANLI