Dövlət Komitəsi binasının fasadında “Zəfər” kompozisiyası

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının fasadında “Zəfər” kompozisiya quraşdırılıb.

Zirvəyə bayraq sancan əsgərin təsviri əsasında hazırlanmış və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kompozisiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Ermənistanın işğalçı qüvvələri üzərində qələbəsini rəmzləşdirir. Kompozsiyada qəhrəman hərbçilərimizin vətən torpaqlarının azadlığı uğrunda göstərdikləri hünər və əzmkarlq əks olunub.

Binanın paytaxtda piyadaların və avtomobillərin gediş-gəlişinin ən gur olduğu məkana - “20 Yanvar” meydanına açılan tərəfində hündürdə yerləşdirilmiş kompozisiyanın maraqlı bir cəhəti qalib əsgər fiqurunun əlindəki üçrəngli bayrağın orijinal olmasıdır. Külək­lər şəhərinin iqliminə uyğun olaraq onun daim dalğalanması kompozisiyaya xüsusi bir hərəkətlilik gətirir, sıldırım qayalara dırmaşaraq Şuşanın fəth edən igidlərimizin misilsiz hünəri göz önündə canlanır. “Zəfər” kompozisiyası xüsusi işıqlandırma sistemi ilə təchiz edildiyi üçün gecə vaxtı daha cazibədar görünür.

Dövlət Komitəsinin Zəfər Günü ərəfəsində gerçəkləşdirdiyi bu layihə yüz minlərlə məcburi köçkünün qəhrəman Azərbaycan Ordusuna, Ali Baş Komandana ehtiram və minnətdarlığının ifadəsidir. Onlar otuz ilə yaxın müddətdə Böyük Qələbə gününün yetişəcəyinə inanandıqları kimi işğaldan azad edilmiş ərazilərin tezliklə bərpa olunacağına, doğma yurda qovuşacaqlarına, yenidən dirçələn Qarabağda və Şərqi Zəngəzurda əmin-amanlıqla yaşa­yacaqlarına əmindirlər.