“Zəfər yolu” layihəsinin təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Zəfər bayramının 1-ci il dönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə BANM-in professor, müəllim, tələbə heyəti, Şəhid və qazi ailələri, Ombudsman Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkilləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edən “Zəfər yolu” filmi də təqdim edilib, həmçinin “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinin qalibləri müka­­fatlandırılıb.

BANM-nin rektoru Elmar Qasımov bildirib ki, qələbəmiz Azərbaycan xalqının tarixində şanlı bir səhifə açıb. Şəhidlərimizin qanı bahasına qazanılan bu zəfərin gənclərimiz tərəfindən qorunmasının vacibliyi vurğulanıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların ruhunun şad olduğunu bildirib, bu mübarizədə hər bir şəhidin öz rolu və haqqı olduğunu qeyd edib.

Milli Məclisin vitse-spikeri Adil Əliyev qəhrəmanlıqla dolu zəfər tariximizdən danışıb, gənclərimizi qəhrəmanlardan örnək almağa səsləyib.

Vətən Müharibəsi Qəhrəmanı XTQ baş giziri Camal İsmayılovun anası Filarə xanım bütün şəhidlərin qəhrəman olduqlarını bildirib, onlarla daim qürur duyduğunu qeyd edib.

Tədbir Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.