Con Taker: “Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasət təqdirəlayiqdir”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyində siyasi işlər üzrə müşaviri vəzifəsini müvəqqəti icra edən Con Takerlə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin problemlərinin həllini so-sial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi qeyd olunub. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Fuad Hüseynov diqqətə çatdırıb ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıq­larına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Həmçinin bildirilib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. Qonağa iş­ğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.

Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri, infrastruktur layihələri icra edilir. Həmçinin “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında da məlumat verilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarının böyük hissəsini, hətta hərbi təyinatı olmayan əraziləri minalayıb. İndiyədək Ermənistan minalanmış ərazilərin xəritələrini tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Fuad Hüseynov vurğulayıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan surətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Məhkəmə Ermənistandan Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatının təhlükəyə atılmasını dərhal dayandırmağı tələb etməlidir.

Con Taker səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğu vurğulanıb. Con Taker 1990-cı illərdə Ulu Öndər Heydər Əliyevlə görüşünü xüsusi və xoş xatirələrlə xatırlayıb. Müstəqillikdən bu günə qədər Azərbaycanın inkişafına, gözəlliyinə heyran olduğunu bildirən qonaq bu işlərin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən məharətlə və ardıcıllıqla aparıldığını xüsusi vurğulayıb.

Görüş zamanı əməkdaşlığın perspektivləri də müzakirə olunub.