Vətən uğrunda canından keçmiş qəhrəmanları heç vaxt unutmayacağıq

Bu il sentyabrın 27-də Azərbaycanda ilk Anım Günü qeyd ediləcək. Prezident İlham Əliyev bu günün təsis edilməsi barədə Sərəncamı ötən il dekabrın 2-də imzalayıb.

Sərəncamda Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladığı qeyd olunur.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Dövlətimizin başçısı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsinə qərar verib. Onu da qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olub, 7 nəfər hərbi qulluqçumuz itkin düşüb.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən deyib: “Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər, sözün əsl mənasında, ölümə gedirdilər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”.

Tarix boyu ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 ildə ermənilərin qədim Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra onlar düşmənçilik siyasətini daha da genişləndirməyə başladılar və özlərini bütün dünyaya yazıq, məzlum xalq kimi təqdim etməyə çalışdılar. 1915-ci ildə "soyqırımı”na məruz qaldıqlarını bütün dünyaya sübut etməyə çalışan ermənilər, əslində, istər çar Rusiyası, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədiblər. 1905-1907 və 1918-ci illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silinməyəcək. Həmin vaxt Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırımına məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar.

Bu fikirləri Milli Məclisin deputatı professor Kamilə Əliyeva ifadə edib. Deputat bildirib: “Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovetlər dövründə də davam edib. 1948-1953 və 1988-ci illərdə 500 mindən çox soydaşımız ermənilər tərəfindən öz ata-baba yurdundan deportasiya olunaraq Azərbaycanda yerləşdirilib. Yük vaqonlarında acınacaqlı şəraitdə köçürülən minlərlə azərbaycanlı yollarda həlak olub. Törədilmiş bu vəhşilik və soyqırımı siyasətinə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ermənilər dünyada baş verən əlverişli tarixi proseslərdən hər zaman məharətlə istifadə ediblər. Sovetlər birliyinin dağılması ərəfəsində Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il işğala göz yumdular. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi 4 qətnaməsi icra olunmadı. BMT 30 ilə yaxın müddətdə tərəfləri sülhə dəvət etməklə kifayətləndi, Ermənistana işğala son qoymaq üçün heç vaxt təzyiq göstərmədi.

Bütün bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirdi, dəfələrlə təxribatlar törətdi. Təxribatlar nəticəsində hərbçilərimizlə yanaşı, mülki dinc insanlar da qətlə yetirildi. Buna cavab olaraq Azərbaycan Ordusu tərəfindən 2016-cı ildə Lələtəpə döyüşlərində və 2020-ci ilin iyulunda Tovuz istiqamətində düşmənə layiqli cavab verildi. Eyni zamanda, Ermənistana mesaj verildi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq”.

K.Əliyeva qeyd edib ki, işğal zamanı ermənilər mülki obyektlərlə yanaşı, tarixi- mədəni abidələrimizə qarşı da vandallıq törədiblər. Dünya əhəmiyyətli yüzlərlə abidəmiz məhv edilib. Azərbaycan dövləti ermənilərin bu vəhşiliklərini bütün dünyaya nümayiş etdirdi. Özlərini “qədim” və “mədəni” xalq adlandıran ermənilərin əsl simaları dünyaya məlum oldu...

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimiz bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən güclü orduları sıralarındadır. Ordumuz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman Azərbay­canda ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Bunun nəticəsidir ki, ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu “məğlubedilməz ordu” imici yaratmış Ermənistan ordusunu 44 gün ərzində darmadağın etdi. İşğal altındakı torpaqlarımız azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi döyüş taktikası istər ABŞ, istərsə də digər böyük dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Başda ABŞ olmaqla, bir çox böyük dövlətlər bu döyüş taktikasının öz hərbi məktəblərində tədrisi barədə qərar qəbul edib. Prezident İlham Əliyev hər zaman ordu quruculuğunun dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edir.

Müharibə zamanı Azərbaycan Ordusunun qabağında tab gətirə bilməyəcəyini görən Ermənistan silahlı birləşmələri daha bir müharibə cinayətinə əl atdılar. Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tutdu. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin qətlə yetirilməsi əsl müharibə cinayəti sayılır. Ermənistan buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın hərbi cinayətkar olmasının bir sübutu da işğal zamanı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verməməsidir. Basdırılmış yüz minlərlə mina regionda bərpa işlərini ləngidir, eləcə də mülki əhalimizin və hərbçilərimizin həyatını təhlükə altına alır. Müharibədən sonra 150-dən çox mülki şəxs və hərbiçimiz minaya düşərək həyatlarını itiriblər. Beynəlxalq təşkilatlar isə bu məsələdə də ikili standartlar sərgiləyir. Minalanmış ərazilərin xəritələrin Azərbaycan tərəfinə verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq göstərilmir. Müharibədə olduğu kimi Azərbaycan özü Ermənistanı xəritələrin verilməsinə məcbur edəcək.

Vətən müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasını aldılar. Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edilib. Bu qəbildən olan hərbçilərimizin bütün ehtiyacları dövlət tərəfindən ödənilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Prezident İlham Əliyev hər zaman yaralı əsgərlərimizin yanında olacağını qeyd edib və onların bütün problemlərinin həll olunacağını vurğulayıb. Bu gün də şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.

Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş zabit və əsgərlərimizin Anım Günü qeyd olunacaq. Dövlətimiz və xalqımız Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını heç vaxt unutmayacaq, onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.

Sentyabrın 27-də respublikamızda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. AZƏRTAC-ın Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri təşkil ediləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.