Zəfərə aparan tarixi qərardan bir il ötür

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ərazilərimizin demək olar beşdəbiri işğal edilmişdi. İşğal həmin ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.

2020-ci il noyabrın 10-da xəbər başlıqlarında deyilirdi: “Azərbaycanla Ermənistan arasında altı həftə davam edən döyüşlərdən sonra iki münaqişə tərəfi arasında müqavilə imzalandı. Azərbaycan böyük qələbə qazandı”.

Lakin əsl qələbə 30 illik vətən həsrəti ilə yanan xalqımızın Ermənistanın işğalına son qoyaraq öz ana vətənlərinə qovuşması idi. Azərbaycan Respublikası nəhayət öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Məğlub Ermənistanın kapitulyasiya aktı Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən qısa müddət sonra imzalandı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a müsahibəsində fikrini belə ifadə edib. Deputat bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən 822, 853, 874 və 884 (1993) nömrəli qətnamələri qəbul etdi. Təhlükəsizlik Şurası həmin qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etdilər, lakin uzun illər ərzində Ermənistan beynəlxalq birliyin bu mövqeyinə məhəl qoymayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal altında saxlamaqda davam edirdi. Hətta 2019-cu ildə Ermənistanın müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə" adlı yeni təca­vüzkar iddiasını səsləndirib.

Üstəlik, ATƏT-in Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi səylərinə dəstək olmaq üçün Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə Minsk qrupu yaradıldı. İstər müharibə zamanı, istərsə də müharibədən sonra Prezident İlham Əliyev münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini dəfələrlə qeyd edib. Bu, bizə Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməni (822, 853, 874 və 884) təkbaşına həyata keçirərək, Azərbaycanın yalnız ölkəmiz üçün deyil, region və bütün dünya üçün tarixi əhəmiyyətli işə imza atdığını iddia etməyə əsas verir. Otuz illik Azərbaycan torpaq­larının işğalı və dünya birliyi tərəfindən görülməyən ədalətsizlik 2020-ci ilin dekabr ayının ilk günündə sona çatdı.

M.Əfəndiyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti ərazilərin bərpası və köçkün mülki əhalinin geri qaytarılması prosedurunun gücləndirilməsini təmin edəcək sistem üzərində işləyir. Lakin ­ müddətində Ermənistanın azad edilmiş ərazilərimizə vurduğu ziyanı bərpa etmək uzun və çətin proses olacaqdır.

Ərazilərimizin 27 il ermənilər tərəfindən qanunsuz olaraq işğal edilməsi əsrlər boyu qoruyub saxladığımız dini ob­yektlərin, muzeylərin, teatrların, kilsələrin, məktəblərin, qədim mağaraların və hətta şəxsi evlərin dağıdılması ilə nəticələndi.

Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl kimi şəhərlər Xirosima tipli xarabalıqlara çevrildi. Kənd təsərrüfatı torpaqları tam yararsız hala düşdü. Ermənilərin meşələri kütləvi talan etməsi də “eko-terror”la nəticələndi. Azərbaycanın tarixi mağaraları və qazıntı yerləri dağıdıldı.

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çirkli iddiası, nəhayət, bir yalan kimi ortaya çıxdı. Qələbədən sonra təkcə Azərbaycan Ordusu deyil, bütün dünya Ermənistanın iddia etdiyi ərazi olan Qarabağın zəngin və ən firavan bölgələrinin Ermənistan tərəfindən necə məhv edildiyinin şahidi oldu. Azərbaycan hökumətinin nümayəndələri, beynəlxalq mətbuat və Bakıda yerləşən 40-dan çox səfirliyin diplomatları bu dəhşətli “müharibə cinayəti”nin sübutlarını ortaya qoydular.

Erməni işğalı təkcə Qarabağı deyil, Azərbaycanın ətraf mühitinin və insanların illərlə əziyyət çəkdiyi bütün qonşu rayonları da əhatə edirdi. Belə ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra 30 ilə yaxın bir müddət ərzində susuz qalan Tərtər çayı yenidən bölgəyə həyat bəxş etməyə başladı.

Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş faydalı, yeni bir regional əməkdaşlıq qurmaq səylərinə baxmayaraq, Ermənistan beynəlxalq humanitar hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.

Deputat diqqətə çatdırıb ki, xüsusi narahatlıq doğuran məsələ Ermənistanın son zamanlar azad edilmiş ərazilərdə minalanmış ərazilərin xəritələrini beynəlxalq humanitar hüquqa uyğun olaraq Azərbaycan tərəfinə təqdim etməkdən imtina etməsidir.

Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidməti (UNMAS) mina əməliyyatlarının münaqişədən sonra yenidən qurulmasına, sülhün və davamlı inkişafın təmin edilməsinə imkan verdiyinə dair dəlilləri vurğulayır, eyni zamanda, məlumat çatışmazlıqları və onun törədə biləcəyi ciddi problemləri də diqqətə çatdırır.

Təxminən iki il yarım davam edəcək təmizlik işlərindən sonra bölgə yenidən məskunlaşmaq üçün yararlı bir vəziyyətə gətirilə bilər. 2021-ci ilin may ayına qədər “hərbi bölgə” elan edilən Tərtər Prezident İlham Əliyevin bölgəyə səfərindən sonra "mülki" statusu almışdır. Türkiyə, beynəlxalq təşkilatlar, ölkəmizdə akkreditə olunmuş beynəlxalq və regional təşkilatların bu əməkdaşlığın qurulmasında və dayanıqlı edilməsində rolu isə əvəzsiz olacaqdır.

Bu baxımdan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından sayılan, münaqişələrin qarşısının alınması və sülh dialoqunda hər zaman mühüm rol oynayan Avropa Birliyinin bu gün Cənubi Qafqaz regionu ilə əlaqələri mühüm bir önəm daşımaqdadır. Bu, regiona səfəri zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Azərbaycanda keçirdiyi görüşlərində səsləndirdiyi fikirlərdə də öz əksini tapmışdır.

Daha sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiona səfəri çərçivəsində Azərbaycanın Avropa üçün önəmini, enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulamışdır. Onun görüşlərin nəticəsi olaraq birgə keçirilən mətbuat konfransında “Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdır” sözləri regionda sülh, əməkdaşlıq və quruculuqda maraqlı olan ölkəmizin mənafeyi ilə üst-üstə düşür.

Azərbaycan üçün ən mühüm nailiyyətlərdən biri Qarabağın incisi kimi tanınan və bölgənin mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsidir. Beləliklə, Qələbədən dərhal sonra Prezident İlham Əliyev Şuşanı bütün bölgənin mədəniyyət paytaxtı elan etdi. 1992-ci il mayın 8-də Ermənistan tərəfindən “qırğın” və qanunsuz olaraq “ələ keçirilən” Şuşa artıq “mədəni müxtəlifliyin” və “sülh mübarizəsinin rəmzi” olaraq öz inkişaf yoluna davam edəcək.

“Prezident tərəfindən verilən tapşırıqlara əsasən hazırlanan Qarabağın İnkişaf Strategiyası, Qarabağ Dirçəliş Fondu, dövlət proqramları, İlham Əliyevin Qarabağa səfərləri və infrastrukturla bağlı başlanılan işlər artıq Qarabağın inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır.

İnşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, habelə Şuşanın abadlaşdırılmasının sürətlə davam etdirilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək, eyni zamanda, Şuşanın ölkəmizin mədəniyyət paytaxtı, həmçinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olaraq burada daha böyük qlobal tədbirlərin keçirilməsinə şərait yaradacaqdır”, - deyə deputat bildirib.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə icrası, milli mədəniyyətimizin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Bu gün doğma Qarabağımızda, Şuşada bu irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO və üzv dövlətlərin də öhdəliyidir. Azərbaycan, həmçinin BMT-nin qəbul olunmuş məlum dörd qətnaməsini təkbaşına icra edərək regionda sülhü və əməkdaşlıq imkanlarını bərpa etmişdir. Bununla yanaşı, əfsuslar olsun ki, Cənab Prezidentin də söylədiyi kimi, “Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik”.

Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və artıq regionda yeni reallıqların mövcud olduğunu açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməli olacaq. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.