İnnovativ və rəqəmsal iqtisadiyyat prioritet istiqamət olacaqdır

Sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.  Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına müraciəti səsləndirilib. Konfransın iştirakçısı, AMEA İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev  işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri ilə bağlı sualları cavablandırıb.

- Akif müəllim, Qarabağın quruculuğu, ilkin olaraq, iqtisadiyyatın hansı sahələrini əhatə edir?

- Qarabağın bərpası və dirçəlişi dövlətimizin iqtisadi siyasətinin mühüm prioritetidir.  Təbii ki, bu proses bir çox istiqamətləri əhatə edir. İşğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin olunması, yəni partlamamış hərbi sursatlardan, minalardan təmizlənməsi birinci mərhələdir. Demək olar ki, bunsuz heç bir bərpa işi, yenidənqurma aparmaq mümkün deyil. İkinci mərhələdə infrastruktur bərpa olunmalıdır. Sonrakı mərhələlər iqtisadi quruculuq və işğala qədərki dövrdə orda yaşamış, 27 il məcburi köçkünlük həyatı sürmüş əhalinin effektiv repatriasiyası, yəni məskunlaşdırılmasıdır. Bu mərhələlərin hər biri üzrə bu gün çox intensiv iş gedir. Bu işlərin elmi əsaslar üzərində qurulması çox vacib məsələdir və bununla bağlı ikigünlük konfrans təşkil olundu. Konfrans əvvəlcə Ağdam şəhərində keçirildi, ikinci gün isə videoformatda davam etdirildi. Müzakirəyə, birinci növbədə, təhlükəsizlik, infrastruktur, Qarabağın işğala qədərki iqtisadi potensialı, istehsal istiqamətləri, ənənəvi istehsal sahələri, eyni zamanda, post-konfilkt ərazilərdə yeni iqtisadiyyat quruculuğu, ənənəvi sahələrin və qeyri-ənənəvi sahələrin inkişaf etdirilməsi məsələləri  çıxarılmışdı.

- İqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri hansılardır?

- İndi azad edilmiş ərazilərdə işğala qədərki dövrdə kənd təsərrüfatı və bir sıra sənaye sahələri fəaliyyət göstərirdi. Bunun üçün çox böyük potensial mövcud idi. Həm torpaq potensialı, həm insan potensialı, həm su potensialı və s. Amma işğal çox böyük dağıntılara səbəb olub. Və demək olar ki, ordakı potensial ermənilər tərəfindən tamamilə dağıdılıb. Sözsüz ki, kənd təsərrüfatı Qarabağ torpağı üçün həmişə ənənəvi sahə olub. Buraya heyvandarlıq, bitkiçilik, taxılçılıq, əkinçilik, turizm və s. daxildir. Bu istiqamətlər indi də Qarabağda iqtisadiyyatın inkişaf istiqamətləridir. Qeyri-ənənəvi sahələr isə bu gün qlobal dünyanın çağırışlarına, döndüncü sənaye inqilabının çağırışlarına cavab verən informasiya texnologiyaları, robototexnika və digərləridir. Bu sahələrin inkişafı çox vacibdir. Qarabağın təbiətinə uyğun yeni biznes və sənaye sahələrinin yaradılması prioritet istiqamətlərdir. Burada çox böyük yeraltı və yerüstü sərvətlər var, iqtisadi potensial var. Təkcə onu qeyd etmək olar ki, 168 qiymətli filiz yatağı mövcuddur, çox böyük su ehtiyatları - istər mineral, istərsə də içməli şirin su ehtiyatları var. Bu gün su prob­lemi dünya üçün böyük bir problemdir. Eyni zamanda bu problem Azərbaycan üçün də böyük bir problemdir. Çox şükürlər olsun ki, indi işğaldan azad olunmuş ərazilərimizdə çox böyük su potensialı var: 13 şirinsulu çay, 6 böyük su hövzəsi... Yeraltı şirin su mənbələri də mövcuddur. Eyni zamanda Kəlbəcərdə mineral su ehtiyatı kifayət qədər böyükdür. Bunlar, sözsüz ki, gələcəkdə iqtisadiyyat quruculuğu üçün çox böyük istiqamətlərdir, çox böyük potensialdır, çox böyük imkanlardır.

- Akif müəllim, məlumdur ki, müasir dünyada yaşıl enerjinin tətbiqi aktual məsələlərdəndir. Azərbaycan hökuməti də bu sahəyə həssaslıqla yanaşır. Bu sahədə prioritet olan nədir?

- Həqiqətən də, Qarabağda və Şərqi Zəngəzurda yaşıl enerji üçün çox böyük potensial var. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı cənab Prezidentin sərəncamı ilə Əlaqə­ləndirmə Qərargahı yaradılıb, onun nəzdində  bir çox istiqamətlər üzrə işçi qrupları fəaliyyət göstərir. Bu işçi qrupları işğaldan azad edilmiş ərazilərin müxtəlif istiqamətlər üzrə bərpası və inkişafı ilə bağlı gördük­ləri işlər barədə hesabatlar verirlər və bu günlər, sözsüz ki, o görülən işlərin dinamikası tez-tez dəyişir. Ona görə də hər hansı bir rəqəmin hallandrılması müəyyən bir zamana bağlıdır. Çünki sürətlə dəyişir. Kəlbəcərdə 12, Laçında 6 su elektrik stansiyasına, həmçinin Cəbrayılda günəş stansiyasına Yaponiyanın şirkəti ilə birlikdə texniki baxış keçirilib, monitorinq aparılıb. Onların potensialları qiymətləndirilir. Həmin elektrik stansiyalarının bərpası və istismara buraxılması, sözsüz ki, Qarabağın, həm də bütövlükdə Azərbaycanın enerji potensialına böyük töhfə verəcəkdir.

- Qarabağda bərpa və yenidənqurma işlərinin aparılması zamanı dövlət sərmayəsi ilə yanaşı, xarici və yeli investorların iştirakı necə təmin ediləcək?

- Dövlət tərəfindən Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurularaq inkişaf etdirilməsi ilə bağlı ilkin təsisatlar yaradılır. Cənab Prezidetin Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən 2,2 milyard manat vəsait ayrılıb. Bu Qarabağda ilkin işlərin görülməsinə yönəlmiş vəsaitdir. Baxın, bu gün, Qarabağda 10 istiqamət üzrə avtomobil yolları çəkilir. Uzunluğu hardasa 680 kilometrə yaxın. Məlumdur ki, artıq “Zəfər yolu” tikintisi başa çatıb və demək olar ki, istifadəyə verilmək mərhələsindədir. Eyni zamanda Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb. Bundan başqa Zəngilan və Laçında da hava limanlarının tikintisi gedir. Bu işlər dövlət vəsaiti hesabına həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri uzunmüddətli bir işdir, çox böyük miqyaslı bir işdir, zaman və resurs tələb edən bir işdir. Çünki təkcə onu qeyd edim ki, Azərbaycan hökumətinin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının prioritetlərindən biri Qarabağın yenidən qurulmasıyla, dirçəldilməsiylə və Böyük Qayıdışla bağlıdır.  Bu işlərin hamısının maliyyə təminatını dövlətin üzərinə qoymaq mümkün deyil, düzgün də deyil. Ona görə də zaman-zaman bu proseslərə özəl sektorun cəlb olunması, sözsüz ki, baş verəcək və eyni zamanda, həm yerli, həm də xarici investorlar bu işə cəlb olunacaq. Artıq burada yol-nəqliyyat infrastrukturlarının qurulmasında Yaponiya və Türkiyə şirkətlərinin, elektrik enerjisi şəbəkəsinin qurulmasında İtaliya şirkətlərinin fəaliyyəti mövcuddur. Amma bunlar, hələlik, Azərbaycan hökumətinin ayırdığı vəsaitin hesabınadır. Yaxın gələcəkdə Ağdamda investisiya şirkətlərinin biznes-forumu keçiriləcək və bu forum da əsasən özəl sektorun vəsaitlərinin Qarabağın bərpa və yenidən qurulmasına cəlb olunması ilə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda post-konfilkt ərazilərin effektiv məskunlaşdırılması ilə bağlı sorğular keçirilib. Beş sorğu nəzərdə tutulmuşdu. Bu sorğulardan biri də o idi ki, nə qədər Azərbaycan sahibkarı Qarabağa investisiya qoymaq istəyir, nə qədər iş yerləri açmaq istəyir və onun dövlətdən gözləntiləri nədən ibarətdir? Hazırda bu sorğunun nəticələri emal olunmaq ərəfəsindədir. Sözsüz ki, gələcəkdə ikinci bir sor-ğunun geçirilməsi də nəzərdə tutulub. Bunların hamısı özəl sektorun vəsaitinin işğaldan azad edilmiş ərazilərin bərpa olunmasına, yenidən qurulmasına cəlb olunması ilə bağlı atılan addımlardır.

- Bəs Qarabağın işğaldan azad olunması Azərbaycanda nə kimi yeni sərmayə imkanları yaradıb?

- Bilirsiniz, torpaqlarımızın 20 faizi, məhsuldar torpaqların böyük bir hissəsi işğal altında idi. İndi həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onun istehsal potensialı Azərbaycanın iqtisadi inkişafına çox böyük töhfə verəcək. Bu gün yeni yaranan reallıqlar nəzərə alınaraq Şərqi Zəngəzurda və Qarabağda böyük yol-nəqliyyat infrastrukturu yaradılır. Bayaq qeyd etdik ki, 10 istiqamət üzrə avtomobil yolunun, 3 istiqamət üzrə dəmir yolunun çəkilişi, 3 hava limanının tikintisi aparılır. Bunlar hamısı işğaldan azad edilmiş ərazilərdə bir nəqliyyat xabının, qovşağının yaradılması deməkdir. Bu isə istər region ölkələri ilə, istərsə də uzaq xariclə Azərbaycanın ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə inkan verəcəkdir. Bir halda ki, orda yeni iqtisadiyyatın qurulmasından söhbət gedir, deməli, bu, innovativ və rəqəmsal iqtisadiyyat olacaqdır. Bu da inkişaf etmiş iqtisadiyyatın ən aparıcı drayverləridir.

- İşğaldan azad edilmiş ərazilərə sərmayə qoyuluşu və quruculuq işləri ümumi daxili məhsulun artımına töhfə verəcəkmi?

- Böyük fayda verəcək. Hardasa, ümumi daxili məhsulun 15-20 faizə qədər artırılmasına gətirib çıxara bilər. Bu, ilkin rəqəmlərdir.

- Həmin ərazilərdə kiçik və orta biznesin dəs­təklənməsi ilə bağlı hansı addımlar atıla bilər?

- Sorğu ilə müəyyənləşdiriləcəkdir ki, sahibkarların dövlətdən gözləntiləri nədən ibarət olacaq? Bu gözləntilərin içərisində, sözsüz ki, güzəşt və azadolmalar, güzəştli kreditlər, vergi güzəştləri və s. müxtəlif səpkili güzəşt və imtiyazlar paketi təklif olunacaq, dövlət tərəfindən də müəyyən yardımlar göstəriləcək. Hələ ki, bunların hamısı qiymətləndirmə mərhələsindədir.

- Ağdamda keçirilən konfransda nə kimi təkliflər səsləndirildi?

- Konfransda səslənən fikirlər, əsasən, Qarabağda mövcud olan iqtisadi potensialın hərəkətə gətirilməsi ilə, eyni zamanda innovativ və rəqəmsal iqtisadiyyat quruculuğu ilə bağlı idi. Həm plenar məruzələrdə, həm də onlayn məruzələrdə bununla bağlı təkliflər oldu. İndi onlar sistemləşdirilir və hökumətə təqdim olunacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ