Vətən müharibəsinin bir yaşı

Bəzən tarixi proseslər nəticədən qiymətləndirilir. Çünki cəmiyyət nəticəyə varmamış yaşadığı prosesi lazımınca hiss etmir. Bu, xəstəlik tutmuş orqanizmin öz səhhətinə qovuşandan sonra uzun müddət davam edən müalicə haqqında daha aydın və dəqiq düşünməsinə bənzəyir.

Son 30 ildə Azərbaycan hansı faciələr yaşadı, hansı keşməkeşlərdən keçdi, hansı sahələrdə uğur qazandı – Vətən müharibəsində tarixi qələbə əldə etdikdən sonra daha dərindən anladıq. Həzrət Musanın qövmü kimi on illərlə keçilməz səhralarda dolaşandan sonra Tanrının bizə bəxş etdiyi müqəddəs torpaqlara qovuşduq. Şuşa kimi Qarabağ qələbəsinin rəhni sayılan gözəl şəhərimizi azad edə bildik. Azərbaycan bayrağı qala bürclərində dalğalanırsa, demək, son otuz ildə keçdiyimiz bütün yollar doğru imiş.

Televiziyaların və mətbuatın vəziyyəti, hərbi-vətənpərvərlik işinin lazımınca təşkil olunmaması, gənc nəslin Qarabağı unutmağa başlaması haqda çoxlu verilişlər izləmiş, çoxlu yazılar oxumuşuq. Bəzən qəlblərə ümidsizlik toxumu səpən bu cür hadisə və faktlarla özümüz də qarşılaşmışıq. Lakin tarixi proses təfərrüatlarla deyil, ümumi istiqamətlə müəy­yən olunur.

Vətən müharibəsinin başlanmasından 1 il ötür...

Düz bir il öncə, şəxsən mən özüm prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin bir cümləlik tvitter paylaşımını gördüm: “Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçdi”.

Tovuzda və başqa ərazilərdə erməni təxribatının şahidi olsaq və illərlə gözlənilən müharibənin artıq yetişdiyini anlasaq da, bu cümlələri oxuyanda bir anlıq gözlərimizə inanmadıq. Amma gördüklərimiz gerçək idi. Qarabağdan görünməmiş müharibə xəbərləri gəlirdi. Birinci Qarabağ savaşında yaxından iştirak edənlər heyrətlənirdilər: bu, başqa müharibədir, beləsi görünməyib!

Doğrudan da... Artıq 90-lar deyildi. Ordu-muz çox güclənmiş, maddi-texniki təchizatı inkişaf etmiş ölkələrlə eyni həddə çatmışdı.

Ən başlıcası, əsgərlərimizin ruh yüksəkliyi xəyal etdiyimizdən də güclü idi. Onlar hər imkanda Azərbaycan xalqına – evlərdə onları gözləyən doğmalara ürək-dirək verir, zarafatlaşır, oxuyur, şənlənirdilər. Biz hər şeydən əvvəl əsgərlərimizdəki bu qətiyyətə arxalanırdıq. Çox rahat idilər. İndicə yanındakı yoldaşı, bəlkə ən yaxın dostu, bəlkə ən yaxın qohumu, hətta qardaşı şəhid olan gənc əsgərlər də kədərdən çox ruh yüksəkliyi yaşayırdılar. Çünki qələbənin – o ilahi qismətin hənirini almışdılar.

Xalqdakı birlik və qələbə əzmi də tarixlərə yazılası hadisə idi. Öz oğlunun tabutu qabağında oynayan ana, ərinin cənazəsini çiynində daşıyan qadın, yırtıq ayaqqabı ilə ASAN xidmətə gəlib, pensiyasını müdafiə fonduna köçü­rən ağsaqqal, döyüşə getmək üçün  hərbi çağırış məntəqəsində dava salan yaşlılar, gənclər, döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar, eyni səngərdə döyüşən ata-oğul, öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlar, Anasının evdə hazırladığı kompotları qucağına yığıb, yol kənarında dayanan, gedib-gələn əsgərlərə paylayan balaca uşaq... Hansını qoyub, hansından danışasan? Bir idimi, beş idimi bu cür faktlar?

Azərbaycanın uzun müddət göstərdiyi uğurlu diplomatik fəaliyyətin nəticəsi olaraq geosiyasi vəziyyət də Azərbaycanın xeyrinə idi. Ən başlıcası, qardaş Türkiyə müstəqillik tariximizin heç bir dönəmində indiki qədər Azərbaycanın yanında olmamışdı. Türkiyə elə bir dövlətdir ki, konkret əməli bir iş görməsə belə, onun varlığı bizim üçün böyük avantajdır. Çünki həm ermənilər, həm onların havadarları, eyni zamanda dünyanın lider ölkələri Türkiyə ilə Azərbaycanın münasibətlərinin hansı səviyyədə olduğunu yaxşı bilirlər. Və Türkiyənin şəxsində söhbət NATO üzvü olan, dünyanın ən güclü ordusuna və hərbi texnikasına sahib böyük, qüdrətli ölkədən gedir. Həm də o ölkə ki, dünya Orta Şərq siyasətini onsuz tənzimləyə bilməz.

Tarixi presedentə uyğun olaraq həmişə Qafqazda, o cümlədən Qarabağda aktiv rolu ilə seçilən və bəzi addımları birmənalı qarşılanmayan Rusiya da müharibənin taleyi həll olunanacan passiv mövqe nümayiş etdirdi. Minsk qrupunun həmsədrlərindən biri kimi hadisələri ilk gündən dəqiqliklə izləyən qonşu ölkə müharibənin mahiyyətini çox gözəl anlayırdı. Ona görə, birinci şəxsinin dilindən bir daha Azərbaycanın öz ərazisi daxilində əməliyyat apardığı faktı etiraf olundu.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımız 90-cı illərdə informasiyasızlıq səbəbindən Qarabağda nə baş verdiyini lazımınca bilmirdilər. İndi vəziyyət dəyişmişdi. Müasir texnologiyanın köməyi ilə normal məntiqi olan istənilən şəxs nələr baş verdiyini bircə saatın içində öyrənə bilərdi. Öyrəndi də! Bu səbəbdən cənubda Qarabağın azadlığı müharibəsinə dəstək verən aksiyalar keçirdi və İran dövləti haqlı olaraq öz vətəndaşlarının mövqeyini qiymətləndirib Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha yada saldı.

Təbii, sülh çağırışları və beynəlxalq təzyiqlər də vardı. Pasifit mövqe tutan və ya bütün çıxarlarını müharibə əleyhinə yönəldən beynəlxalq qüvvələr, humanist təşkilatlar sakit dayanmamışdılar. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən nüfuzlu telekanallarına verdiyi müsahibələr yayımlandı və böyük bir media qurumunun işini gördü.

Adətən müharibədə iştirak edən ölkələrin rəhbərləri, Ali Baş komandanlar əməliyyatların ən qızğın vaxtı kameralar önündə görünmək istəmirlər. Lakin Azərbaycan Prezidenti öz ölkəsinin haqlı mövqeyinə və özünün bu istiqamətdəki biliklərinə o qədər əmin idi ki, heç bir müsahibə təklifini geri çevirmədi və heç bir sualdan yayınmadı. Hətta canlı danışmaqdan belə çəkinmədi. Bu çıxışlarda həm də dünyaya açıq bir mesaj verilirdi: Ermənistan ərazilərimizi boşaltmaqla bağlı cədvəl təqdim etsin, atəşi dayandıraq.

Təbii, vaxtında belə bir cədvəl təqdim olunmadı. Lakin Azərbaycan ordusu Xankəndiyə çatanda ermənilərin başqa çıxış yolu qalmadı. Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyannaməyə əsasən ermənilər Ağdamı, Kəlbəcəri və Laçını müharibəsiz boşaltmaq öhdəliyini götürdü. Bu, müharibənin yekununda əldə etdiyimiz böyük uğur idi. Ən çox da iki vacib məsələyə görə.

Birincisi, işğalçı tərəf məhz Azərbaycanın Ali Baş Komandanının istədiyi cədvəli əvvəl-axır təqdim etməklə öz biabırçı məğlubiyyətini etiraf etmiş oldu.

İkincisi, əsgərimiz heç bir əməliyyat keçirmədən, heç bir qurban vermədən çox geniş əraziləri işğaldan azad etdi. Laçının və Kəlbəcərin iqliminə, coğrafi şəraitinə bələd olanlar yaxşı bilirlər ki, o yerlərdə hərbi əməliyyatlar keçirmək nə qədər çətindir. İllah da qarşıdan qış gəlirdi və dağlarda hərəkət etmək çətinləşirdi. Üstəlik, biz orda hücum mövqeyində olacaqdıqsa, düşmən ən strateji əhəmiyyətli yüksəklikdə - illərlə bərkitdiyi postlarda müdafiə olunacaqdı. Beləliklə, Vətən müharibəsindəki itkilərimiz indikindən qat-qat çox olacaqdı.

Ağdamın neçə qat eşalonla möhkəmləndiyini də hamımız bilirik. Erməni qəsbkarlar yeri köstəbək kimi eşib ucsuz-bucaqsız müdafiə sədləri yaratmışdılar. Onlar Azərbaycan ordusunun azadlıq mücadiləsinə Ağdamdan başlayacağını düşünürdülər. Üstəlik, bu ərazilər üç-dörd qat artıq minalanmışdı. Lakin ordumuz elə əfsanəvi manevr etdi ki, Ağdamda demək olar, müharibə getmədi. Sonu isə rayo­nun sakit-səssiz boşalması ilə nəticələndi.

Daha bir maraqlı fakt: 44 günlük müharibədə bir nəfər də olsun fərarilik faktı qeydə alınmadı.

Müntəzəm atəşə tutulan yerlərdən başqa əhalinin sosial həyatı dəyişmədi. Təmas xəttinə ən yaxın kəndlərdə yaşayan insanlar belə ordumuza yüksək səviyyədə güvəndiyi üçün öz evlərini boşaltmadılar. Evinə mərmi düşən keçmiş Qarabağ veteranı “yüz belə ev qurban olsun əsgərlərimizin bir telinə” deməklə xalqımızın öz əsgərinə münasibətini aydın ifadə etdi. Ölkədə heç bir sosial gərginlik yaşanmadı, heç bir təxribat xarakterli hadisə baş vermədi.

Azərbaycan bütövlükdə bir dəmir yumruğa dönüb qəsbkarın başını əzdi və 10 noyabr qələbəsini qazandırdı.

Şərif AĞAYAR