Ata-baba torpağımızı ziyarət etmək imkanı əldə etdiyimiz üçün çox sevincliyik

“Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı – 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı. Dövlətimizin başçısının qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində mürəkkəb relyefi olan Kəlbəcər ra­yo­nunu düşmən döyüşsüz, bir güllə belə atmadan tərk etmək məcburiyyətində qaldı. Biz doğma yurdumuza qovuşduq, həsrətimizə son qoyuldu...”

Bu sözləri “Vətən səsi” qəzetinə müsahibəsində Kəlbəcər sakini Niyazi Hüseyn oğlu Cəfərov deyib. Onun 47 yaşı var, orta məktəbi rayonda oxuyub, sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetində təhsil alıb.

Hüseyn deyib: “Tələbəlik illərində, tətillərdə Kəlbəcərə gedib gələrdim. Axırıncı dəfə 1993-cü ilin mart ayında Novruz bayramını ailəmlə birgə Kəlbəcərdə qeyd etmişəm. Tətildən sonra təhsilimi davam etdirmək üçün yenidən Bakıya qayıtdım. Aprelin 2-də Kəlbəcər işğal olunandan sonra ailəm, qohum-əqrəba ilə birlikdə ata-baba yurdundan didərgin düşdük, məcburi köçkün olduq. Yaxınlarımız Gəncə, Bakı, Şəmkirdə müxtəlif yerlərdə müvəqqəti məskunlaşdı.

Məcburi köçkün kimi çox əziyyət çəkdik. Amma həmin günlər artıq geridə qaldı. Bu günümüzə çox şükür.  Rayonlarımız işğaldan azad olunanda sevincimizin həddi-hüdudu yox idi. Biz hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevə inanmışıq və onun ətrafında sıx birləşmişik. Digərləri olduğu kimi, kəlbəcərlilər də hər zaman dövlətimizin başçısının siyasətini dəstəkləyib, ona inanmışıq. Bu gün ümidimiz, inamımız gerçək oldu. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimiz azad edildi. Allah bizim şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə şəfa versin. Allah cənab Ali Baş Komandanımızı qorusun, ona yar olsun!

Cənab Prezidentin tapşırıqları əsasında Kəlbəcər rayonunda da bərpa-quruculuq işlərinə başlanılıb. Ömər aşırımından keçən yol genişləndirilir, yol boyunca tunellər inşa edilir. Kəlbəcərə səfərim zamanı böyük işlər görüldüyünün şahidi oldum. Kəlbəcərə ilk addım atdığım andan keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. 28 il idi mən o yerlərə həsrət idim. Bu gün öz yurdumuzu, ata-baba torpağımızı ziyarət etmək imkanı əldə etdiyimiz üçün çox sevincliyik.

Mən Kəlbəcərə çatanda ilk getdiyim yer qəbirstanlıq oldu, atamın məzarını ziyarət etdim. Gördüyüm mənzərə məni çox kədərləndirdi. Erməni faşistləri qəbirləri dağıdıblar. Allah onlara lənət eləsin.

Daha sonra ata yurduma getdim. Bizim geniş həyətimiz, ikimərtəbəli evimiz, gözəl bağımız, bağçamız var idi. Amma təəssüf ki, mən evimizdən əsər-əlamət görmədim. Evimizi mənfur düşmənlər yerlə-yeksan edib, xarabaya döndəriblər. Orda bir dənə daş belə tapmadım. Vaxtilə o yerlər hamısı cənnət idi.

Daha sonra min bir dərdin dərmanı İstisuya getdim, o sudan içdim. Zülfüqarlı kəndindəki İstisuya da, Turşsuya da getdim. Qədim, ən böyük monastr kompleksi olan Xudavəngi də ziyarət etdim.

Kəlbəcər Azərbaycanın cənnət guşələrindən biridir. Azad olunmasından sonra o yerlər daha da gözəlləşib, əsl sahiblərinə qovuşub. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə o yerlər daha da gözəlləşəcək, bizim rahat, təhlükəsiz yaşamağımız üçün hər cür şərait yaranacaq. Ata-baba yurdumuza köçüb, o yerləri yenidən canlandıracağımız günlərə çox az qalıb”.