Qarabağda yeni həyat başlayır

İşğaldan azad olunmuş ərazilərdə reallaşan genişmiqyaslı layihələrlə minlərlə yeni iş yerləri yaradılacaq

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik məharəti, rəşadətli ordumuzun qəhrəman döyüşçülərinin şücaəti sayəsində düşmən tapdağından azad edilmiş ərazilərimizin və bütövlükdə  Qarabağ bölgəsinin daxil olduğu iki yeni iqtisadi rayo­nun perspektiv inkişaf istiqamətləri məcburi köçkünlükdən çıxan əhali qrupunun məşğulluğu üçün geniş imkanlar açır.

Həmin ərazilərdə iqtisadi fəaliyyətin canlanması dayanıqlı məskunlaşmanın təmin olunması üçün çox mühüm şərtdir. Bir müddət əvvəl dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə Şuşada “Xarı Bülbül” otelinin açılışını edərkən burada işə yerli adamların cəlb olunması barədə tapşırıq verdiyini xatırlatdı. Cənab Prezidentə məruzə olundu ki, otelin əməkdaşları əslən Şuşadandırlar. Ölkəmizin rəhbəri həmin əməkdaşlardan biri olan gənc xanıma  “Sən Şuşada yaşamamısan, eləmi” sualını verib, “Xeyr” cavabını aldıqdan sonra “İndi yaşayacaqsan” deyərək, sanki məhz məşğulluq amilinin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı yaşayışa zəmin olduğunu bir daha vurğuladı.

Əhalinin məşğulluğunun təmin olunması, işsizliyin azaldılması, hətta dünyanın inkişaf etmiş ölkələrinin gündəliyində belə, aktual məsələlərdəndir. Azərbaycanda həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində son on səkkiz ildə işsizlik səviyyəsi kəskin şəkildə aşağı düşüb, yeni iş yerlərinin açılması davamlı xarakter alıb. Bunun ölkə əhalisinin hər on nəfərindən birinin məcburi köçkünlük məhrumiyyətləri yaşadığı şəraitdə baş verməsi isə dövlətimizin gücünün, dövlət idarəçiliyinin səmərəliliyinin göstəricisidir. Onu da qeyd edək ki, ötən illər ərzində məcburi köçkünlərin məşğulluğunun artırılması dövlət siyasətinin prioritetlərindən olub. Erməni faşizmi üzərindəki möhtəşəm Zəfər nəticəsində doğma yurda qayıdışın başlanması ərəfəsində bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Bərpa-quruculuq işlərindən sonra mütləq əksəriyyətinin öz ata-baba torpağına dönəcəyi gözlənilən məcburi köçkünlərin məşğulluq probleminin həlli mühüm vəzifə kimi qarşıda durur.

İşğaldan azad olunan ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanının inşasında 500 nəfər yerli vətəndaş çalışır ki, onların da əksər hissəsi məcburi köçkünlərdir. Digər iri infrastruktur layihələrinin icrasına daha çox sayda yerli sakin, o cümlədən məcburi köçkün cəlb olunur.

Ölkəmizdə son illərdə geniş vüsət almış aktiv məşğulluq proqramlarında cəmiyyətin həssas qruplarından biri kimi məcburi köçkünlərə də üstünlük verilib. Özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsi kiçik təsərrüfatlar, müəssisələr yaradıb, sabit gəlir əldə etmək imkanı qazanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Dünya Bankı tərəfindən 2020-ci ildən birgə həyata keçirilən “Azərbaycanda məşğulluğa dəstək” layihəsi beşillik dövrü əhatə edəcək. Layihənin məqsədi digər həssas qruplar kimi, məcburi köçkünlərə də özünüməşğulluq proq­ramına cəlb olunaraq, formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaratmaqdır. İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsalyönümlü çoxsaylı ailə təsərrüfatlarının təşkilinə özünüməşğulluq proqramı da öz töhfəsini verəcəkdir.

Məlum olduğu kimi, ADA Universitetində müxtəlif elm-təhsil müəssisələrinin mütəxəssislərinin iştirakı ilə yaradılmış xüsusi Tədqiqat qrupu dövlət sifarişi əsasında bu ilin fevral-aprel aylarında 65 min nəfər məcburi köçkün arasında sorğu keçirib. Qarabağa qayıdışın effektiv təşkili məqsədilə keçirilən sorğuda iştirak edənlər müxtəlif sualları, o cümlədən gələcəkdə doğma yurdda hansı işlə məşğul olacaqları barədə sualı da cavablandırıblar. Bundan başqa, məcburi köçkün statusu olan sahibkarlar arasında da sorğu keçirilib və onların da kommersiya-biznes niyyətləri öyrənilib. Tədqiqatın nəticələri müvafiq dövlət qurumlarına təqdim edilib və bunlar işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafı üzrə proqramlarda nəzərə alınacaqdır. Həmin tədqiqat qrupunun mətbuata verdiyi açıqlamada bildirilib ki, əhalinin işğaldan azad edilmiş ərazilərə qayıtması ilə iş bitmir. “Sözsüz ki, onların məskunlaşdırılması və daimi iş yeri ilə təmin olunması əsas məsələdir. Burada dövlətin görəcəyi işlər var və bunlar artıq başlayıb: aeroportların tikintisi, Şuşaya və digər ərazilərə yolların çəkilişi, Zəngilan dəhlizi istiqamətində dəmir yollarının bərpası və bir xeyli digər işlər... Məlum məsələdir ki, insanların oraya qayıtması tək bir dövlətin üzərinə düşən məsələ deyil, bayaq qeyd etdiyim kimi, bu işlər mürəkkəb və çox zaman tələb edən məsələdir”. Qeyd edilib ki, uzun illər ərzində ağrı-acı çəkmiş insanlar üçün daha səmərəli repatriasiya proqramının hazırlanması vəzifəsi qarşıya qoyulub.

Özəl sektorun da işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına öz töhfəsinin olacağı şəksizdir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hələ ötən ilin sonlarında sahibkarları işğaldan azad olunmuş ərazilərlə bağlı biznes layihələrini təqdim etməyə çağırmışdı. Hətta agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcəyi bildirilirdi.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun məlumatına görə, həmin ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. Bildirilib ki, investisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı da yaradılıb. Belə sənaye parklarının işğaldan azad edilmiş digər ərazilərdə də yaradılması doğma yurda dönən məcburi köçkünlərin işlə təmin edilib, özlərinə layiqli yaşayış şəraiti yaratmasına təkan verəcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə ilkin zəruri tələbatların ödənilməsi üçün dükanların, aptek, bankomat, yanacaqdoldurma məntəqələri və digər iş yerlərinin açılması məqsədilə müvafiq dövlət qurumları ilə, fərdi sahibkarlar və şirkətlərlə görüşlər keçirilir.

Ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən Qarabağ Dirçəliş Fondu öz missiyasını yerinə yetirməyə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən “Karabakh. Center” layihəsi həyata keçirilib və müvafiq internet məlumatlandırma portalı yaradılıb.

Mütəxəssislərin fikrincə, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ölkə iqtisadiyyatının, ən azı, 8 faizini formalaşdırmaq potensialına malik olacaq. Bu, illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir və yaxın illərdə Qarabağda 10 minlərlə yeni iş yerinin yaradılması deməkdir.

Qarabağ və Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi Azərbaycan dövlətinin və onun müdrik rəhbərinin əsas məqsədidir, bu məqsədə çatmaq üçün bütün maddi və mənəvi resurslar səfərbər edilib. Yüksək sosial-iqtisadi inkişafı indidən cəsarətlə proqnozlaşdırılan həmin bölgələrimizdə iş çox olduğu kimi, iş yerləri də çox olacaqdır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika” qəzeti.

01.09.2021.