Prezidentimizin siyasi uzaqgörənliyi və yüksək diplomatik bacarığı sayəsində biz öz torpaqlarımızdayıq

Laçın rayonu sakinlərindən bir qrupu avqustun 26-da doğma yurda baş çəkib. Onlar Prezident İlham Əliyevin təməlini qoyduğu hava limanının inşa edildiyi Qorçu kəndində olublar. Bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Ölkəmizdə dəniz səviyyəsindən ən hündür ərazidə yerləşən hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və burada 6 təyyarə dayanacağı inşa ediləcək. Hava limanı Kəlbəcər rayo­nu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

“Bu gün biz laçınlılar üçün möhtəşəm bir gündür, bizim sevincimizin həddi-hüdudu yoxdur. Buralar bizim dədə-baba torpağımızdır”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Laçın rayon Qorçu kənd sakini, Vətən müharibəsi qazisi Babək Mürsəlov deyib. O bildirib ki, uzun illər bu günü gözləyib: “Allah Prezidentimizi, ordumuzu, xalqımızı qorusun. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Artıq biz öz yurdumuza qovuşmuşuq. Mənim bir çox yaxınlarım, qohumlarım bu diyarın həsrəti ilə dünyadan köçdü. Laçın ölkəmizin ən gözəl rayonlarından biridir. Yolda gələrkən burada başlamış quruculuq işləri məni heyran etdi. Erməni vandallarının yerlə-yeksan etdikləri tikililər sürətlə bərpa olunur. İnanıram ki, bu ərazilər çox inkişaf edəcək”.

Keçmiş hərbçi Babək Həsənov ürək sözlərini belə ifadə edib: “Prezidentimizin siyasi uzaq­görənliyi və yüksək diplomatik bacarığı sayəsində biz öz torpaqlarımızdayıq. Erməni vandalları hər tikilini dağıdıb, amma inanıram ki, hər şey tezliklə bərpa olunacaq. Şərqi Zəngəzurumuz Azərbaycanın ən cənnət guşəsinə çevriləcək”.

Keçmiş hərbçi Cümşüd Sultanov uzun ayrılıqdan sonra yenidən doğma rayonda olmağın sevincini yaşadığını qeyd edib. O deyib: “Bu günü bizə bəxş etdiyi üçün Ali Baş Komandanımıza çox-çox minnətdaram. İnşallah, tezliklə doğma yurdumuza köçəcək, burada toy-büsat edəcəyik”. Cümşüd Sultanov dədə-baba torpaqlarına qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib. “Mən bu anı illərdir gözləmişəm. İndi bu torpaqların əsl sahibləri öz evlərinə qayıdıb. Bu hissləri bizə yaşatdığına görə ölkə Prezidentimizə, ordumuza minnətdaram. Kəlbəcərdən keçərək Laçına gələndə yolboyu icra olunan infrastruktur layihələrini gördük. Çox sevindik. Çünki ermənilərin viran qoyduğu bu yerlər tezliklə yenidən dirçələcək. İcra olunan infrastruktur layihələri Şərqi Zəngəzurun tezliklə güclü və gözəl bir diyara çevriləcəyindən xəbər verir. İnşallah o günləri də görəcəyik,” – keçmiş hərbçi fikrini yekunlaşdırıb.

“Mən çox sevinirəm. Burada keçirdiyim uşaqlıq illərimi, gəncliyimi xatırladım”. Keçmiş hərbçi Əli Hümbətov duyğularını bu sözlərlə ifadə edərək, düşmənin qovulmasını ölkəmizin gücünün, qüdrətinin göstəricisi kimi dəyərləndirib.  O deyib: “Dövlətimizin başçısının apardığı düzgün siyasət nəticəsində biz öz yurdumuzdayıq. Allah Prezident İlham Əliyevi qorusun, ordumuza güc-qüvvət versin. Erməni vandalları burada hər şeyi dağıdıblar. Lakin biz inanırıq ki, Laçın rayonunun da daxil olduğu Şərqi Zəngəzur ölkəmizin ən gözəl guşələrindən birinə çevriləcək”.

Kəlbəcər və Laçına səfər etməyin sevincini yaşayan daha bir keçmiş hərbçi, Azər Rəsulov isə deyib:  “Ali Baş Komandanımızın qətiyyətli siyasəti sayəsində işğaldan azad olunmuş rayonumuza səfər etdik, öz dədə-baba torpaqlarımıza baş çəkdik. İnşallah, bu yerlər tezliklə yenidən qurulacaq və biz öz firavan həyatımızı burada davam etdirəcəyik. Müzəffər Ali Baş Komandanımız indiyə qədər nə vəd edibsə, hamısını yerinə yetir. Xalqımız 30 ildir bu torpaqlara həsrət qalmışdı. Dövlətimizin başçısı hər çıxışında torpaqlarımızın azad olunacağını, heç bir güzəştdən söhbət getməyəcəyini deyirdi və bunu da yerinə yetirdi. Biz bu günü uzun illər gözləmişik və geri qayıdacağımıza həmişə inanmışıq. Bu sevinc hissini yaşatdığı üçün dövlətimizin başçısına, güclü ordumuza minnətdarıq. Xalqımızın birliyi bizim qələbə qazanmağımıza kömək oldu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. İnanıram ki, tezliklə Şərqi Zəngəzur və Qarabağ cənnət diyara çevriləcək”.