Ermənilər özlərini məhv edəcəklər

Dosent Marina Hayrapetyan belə deyib

Yeni torpaq iddiası ilə 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti müharibəyə başlayan, amma müdrik Prezidenti-mizin və şanlı ordumuzun dəmir yumruğu ilə darmadağın edilən Ermənistan, gözləmək olardı ki, reallıqla barışacaq və 9 noyabr bəyanatında göstərilən şərtlərin yerinə yetirilməsinə başlayacaqdır. Amma mentalitetləri xəyanətdən yoğrulan bu xalqın ağır məğlubiyyətdən çox da keçməmiş yeni müharibə istəyi artıq çoxdan məlumdur. Bəyanatdakı ayrı-ayrı maddələri özlərinə məxsus tərzdə şərh edən ermənilər həyasızcasına bildirirlər ki, 9 noyabr bəyanatı, sadəcə, 1994-cü ilin mayındakı bəyanatın bir növ oxşarıdır. Erməni politoloqların əksəriyyətinin həmin bəyanatın siyasi və hüquqi əhəmiyyət daşımadığını bildirməsi isə onların həm də siyasətdən çox uzaqda olduqlarının bariz nümunəsidir. Avqustun 30-dan sentyabrın 2-dək yayımlanan erməni mətbuatının xəbərlərinin yekun məntiqi məhz bunlardır! 

Milli Məclisdəki biyabırçı olaylardan sonra kürsüdən siyasi əxlaq və s. dəyərlər haqqında danışan ermənilərin çıxışlarına yazılmış şərhlər isə sübut edir ki, bu xalqın siyasi öndərləri ölkədəki mövcud durumu aradan qaldırmaq iqtidarında deyillər və ona görə də xalqın diqqətini Azərbaycana qarşı nifrətə yönəltməklə uğursuzluqlarını kompensasiya etməyə çalışırlar.

«Joğovurt», «Hraparak» eləcə də, digər qəzetlərin 30 avqust - 2 sentyabr tarixli saylarında dərc olunmuş məqalələrin əksəriyyəti Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvada rəsmi səfərdə olması və öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, KTMT-nin katibi Stanislav Zasla görüşləri barədə olub.

Bu görüşlər barədə mətbuatımızda artıq müxtəlif xəbərlər və şərhlər verildiyinə görə yalnız bir neçə məqamı əlavə etmək istərdik. Belə ki, həmişə güclünün arxasında gizlənən ermənilər bu dəfəki səfərin də uğursuz olduğunu vurğulayırlar. Onların şərhlərindən görünür ki, müharibədəki məğlubiyyətlərindən heç bir nəticə çıxarmayaraq yenə də xarici havadarlarının onların əvəzinə vuruşacaqları xülyasındadırlar. Sanki, KTMT məhz ermənilərin işğalçılıq siyasətlərini həyata keçirməsi üçün yaradılan hərbi qurumdur. «Nə qədər ki, Zas KTMT-da katibdir, bizə kömək etməyəcək. Çünki o, Bakıda təhsil alıb və Azərbaycanın adamıdır» fikri isə ermənilərin, doğrudan da, siyasi cəhətdən nə yelbeyin olduqlarını göstərir.

Xatırladaq ki, hər hansı məsələyə müdaxilə KTMT-nın katibinin səlahiyyətində deyil. Bu hərbi qurumun fəaliyyəti üzv dövlətlərin hamısının razılığı ilə həyata keçirilir. KTMT-dakı Orta Asiya dövlətlərinin Azərbaycanla dostluq münasibətlərinin olması da erməniləri ciddi narahat edir. Təkcə türk dünyasına deyil, həm də müsəlman aləminə nifrətləri ilə tanınan ermənilərin qazax, qırğız, türkmən, yaxud özbəyin Azərbaycana qarşı düşmən mövqedə olmasını arzulaması isə ən azı psixi çatışmazlıqdan irəli gəlir.

Avqustun otuzunadək olan yazılı və elektron kütləvi informasiya vasitələrində xəbər verilirdi ki, separatçı rejimin sentyabrın 2-də Xankəndidə «30 illik yubileyin»də Ermənistan nümayəndə heyətinə milli məclisin sədri Alen Simonyan rəhbərlik edəcək. Ancaq bu belə olmadı. Səbəbi isə geniş şərhə ehtiyacı yoxdur. Am­ma konkret desək bu, Azərbaycan dövlətinin qüdrətinin növbəti təzahürüdür.

Ermənistan prezidenti Armen Sarkisyanın, baş nazir Nikol Paşinyanın Xankəndidəki separatçı qurumun rəhbərlərinə və «arsaxlılara» göndərdikləri «təbrik məktub»ları isə öz məzmununa və məntiqinə görə lap gülməli görünür. Paşinyanın məktubunda «arsaxlılar» erməni xalqının igidlik simvolu kimi dəyərləndirilir və bu, bir sıra sosial şəbəkə istifadəçiləri, həmçinin ultramillətçi «Qütb» təşkilatının rəsmiləri tərəfindən ironiya ilə qarşılanır. Dosent, politoloq Marina Hayrapetyan isə bununla bağlı yazdığı geniş şərhində bir neçə dəfə vurğulayır ki, belə gedərsə, ermənilər özlərini məhv edəcəklər.

Təki belə olsun!

Nəsib QARAMANLI