Kəlbəcər tuneli qarşısında öldürülən azərbaycanlıların xatirəsinə əraziyə güllər düzülüb

Uzun illərdən sonra ilk dəfə doğma yurdlarına səfər edən kəlbəcərlilər Kəlbəcər tuneli qarşısında öldürülən azərbaycanlıların xatirəsini yad edib, əraziyə güllər düzüb, onların qisasının yerdə qalmadığını bildiriblər.

Kəlbəcərə səfər edən Qaçqın­ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib: “Kəlbəcərdə vəziyyət pisləşdiyi üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilmişdi. Buna görə də Kəlbəcərdən Laçına gedən tuneldən 30 kəndin sakinləri çıxarılmalı idi. Ermənilər Göyçə və Laçın istiqamətindən rayonu mühasirəyə almışdı. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunelin çıxışında həmin insanları gülləborana tutdular. Çoxu öldü, ölməyənləri isə girov götürdülər.

Ondan sonra da burada bu cür dəhşətli faciələr yaşandı. Dinc əhalini tunelin ağzında qırırdılar. Təsəvvür edin ki, insanları daşıyan “KamAZ” markalı avtomobilə od vurub, 8 yaşlı uşağı ailəsinin gözləri qarşısında onun içinə atıblar. Laçından gələnlər də burada qətlə yetirilib. Bu qırğınlardan sonra düşməndən qaçmağı bacaran bir nəfər geriyə qayıdaraq əhaliyə tunelin ağzında ermənilərin olduğunu xəbər verib və bundan sonra dinc insanlar qaçmaq üçün dağ yolundan istifadə ediblər”.

Şöbə müdiri bildirib ki, kəlbəcərlilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladlarımıza hər zaman minnətdardırlar.

“Biz hər birimiz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Torpaqlarımız uzun illərdən sonra yağı düşməndən azad edildi, şəhidlərimizin qisası alındı. Bu gün biz çox qarışıq hisslər keçiririk, amma sevinc hissi onların hamısını üstələyir”, - deyə Sənan Hüseynov əlavə edib.