Əhməd Oğuz vəfat edib

Azərbaycan media və ədəbi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış şair, jurnalist Əhməd Oğuz avqustun 31-də uzun sürən ağır xəstəlik nəticəsində 59 yaşında vəfat edib.

Əhməd Oğuz (Əhməd Kərimov Musa oğlu) Qərbi Azərbaycanın Kalinino rayonu Qızıl Şəfəq kəndində anadan olmuşdu.

İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsində təhsil almış (1978-1982), Quba rayonunun Hacıqaib və Kalinino rayonunun Soyuqbulaq kəndlərində müəllim işləmişdi (1985-1989).

Qərbi Azərbaycanda ata-baba yurdundan zorla qovulduqdan sonra “Azərbaycan” qəzeti redaksiyasında müxbir (1989-1990), “Xəzər” jurnalında poeziya şöbəsinin rəhbəri (1991-1992), “Oğuz eli” qəzeti redaksiyasında məsul katib (1992-1993), Azərbaycan Radio və Televiziya Verilişləri Şirkətində radio xalq yaradıcılığı baş redaksiyasında Söz şöbəsinin müdiri (1993-2021) vəzifəsində çalışmışdı.

“Nar ağacı” adlı ilk şeri 1981-ci ildə “Ulduz” jurnalında dərc edilib. İlk şeirlər kitabı – “Hara gedirsiniz, dağlar?” 1998-ci ildə nəşr olunub.

Mərhumun dillər əzbəri olan “Ayrılıq” şeirini dərc edərək, Allahdan ona rəhmət, əzizlərinə səbr diləyirik.

 

Suyumuz başdan bulandı,

Kor olsun ayrılıqları.

Göz yaşıyla durularsa,

Durulsun ayrılıqları.

 

Nə çəkdim bu yaşa kimi,

İndi sevmək peşə kimi.

Sal əlindən şüşə kimi,

Qırılsın ayrılıqları.

 

Məni yerimdən oynatdı,

Oydu, içimi göynətdi.

Yenidən sevmək öyrətdi –

Var olsun ayrılıqları…