Şuşada ədəbiyyat bayramı

Molla Pənah Vaqif şəxsiyyəti Qarabağ üçün, Şuşa üçün çox unikaldır. Xalqın yaddaşında dolaşan, folklorlaşan Vaqif obrazı həm də ciddi ədəbiyyatda özünə möhkəm yer eləyib. Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” romanı və Səməd Vurğunun “Vaqif” mənzum pyesi bu mənada ən vacib örnəklərdən sayılır. Səməd Vurğun pyesini daha çox şair təxəyyülü üzərində qursa da, Molla Pənah Vaqif şəxsiyyətinin tanınmasında müstəsna rolu oldu. Dəfələrlə səhnələşdirildi. Ən yaxşı rejissorlar, ən yaxşı aktyorlar bu əsər üzərində öz istedadlarını sınaqdan keçirdilər. “Vaqif” pyesi neçə sənətkar nəsli yetişdirərək, Azərbaycanın “Hamlet”i səviy­yəsinə yüksəldi. Hətta sovetlər dönəmində Qarabağın, Zəngəzurun ucqar kənd klublarında, məktəblərində belə bu pyesdən hissələr oynanılırdı.

Yusif Vəzir Çəmənzəminli “İki od arasında” romanında tarixi faktlara daha çox sadiq qalıb. Roman birbaşa şairə aid olmasa da, Vaqif burada kifayət qədər dolğun təsvir edilir. O, yüksək istedada və mədəniyyətə malik gözəl bir şair, ağıllı, kamallı, təcrübəli dövlət xadimi kimi təqdim edilir.

Xalq dilində dolaşan bu kəlamı da yəqin heç birimiz unutmamışıq: “Hər oxuyan Molla Pənah olmaz!”

SSRİ dövründə Azərbaycan tarixçiləri, alimləri, daha sonra siyasi xadimləri tərəfindən Vaqif şəxsiyyətinin Qarabağın, Şuşanın simvolu kimi götürülməsi təsadüfi deyildi. Bəzən bunu Vaqifin Qarabağ xanının vəziri, onun xarici məsələlər üzrə müşaviri kimi ruspərəst siyasət yürütməsi ilə əlaqələndirənlər olur. Lakin Çəmənzəminlinin, təbii ki, sırf Azərbaycançılıq mövqeyindən qələmə alınan romanı bu iddiaları istisna edir. Qonşu və qardaş xanlıqlarla daimi müharibədə olan balaca bir xanlıq Rusiya və İran kimi iki nəhəng imperiyanın arasında (romanın adı da bu kontekstdədir – Ş.A.) ağıllı siyasət yürütməsə, ayaq altında qalıb məhv olardı. Bu mənada Vaqifin şairlikdən əlavə bir dövlət xadimi kimi fəaliyyəti də öz zamanı və tariximiz üçün çox əhəmiyyətlidir.

Ümummilli lider Heydər Əliyev də Vaqifin yaradıcılığına, siyasi fəaliyyətinə və şəxsiy­yətinə həssaslıqla yanaşırdı. Şuşada möhtəşəm məqbərəsinin tikilməsi, büstünün qoyulması, qarlı-çovğunlu bir gündə ozamankı respublika elitasının iştirakı ilə məqbərənin açılış mərasiminin keçirilməsi buna əyani misaldır. Şuşada ənənəvi Vaqif Poeziya Günlərinin təsis edilməsi də sadaladığımız ağıllı təşəbbüslərin davamı idi.

Vaqif şəxsiyyəti həm də hələ SSRİ zamanından altdan-altdan Qarabağ torpaqlarına iddia edən erməni separatçılarının yolunda ən ciddi əngəllərdən biri idi.

Ötən əsrin 90-cı illərində Şuşanın işğalı zamanı ən dəhşətli vandalizmə məruz qalanlardan biri də Vaqif oldu. Onu Qarabağın Azərbaycana məxsus olduğunu asanca sübut edən ən dəyərli, ən parlaq və ən danılmaz faktlardan biri kimi yox eləməyə çalışdılar. Mümkün qədər. Bacardıqları qədər. Lakin mümkün olmadı. Çünki haqq nazilər, üzülməz.  

Gün gəldi, Şuşanın əzəli-əbədi sakinləri öz qanı-canı bahasına ona sahib çıxdı və nə xoş ki, Azərbaycanın Şuşaya qovuşması dalbadal mötəbər mədəni hadisələrlə, festivallarla yadda qaldı.

Zəfər müharibəsindən hələ bir il ötməyib. Bu bir neçə ayda Şuşada görülən işlər adama doğrudan da qürur hissi yaşadır. Bunu əlbəttə, bütün dünya görür və kimin Qarabağ torpaqlarında nə işlə məşğul olduğunu asanlıqla fərqləndirə bilir.

Yadınızdadırsa biz Şuşaya Natəvanın, Üzeyir bəyin və Bülbülün güllələnmiş büstləri ilə qayıtdıq. Nə Natəvan əlinə silah almışdı, nə Üzeyir bəy, nə Bülbül. Lakin o büstlərə silah yönəltdilər – onları amansızcasına güllələdilər! Dünyanın ən ilahi həqiqəti müharibə vaxtı Rusiya vasitəsi ilə Bakıya gətirilən güllələnmiş heykəllərin Şuşaya qayıdışı idi. Və bir işə ki, ədalətlə başladın, elə o cür də davam edəcək.

“Cıdır düzü”ndə təşkil olunan “Xarıbülbül” festivalı da ədalət savaşında qalib gələn bir ölkənin həm öz vətəndaşlarına, həm də bütün dünyaya sülh çağırışı idi.

Bu həftənin əvvəli doğma Şuşamız daha bir mötəbər tədbirlə dünyaya səs saldı: ölkə prezidenti və xanımı böyük şairin məqbərəsi önündə keçirilən Vaqif Poeziya Günlərinin açılışında iştirak etdi.

Poeziya bayramından əvvəl dahi Üzeyir Hacıbəylinin işğal zamanı dağıdılan və Şuşa azad olunandan sonra öz yerində yenidən ucaldılan heykəlinin açılış oldu, Bülbülün viranəyə dönmüş ev muzeyi orijinala uyğun təmir və bərpadan sonra qonaqların ixtiyarına verildi, Vaqifin məqbərəsinin və büstünün açılışı oldu. Bu abidələrin heç biri yeni deyil. Bülbülün dağıdılmış büstü erməni vandalizminin canlı şahidi kimi hələ də həyətin bir tərəfində saxlanılır, təzə büst ona uyğun düzəldilib və öz köhnə yerinə qoyulub. Üzeyir bəyin abidəsi isə elə dağıdılmışdı ki, ondan heç cür istifadə edə bilmədilər, yeni abidə köhnə abidənin fotoları əsasında hazırlandı. Vaqifin məqbərəsinin yalnız quru skeleti qalmışdı, büstünü isə yararsız hala salmışdılar.

Daha bir qızğın iş isə Üzeyir bəyin ev muzeyində aparılır. İnşallah, yaxın zamanlarda bu doğma ocağın da təntənəli təqdimatında iştirak edəcəyik. 

Şuşada daha bir maraqlı tədbir isə bu ilin oktyabrında keçiriləcək. Azərbaycan yazıçıları özlərinin 13-cü qurultayını Şuşaya planlaşdırdılar. Bu barədə Xalq yazıçısı Anar Vaqifin məqbərəsi önündə ölkə başçısından xahiş etdi və müsbət cavab aldı. Demək, təxminən bir ay sonra Vaqif yenidən yazıçı və şairləri “başına toplayacaq”.    

Az vaxt ərzində bütün bu mədəni məkanlar, Şuşanı Azərbaycanın Məkkəsinə çevirən mənəviyyat ocaqları bərpa ediləndən, büst və abidələr öz yerinə qoyulandan sonra tanınmış mədəniyyət və ədəbiyyat adamlarının iştirakı ilə Vaqif Poeziya Günlərinin təntənəli açılış mərasimi oldu. Mərasim videogörüntülər vasitəsi ilə bütün dünyaya yayıldı.

Dost da gördü, düşmən də! 

Açılış mərasimində qürurla çıxış edən prezident İlham Əliyevlə yanaşı bir çox yeni nəsil yazarlar da öz atalarının dayandığı yerdə dayandılar, foto və videolarla o anları yada saldılar. Sosial şəbəkələr Şuşa görüntüləri ilə gül çələngi kimi bəzəndi.

Yaşlı yazıçılardan Anarın, Nəriman Həsənzadənin, Elçinin, gənclərdən Günel Şamilqızının, Şəhriyar del Geraninin səsi mikrofon vasitəsi ilə Şuşanın səmasına yayıldı. O dağlar, o daşlar, o çəmənlər, o səkilər, o binalar bu dil üçün – “Vaqifin dili” üçün çox darıxmışdı.

Vaqifin özünün də ruhu şad idi.

Şair kimi təbiətini, gözəllərini vəsf elədiyi, dövlət xadimi kimi keşiyində durduğu Şuşa artıq öz doğmalarının ixtiyarında idi.

Vətən həm də keçmişimizdir. Biz təkcə bugünümüzə və gələcəyimizə yox, həm də keçmişimizə sahib çıxmağı bacarmalıyıq. Necə ki, çıxdıq. Bundan sonra Vaqifin ən kədərli şeirlərinin içində də bir işıq, bir ülviy­yət hiss olunacaqdır.

Tanrı bizi Vətəndən, Vətəni bizdən ayırmasın!

Şərif AĞAYAR