“Ağdamda gördüklərimizdən dəhşətə gəldik”

Azərbaycan Respublikasında 9 ildən çox işləmişəm. Biz bura 2006-cı ildə gəldik. Bizə tapşırılmışdı ki, səfirlik yaradaq, Azərbaycanla dostluq və qardaşlıq münasibəti quraq. O zamanlar Qarabağ mövzusu diqqət mərkəzində idi. Biz bu mövzunun ölkə üçün necə ağrılı olduğunu, əhalinin necə köçkün düşdüyünü, öz doğma evlərində yaşamaq hüququndan məhrum olduğunu, müvəqqəti sığnacaqlarda məskunlaşdığını gördük. O dövrdə əhalinin yarıdan çoxu yoxsulluq içində idi. Bütün bunlar müharibənin nəticələri idi.

Bu sözləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən Belarusun ölkəmizdəki keçmiş səfiri Nikolay Patskeviç AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

N.Patskeviç o zaman münaqişəni daha dərindən öyrənmək üçün araşdırmalar apardıqlarını bildirib: "Bizə hadisələri təhlil edib araşdırmaq çox maraqlı idi. Biz sənəd və materialları oxuyub tanış olur, öyrənirdik. BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi haqqında qərarları var idi. Ancaq bəzi ölkələrin KİV-lərinin mövqeləri müxtəlif idi. Bütün materialları öyrənməyimiz və neytral şərhçilər sayəsində real vəziyyət ilə tanış olduq. Belarusda Qarabağdan getmiş insanlar yaşayır. Biz öyrəndik ki, onların çoxu öz rəhbərliklərinin siyasi mövqeyini dəstəkləmirlər. Onlar qeyd ediridlər ki, sülhün bərqərar olmağını istəyirlər. Həmişə Bakıda, Qarabağda azərbaycanlılarla birlikdə yaşadıqlarını, heç zaman sıxışdırılmadıqlarını, hər zaman həyatlarından razı olduqlarını deyirdilər. Ancaq siyasətçilərin törətdikləri onları narahat edirdi. Biz görürdük ki, böyük haqsızlıq­lar baş verir. Ancaq inanırdıq ki, ədalət bərpa olacaq, torpaqlar geri qayıdacaq. Bu təbii idi. Çünki ola bilməzdi ki, milyonlarla insan əziyyət çəksin, həm də uzun müddət".

Nikolay Patskeviç fəaliyyəti zamanı ilk növbədə Azərbaycanla dostluq və iqtisadi əlaqələrin qurulmasına çalışdığını deyib: "Ən ciddi layihələrdən biri Belarus traktor texnikasının Gəncədə qurulması oldu. Bu layihə dövlət başçıları Aleksandr Lukaşenkonun və İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Layihə Prezident İlham Əliyevin tapşırığı ilə müvəffəqiyyətlə həyata keçdi. Zavod möhtəşəm istehsal nümayiş etdirdi".

Belarusun ölkəmizdəki keçmiş səfiri Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəhs edərək söyləyib: "Biz burada insanların torpaqlarının azad edilməsini necə sevinc və coşqu ilə qarşıladıqlarını gördük. Gənclərin necə vətənpərvərliklə torpaqlarını azad etdiyinin şahidi olduq. Onu da gördük ki, Prezident İlham Əliyev Heydər Əliyev siyasətini necə ləyaqətlə davam etdirir. Baş verənlər göstərdi ki, Prezidentin istedadı çox şeyləri həll etdi. Bu da nəticə. Biz gördük ki, o hadisələri kabinetindən idarə etmədi. Həmişə öndə oldu. Biz onun aktiv mövqeyini gördük. Onun müsahibələri aydın, dəqiq və təsirli idi. Onun söz və əməli birdir. O sülh çağırışları edərək deyirdi ki, gəlin sülh içərisində yaşayaq. Biz insanların birgə yaşayışının təhlükəsizliyinin qarantıyıq".

Nikolay Patskeviç bildirib ki, Azərbaycan xalqı da Belarus xalqı kimi sülhsevərdir. O qonşularla sülh şəraitində yaşamaq üçün əlindən gələni edəcək: "Əlbəttə, bunu qonşular da istəməlidir. İnanırıq ki, nəhayət, sağlam düşüncə qalib gələcək, sizin qonşularınızla perspektivli bir gələcəkdə mehriban qonşuluq şəraitində yaşamaq mümkün olacaq. Biz xeyirxah Azərbaycan xalqına sülh və əminamanlıq arzu edirik. Biz bu regionun tezliklə bərpa olunmasını arzu edirik. İnşallah bütün torpaqlarınızda sülh və əminamanlıq olar və bu gözəl dövlətiniz daha da çiçəklənər”.

Nikolay Patskeviç işğaldan azad edilmiş ərazilərin tezliklə bərpa olunacağına inamını ifadə edib: "Biz Ağdamda gördüklərimizdən dəhşətə gəldik. Belarus da 1944-cü ildə azad edilən zaman da elə buradakı kimi idi. 600 kənd yandırılmışdı. Minsk də Ağdam kimi dağıdılmışdı. Biz hər şeyi yenidən qurmalı olduq. Yeni qəsəbələr və kəndlər saldıq. Biz inanırıq ki, xalqın ruh yüksəkliyi və rəhbərliyin məharəti sayəsində bütün qüvvələr səfərbər ediləcək və bir neçə ildən sonra buralar çiçəklənəcək. Azərbaycan xalqına xoşbəxtlik və uğurlar arzulayıram".