Ermənistan yenə həddini aşıb

İyul ayının ikinci ongünlüyü də Ermənistanda siyasi böhtanlar və Azərbaycana qarşı əsassız ittihamlarla başlayıb. İyulun 9-da «Ermənistan» və «Şərəfim var» bloklarının, habelə bir neçə kiçik partiyanın seçkilərin nəticələri ilə bağlı konstitusiya məhkəməsinə müraciətinə baxılmışdı. Konstitusiya məhkəməsi şikayətlərə ilkin baxış keçirdikdən sonra iyulun 11-də yenidən öz işini davam etdirmişdi. İclasda tərəflər bir-birini qarşılıqlı ittiham atəşinə tutsa da hakimlər həmin blokların iddialarının çoxunun faktlara sökənmədiyini bildirib.

Koçaryanın «Ermənistan» bloku N.Paşinyanı rəqiblərinə qarşı hədə-qorxu gəlməkdə suçlandıraraq bildirib ki, o seçki qabağı mitinqdə çıxış edərkən əlindəki çəkiclə əleyhdarlarını, xüsusilə Koçaryan və Sarkisyan tərəfdarlarını cəzalandıracağını bildirib. Paşinyan komandasının vəkili isə bunun yalnız rəmzi xarakter daşıdığını söyləməklə Koçaryanın vəkillərinin əsassız olduqlarını bildirib. Yenə də davam edən mübahisələr heç bir fakta sökənmədiyindən kiminsə günahkar olduğu ayırd edilməyib. Bu olaya münasibət bildirən sosial şəbəkə izləyicilərinin bəziləri qeyd edirlər ki, Koçaryanın yeri parlament deyil, həbsxanadır. Paşinyan onu həbsxanadan buraxdırmaqla ölkə üçün yeni problem yaranmasına səbəb olub. Seçki öncəsi bütün çıxışlarında Ermənistanı düşdüyü ağır vəziyyətdən yalnız özünün və komandasının çıxarmağa qadir olduğunu bildirən R.Koçaryanın parlmentdə oturub-oturmayacağı barədə suallara həmişə eyni tərzdə - ikibaşlı cavab verməsi də Paşinyan tərəfdarlarını qəzəbləndirir. Onlar «Qarabağ» klanının 20 il hakimiyyətdə olduğu dövrdə ölkəni taladıqlarını müxtəlif qəzetlərdə və saytlarda durmadan təkrarlayırlar.

Rusiyanın əlaltısı olan Koçaryanın indiki mövcud siyasi şəraitdə uduzmasını həm də Rusiyanın uduzması kimi dəyərləndirən politoloqlar, ekspertlər, sıravi izləyicilər daha çox Qərbə və ABŞ-a istiqamətlənməyi məsləhət görürlər. Amma onu da bildirirlər ki, Paşinyanın Rusiyaya son səfəri məhz seçkilərlə əlaqədar olmuşdu. Vurğulanır ki, Paşinyan Rusiyanın lideri Putinin təbrikini qəbul etməklə, həm də onun qarşısında öhdəliklər götürüb. Çünki Paşinyan yaxşı başa düşür ki, mövcud şəraitdə Rusiyanın dəstəyindən imtina etmək Ermənistanın daha da böhrana düşməsinə gətirib çıxaracaq. Rusiyalı ekspertlər də Ermə­nistandakı duruma birmənalı yanaşmırlar. Belə ki, onların bəziləri Paşinyanın Rusiya üçün etibarlı tərəfdaş olmadığını, yeri gələrsə, Rusiyanın maraqlarını Qərb ölkələrinə satacağını bildirirlər. Rusiya Xarici İşlər üzrə Fede­rasiya Şurasının sədrinin birinci müavini Vladimir Cabbarov isə Paşinyanın seçkidən son­ra ilk səfərini Moskvaya etməsini «xeyirxah əlamət» adlandırıb və Türkiyənin Azərbaycan ərazisində hərbi baza yaradacağına qarşı müəyyən təzyiqlər göstərəcəklərini bildirib. Məlum olduğu kimi, Ermənistan azsaylı ölkələrdəndir ki, onun sərhəddini digər ölkənin yəni Rusiyanın sərhədçiləri qoruyur. «Armen­press»in məlumatına görə, V.Cabbarov sərhəd məsələsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə rus hərbiçilərinin olması üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı gərəkdir. Yerigəlmişkən vurğulayaq ki, erməni iqtidarı da, müxalifəti də ölkənin sərhədlərinin ruslar tərəfindən qorunmasının tərəfdarıdırlar. Bu isə o deməkdir ki, Ermənistan nəinki müharibə aparmağa, hətta sərhəddə xidmət etməyə əsgər hazırlamağa qadir deyil.

«İravunk», «Joğovurt», «Ermənistan Respublikası» qəzetlərinin və müxtəlif elektron informasiya vasitələrinin verdiyi xəbərə görə, iyulun 12-də və 15-də Paşinyanın sədrliyi ilə hökumətin qapalı iclası keçirilib. Həmin iclasda «dövlət əhəmiyyətli məsələlər» müzakirə olunub və jurnalistlərə bu barədə dolğun məlumat verilməyib. Yalnız bildirilib ki, iclasda 2022-2024-cü illərdə dövlətin xərclər proqramı və 2022-2026-cı illər üçün digər xərclər proqramı təsdiq edilib. Sosial şəbəkələrdəki şərhlərdə isə bildirilir ki, sözügedən iclasda əsasən Puti­nin Paşinyana verdiyi tapşırıqlar müzakirə edilib.

Konstitusiya məhkəməsində davam edən çəkişmələrdən yaranan dilxorçuluq Minsk qrupundakı həmsədr ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfər etməməsi «sevinci» ilə qoşa addımlayır. Ermənistanın bütün kütləvi informasiya vasitələri az qala sevinc dolu xəbərlərlə bildirirlər ki, həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsi Ermənistanın və «Arsax»ın (?) mövqeyinə hörmətdən irəli gəlir. İkrah yaradan sərsəmləmələrlə dolu olan er­məni mətbuatı onu da bildirir ki, səfirləri Şuşa­ya səfər edən digər in çoxu Ermənistanla isti münasibətdədir və gələcəkdə qarşılıqlı münasibətlərdə soyuqluq yarana bilər. Müxtəlif mə­sə­lələrdə qeyri-adekvat addımlar atan Ermə­nis­tanın bu dəfə də gördüyü işə el təbirincə desək, bişmiş toyuğun da gülməyi gəlir. Belə ki, erməni KİV-lərinin iyulun 14-də yaydıq­ları məlumatlarda göstərilir ki, Ermənistan xarici işlər nazirliyi Şuşaya səfər edən səfirlərin ölkələrinin Ermənistandakı səfirlərini xarici işlər nazirliyinə çağırıb və həmin ölkələrin rəhbərlərinə ünvanlanmış məktubları onlara təqdim ediblər. Beynəlxalq diplomatik münasibətlər baxımından gülünc görünən həmin məktublarda bildirilir ki, guya Şuşa «Arsaxın» Azərbay­can tərəfindən işğal olunmuş ərazisidir və ica­zə olmadan oraya getmək qanunsuzluqdur. Başlarını itirmiş ermənilərin artıq dünya ictimaiyyətinə, müxtəlif ölkələrin rəhbərlərinə göstəriş verməyə cəhd etmələri heç bir əndazəyə sıxmır. Şuşaya səfəri ilə çoxdankı arzusuna çat­dığını vurğulayan Ukraynanın Azərbaycanda­kı səfirinin çıxışı isə erməniləri daha çox qə­zəbləndirib. Onlar bildirirlər ki, İsrail və Uk­ray­na artıq Ermənistan üçün yoxdur. Ona görə də ermənilər Fələstini dəstəkləyir, Krımı və Don­ba­sı isə Ukraynanın deyil, Rusiyanın tarixi ərazisi kimi tanıyır. Tərbiyəsiz uşaq sayağı hərə­kət edən Ermənistanın dünya ölkələrinə vay-şivənlə müraciət edib, Azərbaycana təzyiq gös­tərmələri üçün yalvarması bizi, əlbəttə, na­ra­hat edir. Görünür, dəmir yumruğumuz yeni­­dən işə düşməlidir ki, ermənilərin ağlı başına gəlsin. 

Nəsib QARAMANLI