Vətən müharibəsi şəhidinin barelyefi açılıb

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami filialının bələdçisi olmuş Vətən müharibəsi şəhidi Hikmət Məmmədovun vaxtilə yaşadığı evin önünə onun barelyefi vurulub.

Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə iyunun 15-də barelyefin açılışı mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, qohumları və iş yoldaşları iştirak ediblər. Barelyef heykəltaraş Qasım Qasımov tərəfindən hazırlanıb.

...1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov orta təhsilini Gəncədə yerləşən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbdə alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Mühasibat uçotu fakültəsini bitirib. Sonra həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlayıb.

Vətən müharibəsinin iştirakçısı olan Hikmət Məmmədov 2020-ci il oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

Hikmət Məmmədov ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.