Canlı əfsanə haqqında poema

O Məcnundur, Leylisinin

Adı Vətəndir, torpaqdır.

Ürəyinin hər sözünün

Odu Vətəndir, torpaqdır.

Bu misralar şair Şahlar Baba Şuşalının birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüsrəmova həsr etdiyi “Canlı əfsanə” poemasındandır. İki hissədən ibarət poema bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən kiitab şəklində oxuculara təqdim edilib.

Hacı Əkbər təkcə Ağdamda, Qarabağda deyil, ümumən, respublikamızda yaxşı tanınan müəllim, ziyalı, el ağsaqqalıdır. O, sovet imperiyasına qarşı azadlıq mübarizəsinin fəallarından, Ağdamda ilk özünümüdafiə dəstələrinin yaradıcılarından olub. Üç oğlu ilə birlikdə erməni faşizminə qarşı vuruşub. Ortancıl oğlu Sənan 1992-ci il mayın 15-də Ağdamın Abdal-Gülablı kəndi uğrunda döyüşdə şəhid olub. Əkbər müəllimin qardaşı oğlu Yusif də birinci Qarabağ müharibəsinin şəhidlərindəndir.

Şahlar Baba Şuşalı poemada bu qəhrəman nəslin övladları, onların Vətən, torpaq sevgisi, hərbi şücaəti, həmçinin müharibənin ağrı-acıları barədə düşüncələrini və müqəddəs qalibiyyətimizin doğurduğu sevinc, qürur hissini özünəməxsus poetik bir dillə ifadə edir. Əsər yüksək vətənpərvərlik ruhu ilə yazılıb.

Səksən yaşlı müəllif ixtisasca əczaçı olsa da, uzun illərdir poeziya yaradıcılığı ilə məşğuldur. İndiyədək bir neçə kitabı nəşr edilib.