Zəngibasar mahalı, Haçaparaq (Zəhmət) kəndi

Haçaparaq (Zəhmət) kəndi Zəngibasar mahalında, Zəngibasar (sonra Masis adlandırılıb) rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 8 km şimal-qərbdə, İrəvan şəhərinin 6 kilometrliyində, Zəngi çayının sağ kənarında, Arbat kəndi yaxınlığında yerləşir. Tarixən kənddə ancaq Azərbaycan türkləri yaşayıblar.

Kəndin adı “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Qırxbulaq nahiyəsinin Xaçaparaq kəndi, İ.Şopendə (1832) və sonrakı mənbələrdə (1873, 1886 və s.) Zəngibasar mahalının Haçaparaq kəndi kimi qeydə alınıb. Toponimin etimoloji izahı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Belə versiyalardan biri kəndin adının Xacəyi-parak olması, xacəyə məxsus paraq (paraq – “mal-qara saxlamaq üçün hazırlanmış yer”) mənası bildirməsidir (B.Budaqov, Q.Qeybullayev). Bu prinsiplə adın birinci komponentini xacə yox, hacı kimi də yaza bilərik. Yəni Hacıya məxsus paraq. Və ya haça paraq, haça şəkilli paraq.

Haçaparaqlı professor Sadıq Şükürova görə, qədimlərdə kəndə Qoçaparaq da deyirmişlər, lakin onun əsl adı Xocə-parak olub. Müəllif O.Süleymanova istinadən göstərir ki, parak//barak sözü qədim türk dilində “güclü keşik iti” anlamı verir.

Xalq etimologiyasına görə isə toponim “xaç aparmaq” mənası daşıyıb. Bu məsələ ilə bağlı daha elmi ola biləcək iki versiya da irəli sürülüb. Birincisi, toponim ilkinliyində Haça-paraq şəklində olmuş, keçmişdə qonşu kəndlərdən Həcc ziyarətinə gedən zəvvarlar bu kəndə yığılmış və buradan yola çıxmışlar. Kənd də adını Haca aparmaq ifadəsindən götürüb. İkincisi, xaç komponentli digər toponimlərdə olduğu kimi, burada da Kas//Xas türklərinin tayfa adının izlərini mütləq nəzərə almaq lazımdır. Bu prinsipi Haçaparaq toponiminə də şamil etmək olar.

Yeri gəlmişkən, keçmişdə Qərbi Azərbaycan ərazisində Xaç komponentli onlarla kənd olub. Onlardan biri İrəvan mahalının Xınzirək nahiyəsində elə Xaçaparaq da adlanıb.

“İrəvan əyalətinin icmal dəftəri»ndə (1728) kənddən dövlətin müxtəlif vergilər şəklində ildə 30.000 axça gəlir götürməsi haqqındakı qeyddən anlaşılır ki, hələ o vaxt kənd xeyli böyük və varlı olub. İ.Şopen (1832) kənddə 75 təsərrüfatda 326 nəfər (182 kişi, 144 qadın) Azərbaycan türkü qeydə alıb.

1873-cü ildə kənd əhalisinin sayı 99 təsərrüfatda 716 nəfərə (377 kişi, 339 qadın) çatıb. Həmin mənbədə kəndin Zəngi çayı kənarında yerləşdiyi, mülkədar kəndi olduğu, kənddə məscidin mövcudluğu barədə də məlumat verilir.

1886-cı ildə Haçaparaq kəndində 117 təsərrüfatda 753 nəfər (440 kişi, 313 qadın), 1897-ci ildə 1194 nəfər, 1905-ci ildə 992 nəfər, 1914-cü ildə 1135 nəfər azərbaycanlı qeydə alınıb.

1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Haçaparaq kəndi də Türkiyədən gəlmə ermənilərin vəhşi hücumlarına məruz qalıb, dağıdılıb, yandırılıb, əhalisi qəddarlıqla qətlə yetirilib, sağ qalanlar baş götürüb, Arazın o tayına mühacirət ediblər. Kənd bir neçə il xaraba qalıb, yalnız sovet hakimiyyətinin ilk illərində qaçqın haçaparaqlılar Vətənə geri dönmək imkanı qazanıblar. Onların sayı 1922-ci ildə 492 nəfər olub, 1926-cı ildə kənddə əhalinin sayı 676 nəfərə, 1931-cı ildə 795 nəfərə çatıb.

1950-ci illərdə kolxoz təsərrüfatı əsasında tərəvəzçilik sovxozu yaradılmış, kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub, kitabxana, kino qurğusu və s. sosial obyektlər fəaliyyət göstərmişdir.

Kəndin qədimliyinə dəlalət edən ən tutarlı faktlardan biri onun qəbiristanlığındakı baş və sinə daşları, qəbirlərin üstündəki qoç, at və öküz heykəlləri idi. Qoç heykəllərinin döşünə dəfn olunanın özünün, atasının və tayfasının adı, öldüyü il qeyd olunmuşdu. At fiqurlu qəbir daşlarının üstündə yuxarıdakı məlumatlarla yanaşı, mərhumun həm də yaşı yazılmışdı. Kənd qəbiristanlığında yalnız iki məzarın üstündə buynuzlu öküz heykəli vardı ki, onlarda həmçinin ölənin ailə üzvlərinin sayı da göstərilmişdi. Çox güman ki, qəbir üstündəki bu heykəl fərqləri vəfat edənin cəmiyyətdəki mövqeyindən irəli gəlirdi. Belə sayqı ancaq tayfa başçılarına ola bilərdi.

Bundan əlavə, Zəngi çayının yarğanından baxanda kənd qəbiristanlığındakı 15-16 qəbrin bir-birinin üstündə yerləşdiyi görünürdü. Lap aşağı mərtəbədəki qəbrin skeleti, qol-qıç sümükləri xeyli uzun və yoğun idi. Heç şübhəsiz, 15-16 mərtəbəli qəbirlərə malik qəbiristanlıq bu yerin bir neçə min illik tarixindən xəbər verirdi.

Haçaparaq kəndində dəfn mərasimi ilə bağlı belə bir məqam da vardı: cənazə qəbirə qoyulub, üstü torpaqlanandan sonra üç gün hər şər qovuşanda qohumlardan bir neçə nəfər gedib qəbrin üstündə od yandırardı. Heç şübhəsiz, bu, atəşpərəstlikdən qalma bir adət, hansısa unudulmuş bir ayinin saxlanan əlaməti idi.

Əhali alın təri ilə özünə yaxşı güzəran yaratmış, iki-üç mərtəbəli şəxsi evlər tikdirmişdilər. Lakin 1988-ci il soyqırımı zamanı azərbaycanlılara məxsus bütün var-dövlət ermənilər tərəfindən qəsb edildi. Kənd növbəti dəfə soyqırımına məruz qaldı, onun 3000 nəfərdən çox azərbaycanlı əhalisi işgəncələrlə kənddən qovuldu. Hazırda haçaparaqlılar Azərbaycanın bir çox rayonlarında məskunlaşıblar.

1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilərək Zəhmət, 1991-ci il aprelin 19-da isə Xaçpar qoyulub.

Hazırladı: Sevda SÜLEYMANOVA