Prezident İlham Əliyev: “Azərbayсan və Türkiyə layiqli gələсəyin qurulması naminə inamla birgə addımlayır”

Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində qeyd edib.

Dövlət başçısı bildirib: "Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni pers­pektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram".

İstanbulda XXIV Avrasiya İqtisadi Zirvəsi Azərbaycanın dəstəyi ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən keçirilir. “Bəşəriyyət daha yaxşısına layiqdir” devizi ilə keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanın yeni düzənini müzakirə etməyi qarşısına məqsəd qoyub.

AZƏRTAC-ın məlumatına görə, COVID-19 pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak edirlər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, vətənlərimizin bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyənin Dövlət Himni səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktubu energetika naziri Pərviz Şahbazov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım oxuyub.

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ənənəvi Avrasiya İqtisadi Zirvəsinin qarşıya qoyduğu vəzifələr, o cümlədən toplantının məram və məqsədlərindən danışıb. O diqqətə çatdırıb ki, böhranlardan çıxış yolu, ölkələrin inkişafı, insanların rifahının və xalqların dostluğunun təmin olunmasından asılıdır. Bunun üçün insan cəmiyyəti layiq olduğu həyata doğru irəliləməlidir.

Daha sonra Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbul valisi Ali Yerlikaya, İstanbulun Avcılar Rayon Bələdiyyəsinin sədri Turan Hançerli, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Comanescu, QDİƏT Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, Professor İoanna Kuçuradi, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədr müavini Urfi Akbalık, o cümlədən xarici qonaqların çıxışlarında toplantının işinə uğurlar arzulayıb, müzakirə olunacaq mövzuların aktuallığını və əhəmiyyətini yüksək dəyərləndiriblər.

Rəsmi açılışdan sonra İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin təqdimatı olub.

Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov iki qurum arasında əməkdaşlığa dair niyyət protokolu imzalayıblar.

Dünənki ikinci panel isə Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiy­yəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına (AİZ) həsr olunub. Ələt Azad İqtisadi Zonasını XXIV Avrasiya İqtisadi Zirvəsində AİZ-in səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov təmsil edir.