Ağalı sakinləri: “Öz yurdumuzda yaşayıb, qurub-yaradacağıq”

İyulun 3-də yerli və xarici media nümayəndələri Qarabağa səfər ediblər. Səfər zamanı media təmsilçiləri Zəngilan rayonunun Ağalı kəndində icra edilən “Ağıllı kənd” layihəsi ilə yaxından tanış olublar.

Həmin kənddən olan məcburi köçkünlər Elvin Əlizadə və Minayə Mahmudova jurnalistlərə müsahibə veriblər.

Elvin Əlizadə Rusiyanın “RBK” televiziyasına müsahibəsi zamanı 28 il məcburi köçkünlük həyatı yaşadığını, doğma Ağalı kəndindən 6 yaşı olarkən erməni silahlıları tərəfindən məcburi şəkildə çıxarıldıqlarını bildirib: “İndi torpaqlarımız işğaldan azad olunub. İnsanın öz doğma yurduna qovuşarkən keçirdiyi hissi sözlə ifadə etmək çətindir. Çox sevinirəm.  Ən çox da ona görə ki, “Ağıllı kənd” layihəsi ilk olaraq bizim kənddə icra olunur”.  RBK televiziyasının müxbirinin “ermənilərlə bundan sonra yenidən birgə yaşaya bilərsinizmi, bir daha bu cür hallar baş verərsə, necə olacaq” sualına Elvin Əlizadə birmənalı şəkildə cavab verib: “Biz onlarla bir yaşayırdıq, ta ki 1990-ci ilə qədər. Onlar bizə qarşı işğalçılıq faktı törədiblər. Ermənilər bizə qarşı soyqırımlar, faciələr törədiblər. Biz onlara heç nə etməmişik. Amma bundan sonra nəsə etməyə cəhd belə edərlərsə, cənab Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” yerindədir. Bunu yaxşı yadda saxlasınlar. Onu da qeyd edim ki, artıq biz öz yurdumuza qayıtmışıq, indən belə burda – vətəndə yaşayıb, qurub yaradacağıq”.

Ağalı kəndindən erməni silahlı birləşmələrinin hücumu nəticəsində çıxmaq məcburiyyətində qalan Minayə Mahmudova el-obasına qovuşmağın sevincini belə ifadə edib: “Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Başda Müzəffər Ali Baş Komandan olmaqla, Allah bütün əsgərlərimizi qorusun. Biz bu gün burda dayanmışıqsa, məhz onların sayəsindədir. Sağ olsun, Ali Baş Komandan bu sevinc hissini bizə yaşatdı. Məcburi köçkün adını üstümüzdən götürdü. Yurd həsrətimizə artıq son qoyuldu. Bundan sonra Ağalı daha gözəl, daha təravətli olacaq”.

Xatırladaq ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri aparılacaq. İlk mərhələdə innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial ob­yektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Orxan ASLAN