“Ermənilərin öz İsa Peyğəmbəri var”

44 günlük Vətən Müharibəsində düşməni məğlubiyyətə uğradan Silahlı Qüvvələrimizin bu ilk bayramı Azərbaycanda yeni qələbələrə köklənən tarixi gün olduğu halda iyun ayının son günləri Ermənistanda yenə də gərgin keçib.

Seçkidə ikinci yeri tutan “Ermənistan” blokunun rəhbəri Robert Koçaryanın iyunun 29-da yenidən Paşinyana və onun komandasına qarşı barışmaz münasibət sərgiləməsi Ermənistanın “Azadlıq” televiziyasında birbaşa yayımlanıb. Koçaryan seçkidə saxtakarlıqlara yol verildiyini yenidən təkrarlamaqla həm də yeni “fakt” aşkarladığını bildirib. O deyib ki, dövlətin seçki kampaniyasının aparılması üçün ayırdığı pullar Paşinyan və onun ətrafındakı məmurlar tərəfindən mənimsənilib. Məlum olduğu kimi, Paşinyan jurnalist fəaliyyəti ilə məşğul olarkən həmişə Koçaryanı talançı, rüşvətxor, korrupsioner, xalqın qanını soran məxluq kimi xarakterizə edib və həm ona, həm də Sarj Sarkisyana qarşı barışmaz mövqedə olduğundan 2007-ci ildə və sonra həbs edilmişdi. Qeyd edək ki, Paşinyanın seçkiyə ayrılan pulları mənimsəməsi barədə Koçaryan və tərəfdarları tərəfindən səslənən fikirlər təkcə Paşinyanın komandası tərəfindən deyil, həm də çoxsaylı seçicilər və ekspertlər tərəfindən rişxəndlə qarşılanıb. Onlar bildirirlər ki, Koçaryan özünə aid olan qanunsuzuluğu, cinayəti Nikolun ünvanına yönəltməklə özünü daha da biabır edib.

Qatı şovinist Jirayr Səfilyanın partiyası seçkidə ən az səs toplasa da o da seçkilərin saxtalaşdırılmasını iddia edir. «Qütbün» liderlərindən olan Ara Papyan isə heç bir sağlam düşüncəyə malik olmadığını öz çıxışında sübut edib. Belə ki, o xəstə təxəyyüllü J.Səfilyanı «erməni xalqının İsius Xristosu” adlandıraraq respublikanın xoşbəxt həyatının məhz onunla bağlı olduğunu vurğulayıb. «Azadlıq TV»-də yayımlanan bu sərsəmləmələr də istifadəçilər tərəfindən müxtəlif etikadan kənar sözlərlə qarşılanıb. Təkcə Azərbaycandan deyil, həm də qonşu Gürcüstandan, Türkiyədən ərazilər qoparıb Ermənistana qatacağını bildirən J.Səfilyanın birinci Qarabağ müharibəsindən sonra bir neçə ay Yerevandakı psixoloji disponserdə müalicə olunması da sözügedən rəylər sırasındadır.

«Joğovurt» qəzeti 29 iyun tarixli sayında göstərir ki, N.Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasında rəhbər vəzifələr tam tutulub və burada adı olmayanlar hökumətdə vəzifələrə təyin olunacaqlar. «Fakt» qəzeti isə Paşinyana müraciət edərək Ruben Rubinyanın daxili işlər naziri təyin olunmasının vacibliyini bildirir. Qəzet vurğulayır ki, R.Rubinyan ölkədə rüşvətxorluq və korrupsiyanın qarşısını tam almağa qadir olan şəxsdir. Qəzet özünün başqa bir məqaləsində isə göstərir ki, 40-a yaxın erməni vəkil Azərbaycana gedib orada ittiham olunan «əsirlər»in müdafiəsi ilə məşğul olmaq istəyir. Amma əks tərəf bununla razı deyil. Qəzetin bu fikri də sərsəmləmə olmaqla yanaşı, həm də istehza doğurur. Axı, Azərbaycan həmin terrorçuları pulsuz vəkil və tərcüməçi ilə təmin edib.

«Joğovurt», «Hrapark» və s. qəzetlərdə ABŞ prezidenti Con Baydenin Paşinyanı qələbə münasibətilə təbrik etməsi və Ermənistanda ilk dəfə demokratik seçkilər keçirilməsini bildirməsi barədə də yazılar dərc olunub. Həmin fikirlərə sosial şəbəkələrdə yazılan rəylər müxtəlifdir. “Atomatom” imzalı internet istifadəçisi yazır ki, «Ermə­nis­tan Rusiyanın nökəri olmaqdan əlçəkib ABŞ-la münasibətləri daha da genişləndirməli və gərəkdirsə onun ştatlarından birinə çevrilməlidir».

«Armen press»in 30 iyun tarixli buraxılışındakı xəbərlər «Ermənistan-İran biznes forumu keçirilib» başlıqlı yazı ilə açılır. Göstərilir ki, iyunun 29-da İrəvanda Ermənistanla İranın birgə biznes formu keçirilib və burada İranın 25-dən çox şirkəti iştirak edib. İranın ən böyük şirkətlərindən birinin prezidenti olan Məsud Həsəni bildirib ki, Ermənistanla İran dost və qonşu ölkələrdir. Ticari, iqtisadi və s. əlaqələr qənaətbəxş səviyyədədir. Ancaq bununla kifayətlənmək olmaz və bütün sahələrdəki əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaqla dünya bazarında lazımi yer tutmaq olar. İranla Ermənistanın münasibətləri erməni internet istifadəçilərinin demək olar ki, hamısının müsbət rəyləri ilə qarşılanıb. Hətta bəzi internet istifadəçiləri İranı Ermənistanın əbədi dostu və hərbi tərəfdaşı adlandırır.

«Azadlıq» radiosunun erməni xidmətinin inyunun 30-na olan məlumatına görə, həmin gün «Mənim addımım» fraksiyasının təşəbbüsü ilə yeni seçilmiş Ermənistan Milli Məclisinin növbədənkənar İclası keçirilib. İclasda 18 məsələyə münasibət bildirilib. AntiAzərbaycan mövqeyi ilə tanınan AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Naira Zöhrabyan çıxışı zamanı bildirib ki, Strasburqda Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovla görüşərək erməni «əsirlər» barədə söhbət edib. S.Seyidov bildirib ki, onlar hərbi əsir yox, terrorçudurlar. Səməd Seyidovla söhbətindən sonra daha da quduzlaşan Naira Zöhrabyan Ermənistan parlamentinin bu iclasında da Azərbaycanın əleyhinə kəskin ifadələr işlədərək deyib: «Bütün siyasi qüvvələr incikliyi bir yana qoyaraq birləşməli və Azərbaycana qarşı sanksiyalar tətbiq olunması üçün AŞPA-ya, bütün beynəlxalq təşkilatlara müraciət etməlidirlər». O yenidən Strasburqda olacağını və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün müraciət edəcəyini xüsusi vurğulayıb.

«Hraparak» qəzetinin yazdığına görə, Naira Zöhrabyan deputat olmamışdan qabaq 9 il Paşinyana mənsub «Haykakan Jamanak» qəzetində işləyib. O, indi özünə media holdinq yaratmaq fikrindədir. N.Zöhrabyanın yaradacağı media holdinqin maliyyə dəstəkçisinin kim olacağı isə sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Onun bu işə nail olub-olmayacağı hələ məlum deyil. Ancaq N.Zöhrabyanın yenə də Azərbaycan əleyhinə böhtanlar yağdıracağına şübhə yoxdur. 

Nəsib QARAMANLI