Qalib ölkənin vətəndaşları olmaq bizim üçün böyük fəxrdir

Torpaqlarımızın işğaldan azad olunması və həmin ərazilərdə bərpa-quruculuq işlərinə başlanması, Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi, şəhid ailələrinə dövlət qayğısının daha artırılması Qarabağın müxtəlif guşələrindən olan vətəndaşlarda xüsusi razılıq hissi doğurur. Onlar Prezident, Müzəffər Ali Baş Komandana səmimi-qəlbdən təşəkkür edir, doğma yurdun dirçəlişi naminə fədakar fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulayırlar. President.az internet səhifəsinə istinadən həmin məktublardan bir neçəsini dərc edirik. 

Bakıda məskunlaşmış Füzuli şəhər sakini Fəqanə Albəndzadə: “Hörmətli cənab Prezident. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin Şuşa şəhərindən başlanması, qardaş ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması bütün dünyanın diqqətini mədəniyyət paytaxtımıza yönəltdi. Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını sübut edən bu sənədin imzalanması düşmənə əsl gözdağı oldu.

Əziz Prezidentimiz, bu tarixi anları bizə yaşatdığınıza görə Sizə minnətdarıq. İnanırıq ki, işğaldan azad edilmiş doğma Qarabağımızda belə qürurverici tədbirlər tez-tez keçiriləcək. Qalib ölkənin qalib vətəndaşları olmaq bizim üçün böyük fəxrdir.

Ulu Tanrı Sizi və ailənizi qorusun!”

Füzuli rayonunun Dövlətyarlı kəndindən məcburi köçkün Fərqanə Əsədova: “Hörmətli cənab Prezident. Azərbaycan xalqı tarixən keşməkeşli, əzablı, şanlı mübarizə yolu keçmişdir. Bu haqlı mübarizədən daima üzüağ çıxmışdır. Xalqımız həmişə onu sevən, qoruyan igid oğullarına güvənib.

Cənab Prezident, bu gün bu xalqı qorumaq, onu yaşatmaq, zirvələrə qaldırmaq missiyasını Siz həyata keçirirsiniz və bunun öhdəsindən layiqincə gəlirsiniz. Sizin Türkiyə ilə dostluğunuz, qardaşlığınız və müttəfiqlik siyasətiniz bizim gücümüzü daha da artırır. Bu uğurlu siyasətə görə Sizə təşəkkür edir, işlərinizdə daha da böyük uğurlar arzulayırıq!”

Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin Ağdam filialının sədri Rafayıl Zeynalov: “Cənab Prezident. Vətən müharibəsində Sizin Ali Baş Komandanlığınızla tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfər qazandıq. Doğma torpaqlarımızı işğaldan azad edərək illərdir həsrətlə gözlədiyimiz günləri bizə yaşatdınız. Biz özümüzü xoşbəxt xalqın nümayəndələri hesab edirik. Çünki Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var.

Hörmətli Prezident, Siz şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına həmişə yüksək diqqət və qayğı göstərirsiniz. Sizə minnətdarıq. Biz Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.

Əziz Prezidentimiz, işğaldan azad edilmiş torpaqlarımızda dərhal bərpa və yenidənqurma işlərinə başlanılması bizim sevincimizə sevinc qatdı. Siz erməni təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə soydaşımızın dədə-baba yurdlarına qayıdıb orada yaşamaq arzusunu reallaşdırırsınız. Bundan böyük xoşbəxtlik ola bilməz.

Müzəffər Ali Baş Komandan, Sizə bir daha təşəkkürümüzü bildirir, yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və ailənizi qorusun!”

Ağdam rayonu, Quzanlı qəsəbəsindən şəhid anası Ziyafət Fərzəliyeva: “Möhtərəm cənab Prezident. Mənim oğlum 44 günlük Vətən müharibəsində şücaət göstərmiş, qəhrəmancasına şəhid olmuşdur. Oğul itkisinə üzülsək də, torpaqlarımızın azadlığına sevinir, təsəlli tapırıq. Torpaqlarımız məhz Sizin qətiyyətiniz, şanlı Ordumuzun igidliyi və şəhidlərimizin qanı hesabına işğaldan azad olundu.

Biz şəhid anaları bu gün dövlətimizin diqqəti, qayğısı ilə əhatə olunmuşuq. Siz həmişə mənəvi cəhətdən bizim yanımızda olmusunuz, problemlərimizin həllinə kömək göstərmisiniz, dərdimizi öz dərdiniz bilmisiniz.

Allah Sizə uzun ömür versin, cənab Prezident!”

Füzuli rayonu, Qayıdış-7 qəsəbəsindən Məhərrəm Orucov: “Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan. Sizin Azərbaycan xalqı üçün həm siyasi, həm də hərbi sahədə gördüyünüz işlər əvəzsizdir. Vaxtilə işğal altındakı torpaqlarımıza həsrətlə baxırdıq. Sizin və Azərbaycan əsgərinin rəşadəti və cəsarəti nəticəsində çəkdiyimiz acıya son qoyuldu.

Siz mütəmadi olaraq işğaldan azad edilmiş torpaqlarımıza gedərək orada görülən işlərlə şəxsən maraqlanır və xalqımız üçün çox əhəmiyyətli tədbirlər görürsünüz.

Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılamağınız, ona və ailə üzvlərinə erməni qəsbkarlarının işğal etdikləri yerləri necə viran qoyduqlarını göstərməyiniz, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzalamağınız hamı kimi, məni də çox sevindirdi.

Bu qürurverici anları bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Ağcabədidə müvəqqəti məskunlaşmış Laçın rayon sakini Məhəmməd Şahbazov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan! Hər birimiz bayram əhval-ruhiyyəsi ilə yaşayırıq. Sizin cəsarətli sərkərdəlik bacarığınız və mahir diplomatik qabiliyyətiniz sayəsində rəşadətli Ordumuz cəmi 44 gün ərzində erməni qəsbkarlarını məğlub edərək, işğal altındakı torpaqlarımızı azad etmiş, Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa şəhərində üçrəngli bayrağımız ucaldılmış, bir sözlə xalqımız möhtəşəm Zəfər qazanmışdır.

Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə başlanmış bərpa və quruculuq işləri, Şuşa şəhərində bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi hər birimizi ürəkdən sevindirir, qürurlandırır.

Xalqımıza yaşatdığınız bu sevincli anlara görə Sizə şəxsən öz adımdan və ailəm adından dərin təşəkkürümü və minnətdarlığımı bildirir, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Füzuli rayonu, Yuxarı Aybasanlı kənd sakini İlknur Səmədov: “Hörmətli Prezident, Müzəf­fər Ali Baş Komandan! İyunun 26-sı şanlı Ordumuzun günüdür. Ordumuzun qazandığı nailiyyətlərdə Sizin əməyiniz danılmazdır.

Qələbənin qazanılmasında pay sahibi olan şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Qazilərmizə şəfa diləyir, müzəffər Ordumuzun şəxsi heyətinə cansağlığı arzu edirəm. Qarabağı­mızın geri qaytarılması Azərbay­canımız üçün çox böyük uğur oldu. Mən də bir qarabağlı olaraq bu Qələbə gününü çoxdan gözləyirdim. Nəhayət, biz buna Sizin və rəşadətli Ordumuzun sayəsində nail olduq. Əminəm ki, biz tezliklə öz doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Ümid edirəm ki, Sizin sayənizdə fəaliyyətimi tezliklə doğma Füzuli torpağında davam etdirəcəyəm”.